Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı yeni mərhələdə

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.

İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi vurğulanmalıdır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri zamanı martın 11-də on adda Azərbaycan-Qazaxıstan sənədləri imzalandı ki, bu da ölkələrimiz arasında geniş hüquq-müqavilə bazasının formalaşdığının göstəricisidir.

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət çəkdi. Ölkə başçsı qeyd etdi ki, qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb, hər iki ölkədə dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib.

Ölkələrimiz arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər ölkəmizin sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri