YAP milli maraqlara xidmət edən fəaliyyəti ilə xalqın etimadını qazanıb

Müsahibimiz Milli Məclisin deputatı Məşhur Məmmədov

- Ölkəmizin siyasi arenasında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü müasir dövrümüzün ən əlamətdar hadisələrindən biri hesab olunur. Partiyanın yaranma tarixini necə xarakterizə edərdiniz?

- Müstəqilliyin ilk illərində Azərbaycan xalqı milli dövlətçilik tariximizin ən ağır və taleyüklü mərhələsini yaşayırdı. 1991–1993-cü illərdə ölkədə siyasi hakimiyyət böhranı, dövlət idarəçiliyində xaos, iqtisadi tənəzzül və ciddi sosial gərginlik hökm sürürdü. Hakimiyyət dəyişiklikləri ardıcıllıqla baş verir, silahlı qruplaşmalar arasında qarşıdurmalar dərinləşirdi. O dövrdə, həmçinin Ermənistanın intensiv hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edirdi.

Belə bir şəraitdə tanınmış ziyalılar çıxış yolunu məhz böyük siyasi təcrübəyə malik olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. 1992-ci il oktyabrın 16-də məşhur “91-lər”in Ümummilli Liderə müraciəti tarixi zərurətin təzahürü idi. Bu müraciət yalnız siyasi tələb deyil, həm də dövlətçiliyin xilası naminə atılmış addım idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi ölkənin siyasi sistemində yeni mərhələnin başlanğıcı oldu. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi, partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu.

Ümummilli Lider Heydər Əliyevin “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur” fikri həmin dövrün real siyasi vəziyyətini əks etdirirdi. YAP-ın yaranması yeni bir siyasi gücün formalaşması naminə tarixi missiya idi. Partiya qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirdi, milli həmrəyliyin bərpasına şərait yaratdı. Bu amillər, həmçinin ölkənin gələcək siyasi sabitliyinin, idarəetmə mədəniyyətinin və strateji inkişaf modelinin formalaşmasına təkan verdi.

- Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə ictimai-siyasi sabitlik bərpa edilib, uzunmüddətli strateji hədəflərin reallaşması, dayanıqlı inkişafın təmin edilməsi üçün möhkəm təməl yaradılıb. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, milli maraqlara əsaslanan siyasət ölkəmizin tərəqqisinə misilsiz töhfələr verib.

- YAP-ın təsis olunmasından sonra partiya cəmiyyətdə qısa müddətdə güclü dəstək qazandı. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin ictimai-siyasi sabitliyi baxımından dönüş nöqtəsi oldu. Ümummilli Lider dərhal strateji qərarlar qəbul edərək dövlət idarəçiliyini bərpa etdi, qanunvericilik bazasının möhkəmləndirilməsi fonunda hüquqi dövlət prinsiplərinin təməlini qoydu.

Həmin dövrdə Ulu Öndər Heydər Əliyev iqtisadi sahədə də mühüm islahatlara başladı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” neft sazişi çərçivəsində Azərbaycan beynəlxalq enerji bazarında strateji tərəfdaş olaraq öz mövqeyini gücləndirdi. Bu saziş ölkənin iqtisadiyyatını şaxələndirdi, enerji sektorunu inkişaf etdirdi və xarici investisiyaların cəlb olunmasına zəmin yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihələndirilməsi üzrə ilkin danışıqlar başlandı ki, bu da Azərbaycanın enerji təhlükəsizliyi və regional strateji mövqeyi üçün həyati əhəmiyyət daşıyırdı. Dövlət büdcəsinin sabitləşdirilməsi, sosial təminat sisteminin yaradılması, bank sektorunun formalaşdırılması və xarici iqtisadi əlaqələrin genişləndirilməsi də Ümummilli Liderin iqtisadi siyasətinin əsas prioritetləri idi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, həmçinin təhsil, mədəniyyət və elm sahəsində ciddi addımlar atılmışdır. Təhsil sisteminin yenidən qurulması, ali məktəblərin fəaliyyətinin modernləşdirilməsi və elmi-tədqiqat müəssisələrinin dəstəklənməsi ilə Azərbaycan cəmiyyətinin intelektual potensialı artırılmışdır. Eyni zamanda, Ümummilli Lider səhiyyə sisteminin modernləşdirilməsini və əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığının təmin edilməsini prioritet məsələ hesab etmişdir.

Bu dövrdə müasir idarəetmə strukturlarının formalaşdırılması və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Xalq-iqtidar-ordu birliyinin möhkəmləndirilməsi və yeni strateji hədəflərin müəyyənləşdirilməsi ümumi inkişaf xəttinin əsasını təşkil etmişdir. Həmçinin, sosial-iqtisadi sahələrdə balanslı siyasət ölkənin dayanıqlı sabitliyini təmin edən mühüm amillərdən biri olmuşdur. Bütün bu addımlar gələcək mərhələlər üçün möhkəm təməl yaratmaqla dövlətçilik ənənələrinin inkişafına töhfə vermişdir.

1995-ci il noyabrın 12-də Ümummilli Liderin təşəbbüsü ilə ümumxalq səsverməsi (referndum) nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi demokratik ənənələrin inkişafı istiqamətində atılmış mütərəqqi addımmlardan hesab olunur. Bu tədbirlər ölkəmizin uzunmüddətli inkişaf modelini müəyyən edərək dövlətçiliyin qorunmasına töhfə verdi.

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirərək ölkədə idarəetmənin modernləşdirilməsi, sosial-iqtisadi islahatların dərinləşdirilməsi və ictimai-siyasi sabitliyin qorunması istiqamətində mühüm addımlar atdı. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçildi. Praqmatik siyasəti nəticəsində YAP-ın strateji fəaliyyətinin davamlılığını təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya ölkənin siyasi sistemində aparıcı qüvvə kimi fəaliyyətini uğurla davam etdirdi.

Ölkəmizdə qanunvericilik bazasının gücləndirilməsi, hüququn aliliyi prinsiplərinin tətbiqi və dövlət idarəçiliyinin effektivliyinin artırılması əsas prioritetlərdən oldu. Praqmatik siyasət ölkənin dayanıqlı maliyyə nizamını və uzunmüddətli strateji hədəflərə uyğun olaraq modern iqtisadi modelin qurulmasını təmin etmişdir. Ötən dövrdə regionların sosial-iqtisadi inkişaf proqramları icra edildi, bu layihələr çərçivəsində yollar, körpülər, məktəblər, səhiyyə müəssisələri tikildi və kənd təsərrüfatına dövlət dəstəyi gücləndirildi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi, TANAP və TAP layihəsinin istifadəyə verilməsi və enerji sektorunun şaxələndirilməsi ölkənin iqtisadi müstəqilliyini və regional mövqeyini gücləndirdi. Bu layihələr Azərbaycanın enerji diplomatiyasında öncül mövqe tutmasına və xarici investisiyaların cəlb olunmasına imkan yaratdı.

Prezident İlham Əliyev xarici siyasətdə də milli maraqlara əsaslanan yanaşma nümayiş etdirdi. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, strateji tərəfdaşlıq əlaqələri və ölkənin regional geosiyasi mövqeyi gücləndirildi. Eyni zamanda, dövlətin hüquqi islahatları və idarəetmənin şəffaflığı sahəsində addımlar atıldı ki, bu da dövlət idarəçiliyinin effektivliyini və cəmiyyətin dövlətə inamını daha da artırdı.

Sosial-iqtisadi layihələrin uğurla icrası əhalinin rifahının yüksəlməsinə, ölkəmizin sabit və dayanıqlı inkişafının təmin edilməsinə mühüm töhfə verdi. Ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti dövlətin qlobal arenada mövqeyinin daha da güclənməsinə və qlobal müstəvidə etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratdı. Prezident İlham Əliyev milli maraqlara əsaslanan siyasəti, praqmatik yanaşmaları və ardıcıl islahatları ilə Azərbaycanın siyasi sabitliyini qorudu, iqtisadiyyatını inkişaf etdirdi və demokratik prinsiplərin möhkəmlənməsinə şərait yaratdı. Onun rəhbərliyi dövründə həyata keçirilən layihələr və aparılan islahatlar yalnız bugünkü uğurların təminatı deyil, həm də ölkənin gələcək inkişaf perspektivlərinin möhkəm təməlini təşkil edir.

- Regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası qələbələr, zəfərlər partiyası kimi böyük nüfuz qazanmışdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 illiyini sevinc və fəxarət hissi ilə qeyd etdiyimiz tarixi Zəfər fonunda yeni reallıqlar yaranmışdır.

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə modern inkişaf mərhələsinə qədəm qoyub. Ötən dövrdə YAP zəfərlər partiyası kimi öz siyasi nüfuzunu daha da artıraraq iştirak etdiyi bütün seçkilərdə inamlı qələbə qazanıb. Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı Tarixi Zəfər regionda yeni siyasi reallıqlar yaradıb, ölkə üçün strateji prioritetlərin daha geniş şəkildə müəyyənləşdirilməsini zəruri edib. Bu yeni çağırışlar fonunda 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı partiyanın təşkilati, ideoloji və strateji xəttinin yenilənməsində xüsusi rol oynayıb. Qurultayda YAP-ın yeni Proqramı və Nizamnaməsi qəbul olundu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi.

2023-cü ilin 19-20 sentyabr tarixlərində baş vermiş lokal xarakterli antiterror tədbirləri müasir tariximizin ən əhəmiyyətli dönəmlərindən biri kimi yadda qalıb. Bu əməliyyat nəticəsində Azərbaycan Respublikasının suverenliyi təmin edildi, işğaldan azad edilmiş ərazilərimizdə separatizmə son qoyuldu. Beləliklə, üçrəngli bayrağımız ölkəmizin bütün ərazilərində əzəmətlə dalğalanır. Bu əlamətdar hadisə xalq-iqtidar-ordu birliyinin növbəti təzahürünə çevrildi.

2024-cü ildə ölkəmizdə keçirilən prezident və parlament, 2025-ci ildə bələdiyyə seçkilərində əldə olunmuş qələbələr YAP-ın cəmiyyətdəki mövqeyini bir daha təsdiqləmişdir. Bu tarixi zəfərlər kontekstində partiyaya xalqın dəstəyi daha da güclənmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Bu gün YAP beynəlxalq aləmdə də nüfuzlu siyasi təşkilatdır, dünyanın aparıcı partiyaları ilə əməkdaşlıq edir və ölkənin strateji maraqlarının qorunmasına töhfə verir.