Azərbaycan–Qazaxıstan münasibətlərinin dərin tarixi kökləri vardır. Ölkələrimizin keçdiyi tarixi inkişaf mərhələləri, müstəqillik yolu, bir sözlə taleyi bir-birinə çox oxşardır. Hazırda strateji tərəfdaşlıq münasibətləri əsasında inkişaf edən əlaqələrimiz Xəzər hövzəsi regionu, Orta Asiya–Cənubi Qafqaz və Türk Dövlətləri Təşkilatı coğrafiyasında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarır. Orta Dəhliz layihəsinin inkişafında xüsusi rola malik olan Astana-Bakı əməkdaşlığı hər iki ölkənin məxsus olduğu zəngin enerji daşıyıcılarının idarə olunmasına müsbət təsir göstərir.
Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə martın 11-də keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında birgə əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olundu. Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimində və dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarında bir çox mühüm yeniliklər ictimaiyyətə açıqlandı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
O, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə edilən razılıqların uğurla həyata keçirilməsini ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisi hesab edib: “Prezident İlham Əliyev mətbuata açıqlamasında ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıdığını vurğuladı. Ölkə rəhbəri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu söylədi. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün imkanlar mövcuddur. Prezidentlərin birgə bəyanatında qeyd olundu ki, Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni inkişaf mərhələsindədir. Bu mərhələnin əsası Prezident Kasım-Jomart Tokayevin 2022-ci ildə Azərbaycana rəsmi səfərinin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” qəbul edilməklə qoyulub. Hazırda siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə birgə layihələr işlənilib hazırlanır. Bakıda Azərbaycanla Qazaxıstan arasında imzalanan sənədlərdən də görünür ki, iki ölkənin gələcəklə bağlı çox aydın planları var”.
Deputat qeyd edib ki, ötən 1 il 6 ay ərzində Azərbaycanla Qazaxıstan arasında 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Nəticədə 2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) yüksəlib. Təkcə keçən il ərzində ticarət dövriyyəsinin həcmi 314 milyon təşkil edib. İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb. Ümumiyyətlə, 2005–2023-cü illər ərzində qarşılıqlı investisiya qoyuluşunda da artım müşahidə edilib. Bu dövrdə Qazaxıstanda qeydə alınan 1065 Azərbaycan şirkətinin yatırdığı sərmayənin həcmi 381 milyon dollar olub. Azərbaycanda isə qeydə alınan 150 Qazaxıstan şirkətinin qoyduğu investisiyanın həcmi isə 117 milyon dollara yüksəlib.
Azərbaycan–Qazaxıstan qarşılıqlı yükdaşımaları da son 3 ildə 5 dəfə artıb. Beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın bu il martın 6-da keçirilən növbəti iclasında 2023-cü il üzrə daşımaların davamlılığının təmin edilməsi məqsədilə “İcazə” blanklarının əlavə mübadiləsi və 2024-cü il üçün ölkələrimiz arasında “İcazə” blanklarının ilkin kvotası razılaşdırılıb. Orta Dəhlizin davamlı inkişafının təmin olunması üçün Çindən göndərilən tranzit yüklərin hər iki ölkə daşıyıcıları tərəfindən daşınması üçün təşkilati işlərin görülməsi barədə razılıq əldə edilib. Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlığın qurulması, qazax şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştiraklarına əlverişli imkan yaradılması əməkdaşlığımızı daha da gücləndirib. Füzulidə 600 şagird yerlik Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşası, həmçinin xəstəxananın tikintisinin planlaşdırılması iki türk dövlətinin bir-birinə maddi və mənəvi dəstəyi kimi qəbul oluna bilər.
Cəbi Quliyevin sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, habelə Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünün reallaşdırılması münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Ölkələrimiz Türk Dövlətləri Təşkilatının (TDT) təsis olunmasında, təşkilatlanmasında fəal iştirak edir. Qurumun yaradılmasına dair Qazaxıstan tərəfindən irəli sürülən təşəbbüs Azərbaycanda müqavilənin imzalanması ilə reallaşdı. Ötən 15 il ərzində görülən məqsədyönlü işlərin nəticəsində TDT beynəlxalq arenada nüfuzlu güc mərkəzinə çevrilib