“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”
Müsahibimiz, milət vəkili Cavanşir Feyziyevlə Fransa-Azərbaycan münasibətləri, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı Azərbaycan və Rusiya rəhbərlərinin birgə qəbul etdiyi qərar ətrafında danışdıq.
- Cavanşir müəllim, Fransa Azərbaycandakı səfirini geri çağırdı, bu onun Azərbaycanla diplomatik əlaqələri kəsmək niyyətindən xəbər verir, yoxsa sadəcə Makron hakimiyyəti siyasi şou göstərir? Ümumiyyətlə, bu məsələni necə qiymətləndirirsiniz?
- Səfirin məsləhətləşmə üçün geri çağırılması bütün dövlətlərin xarici siyasət təcrübəsində bir sıra hallarda istifadə olunan diplomatik jestdir. Bu heç də diplomatik əlaqələrin kəsilməsi demək deyil. Daha çox səfirin yerləşdiyi ölkənin atdığı hansısa addıma qarşı narazılığın publik şəkildə diplomatik ifadəsidir. Nəinki diplomatik, ümumiyyətlə heç bir əlaqələrin kəsilməsindən söhbət getmir. Fransa və Azərbaycan arasında iqtisadi-ticari sahədə qüvvədə olan bütün razılaşmalar və müqavilələr yerinə yetirilir.
- Hələ 2022-ci ildə Azərbaycan rəsmən bəyan etdi ki, Fransa heç zaman Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçi ola bilməz. Çünki Fransa qərəzli və ədalətsiz mövqe tutur, tərəf kimi çıxış edir. Son proseslər Azərbaycanın haqlı olduğunu göstərmədimi, subut etmədimi?
- Emanuel Makronun hakimiyyətə gəlişinə qədər Fransa siyasi hakimiyyəti Cənubi Qafqaz bölgəsinə münasibətdə balanslı yanaşma nümayiş etdirməyə çalışırdı. Ermənistana verdiyi dəstək daha çox mənəvi-siyasi mahiyyət daşıyırdı və bunu büruzə verməməyə çalışırdı. Makron beynəlxalq siyasətdə yeni sima olaraq, bəzi diplomatik incəlikləri bilmədiyindən Fransanın həmişə arxa planda apardığı siyasəti qeyri-peşəkarcasına aşkarladı. Bu ilk növbədə Fransanın nüfuzuna xələl gətirdi. Eyni zamanda Minsk Qrupunun da fəaliyyətinə son qoyulması üçün şərait yaratdı. Müasir beynəlxalq siyasətin ən mahir bilicisi, Azərbaycan Prezidenti İlham Əliyev Makronun atdığı səhv addımlardan istifadə edərək hadisələri ölkəmizin mənafeyi üçün ən əlverişli məcraya yönəltdi. Nəticə isə göz qabağındadır. Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır.
Ümumiyyətlə, Fransada Emmanuel Makronun hakimiyyətə gəlişindən başlayaraq Fransanın həm xarici, həm də daxili siyasətində deqradasiya meylləri açıq görünməkdədir. 2020-ci ilin Vətən müharibəsi zamanı və ondan sonrakı illərdə Makron höküməti Cənubi Qafqaz siyasətində birmənalı olaraq Azərbaycanı hədəfə alıb və ölkəmizə qarşı mümkün ola biləcək bütün düşmənçilik addımlarını atıb.
Lakin Fransa hökumətinin və parlamentinin bütün səyləri iflasa uğrayıb.
- Bir müddət əvvəl parlamentdə müxtəlif sahələr üzrə Fransa ilə münasibətlərə yenidən baxılması ilə bağlı bir sənəd qəbul edildi. Bu sənəddə əks olunan məsələlər işə düşə bilərmi? Söhbət Fransa şirkətlərindən və sairdən gedir, Fransa ədalətsiz və düşmən mövqeyindən əl çəkməsə o şirkətlər çıxarıla bilərmi ölkədən?
- Bəli, Milli Məclis Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələrdən sonra Azərbaycan hökümətinə Fransa ilə əlaqələrimizə yenidən baxılmasını və iqtisadi-ticari əməkdaşlıq sahəsində müəyyən məhdudiyyətlərin tətbiq olunmasını təklif edib. Azərbaycan hökuməti bu təklifləri dəyərləndirərək, istənilən uyğun hesab ediləcək vaxtda həmin addımları ata bilər.
- Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməsi ilə bağlı qərar çoxları üçün gözlənilməz oldu. Hətta radikal müxalifət iddia edirdi ki, sülhməramlılar heç zaman Qarabağdan çıxmayacaq. Amma onların gözləntiləri özünü doğrultmadı. Bu barədə sizin fikriniz necədir?
- Bu barədə bizim baxışlarımız həmişə fərqli olub. Biz həmişə o fikirdə olmuşuq ki, 2020-ci ildə Rusiya sülhməramlı qüvvələrinin Qarabağ ərazisinə gəlişi həmin tarixi zamanda bizim milli maraqlarımıza uyğun idi. Biz həmişə demişik ki, Rüsiya sülhməramlı qüvvələri lazım olan zamanda Azərbaycanın ilk tələbi ilə ölkəni tərk edəcək bu belə də baş verdi. Radikal müxalifət adlandırdığınız qruplar da gördülər ki, onlar siyasətlə yox, siyasətdən uzaq demaqogiya ilə məşğuldurlar.
- Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxması Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə necə təsir edə bilər?
- Sülhməramlı qüvvələrin ərazidə olub-olmamasından asılı olmayaraq, Azərbaycan- Ermənistan danışıqları Azərbaycan dövlətinin müəyyən etdiyi reqlamentə uyğun aparılır. Azərbaycan bu danışıqların ikitərəfli əsasda aparılmasının tərəfdarıdır və Ermənistanın da bu prinsipi qəbul etməkdən başqa yolu yoxdur. Təcrübə göstərir ki, birbaşa dialoq daha tez sülhə nail olmaq imkanı yaradır. Buna baxmayaraq, Azərbaycan bölgəmizlə bağlı müxtəlif məsələləri, o cümlədən daha geniş miqyasda bölgəsəl əməkdaşlıq məsələlərini müxtəlif platformalarda da apara bilər.
- Rus sülhməramlılarının gedişindən sonra Ermənistan-Azərbaycan sülh danışıqları prosesində nə kimi yeniliklər gözlənilir?
- Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq və Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirəcək. Yalnız bundan sonra bölgədə sülh və əməkdaşlıq mühiti geri dönməz xarakter alacaq.