“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycan üçün hər zaman prioritetdir. Bu məsələ Azərbaycana regionda sülhün təmin edilməsi qədər önəmlidir”. Bu fikirləri "Sabahinfo.az"a Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib.
Fuad Hüseynzadə deyib ki, lakin Azərbaycan Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyi məsələsini Ermənistan və ya digər hər hansı vasitəçi ölkə ilə aparmaq istəmir: “Prezident İlham Əliyev fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışında “Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır” deməklə, bir daha bu məsələdə Ermənistanı kənarda qoyaraq, qəti mövqeyini bildirib. Buna görə Azərbaycan Qarabağdakı erməni vətəndaşlarına hər bir formada yardım göstərməyə hazırdır. Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilməsi də məhz bu zərurətdən yaranıb. Bununla Azərbaycan Qarabağdakı öz erməni sakinlərinə sahib çıxdığını göstərir. Ermənistan isə “Qarabağ erməniləri” faktorundan hər zaman siyasi məqsədlər naminə istifadə edir. Onların hüquq və təhlükəsizliyinin təmin edilməsi, iqtisadi durumu Ermənistan üçün heç zaman maraqlı olmayıb”.