Ölkəmiz Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Ölkəmizi Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan və Qırğızıstan arasında bir çox sahədə fəal əməkdaşlıq mövcuddur. Bunun üçün möhkəm qanunvericilik bazasını yaradılır.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə aprelin 24-də rəsmi səfəri zamanı 13 adda Azərbaycan-Qırğızıstan sənədləri imzalandı. İmzalanan sənədlərdən biri Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”dur ki, ölkələrimiz arasında mövcud sahədə əməkdaşlığın əsasını təşkil edəcək. Azərbaycan və Qırğızıstan arasında energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev də qeyd etdi ki, Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Ölkələrimiz arasında iqtisadi-ticari sahədə də fəal əməkdaşlıq mövcuddur və ticarət dövriyyəsi davamlı olaraq artmaqdadır.
Tarixi mədəni əlaqələr də ölkələrimiz arasında münasibətləri gücləndirir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə aprelin 24-də rəsmi səfəri zamanı qırğız yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı böyük mədəni hadisədir. Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev xatırlatdı ki, Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Çingiz Aytmatov münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri