Azərbaycan-Qırğızıstan münasibətləri: tarixi dostluqdan strateji müttəfiqliyə

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə, xüsusilə regionun türkdilli dövlətləri ilə əlaqələrin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, həmin ölkələrin liderlərinin isə Azərbaycana səfərlərinin intensivləşməsi qarşılıqlı münasibətlərə yeni dinamika gətirib. Dövlət başçıları səviyyəsində aparılan müntəzəm dialoq siyasi əlaqələrin möhkəmlənməsi ilə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradıb.

Azərbaycanın Mərkəzi Asiyadakı yaxın tərəfdaşlarından biri də Qırğızıstandır. Azərbaycan və qırğız xalqlarını birləşdirən tarixi bağlar, ortaq dil və mədəniyyət, milli-mənəvi dəyərlər iki ölkə arasındakı münasibətlər üçün möhkəm zəmin yaradıb. Bu ənənəvi dostluq bu gün dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə yeni məzmun qazanır.

Azərbaycan - Qırğızıstan dövlətlərarası münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvarında yaradılıb. Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşündə və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qırğızıstana səfər edib. Bu səfər iki ölkə arasında siyasi dialoqun inkişafında mühüm mərhələ olub.

Sonrakı illərdə diplomatik əlaqələrin institusional bazası da gücləndirilib. Azərbaycanın Qırğızıstandakı səfirliyi 1996-cı ilin ortalarında, Qırğızıstanın Azərbaycandakı səfirliyi isə 1998-ci ilin mayında fəaliyyətə başlayıb. Dövlət başçılarının qarşılıqlı səfərləri isə münasibətlərin inkişafında əsas hərəkətverici qüvvələrdən birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan əlaqələri daha intensiv xarakter alaraq yeni inkişaf mərhələsinə daxil olub. Siyasi dialoqun genişlənməsi iqtisadi və investisiya əməkdaşlığının dərinləşməsi, humanitar əlaqələrin möhkəmlənməsi və Türk dünyası çərçivəsində birgə fəaliyyətin güclənməsi ilə müşayiət olunub.

Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfəri də məhz bu prosesin məntiqi davamı kimi qiymətləndirilə bilər. Çolpon-Atada keçirilən görüşlər və aparılan danışıqlar, imzalanan sənədlər və qəbul edilən qərarlar iki ölkə arasında münasibətlərin yeni siyasi mərhələyə yüksəldiyini nümayiş etdirib. Səfərin yekununda qəbul olunan Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müttəfiqlik anlayışı yalnız yüksək səviyyəli siyasi münasibətləri ifadə etmir. Bu status dövlətlər qarşısında qarşılıqlı dəstək, etimad və məsuliyyət baxımından daha geniş öhdəliklər yaradır. Azərbaycan və Qırğızıstanın beynəlxalq təşkilatlarda bir-birinin təşəbbüslərinə dəstək verməsi, regional və qlobal məsələlərdə yaxın mövqelər nümayiş etdirməsi, təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı genişləndirməsi bu müttəfiqliyin praktiki məzmununu formalaşdırır.

Bu baxımdan Çolpon-Atada aparılan danışıqları yalnız ikitərəfli münasibətlərin cari gündəliyi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Görüşlər iki ölkənin qarşıdakı illər üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirən mühüm siyasi platforma təsiri bağışlayır. Burada əsas məqsəd mövcud əlaqələri qorumaqla kifayətlənməyərək onları daha uzunmüddətli və nəticəyönümlü tərəfdaşlıq modelinə çevirməkdir.

Səfərin diqqət çəkən iqtisadi nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə qərarın qəbul edilməsidir. Bu addım iki ölkənin qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisidir.

İnvestisiya Fondunun imkanlarının artırılması iqtisadi münasibətlərdə yeni mərhələnin başlanğıcı üçün mühüm zəmin yaradır. Fond vasitəsilə sənaye, kənd təsərrüfatı, emal, logistika və turizm kimi sahələrdə birgə layihələrin maliyyələşdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və müasir texnologiyaların tətbiqi üçün imkanlar genişlənir. Bu isə Azərbaycan–Qırğızıstan iqtisadi əməkdaşlığının təkcə ticarət göstəriciləri ilə ölçülmədiyini, real iqtisadi layihələr və qarşılıqlı investisiyalar üzərində qurulduğunu göstərir.

İki ölkə arasında iqtisadi əlaqələrin praktik nəticələrindən biri Qırğızıstanın İssık-Kul gölü sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa olunan “Baku Resort & SPA” layihəsidir. Turizm sektoruna yönəlmiş bu investisiya Azərbaycan kapitalının xarici bazarlarda həyata keçirdiyi layihələr sırasında xüsusi yer tutur. Eyni zamanda layihə iki ölkə arasında iqtisadi əməkdaşlığın konkret nəticələrə çevrilməsinin nümunəsidir.

Azərbaycan-Qırğızıstan münasibətlərini fərqləndirən əsas xüsusiyyətlərdən biri də siyasi və iqtisadi əməkdaşlığın xalqlar arasında mövcud olan tarixi-mədəni bağlarla tamamlanmasıdır. Bu əlaqələr yalnız dövlət strukturları səviyyəsində deyil, cəmiyyətlər arasında humanitar və mədəni münasibətlər müstəvisində də inkişaf edir.

Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq prosesinə verdiyi dəstək bunun mühüm nümunələrindəndir. Ağdamda “Manas” adını daşıyan məktəbin inşası iki ölkə arasındakı dostluğun Qarabağda özünün konkret ifadəsini tapdığını göstərir. Eyni zamanda Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması və onun adını daşıyan parkın salınması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının yaradılması xalqlarımızı birləşdirən mənəvi bağların qarşılıqlı xarakter daşıdığını nümayiş etdirir.

İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində dost və qardaş ölkələrin iştirakı Azərbaycan üçün yalnız maddi dəstək deyil, həm də mənəvi və siyasi həmrəylik nümunəsidir. Qırğızıstanın bu prosesdə iştirakı da Azərbaycan xalqının xüsusi dəyər verdiyi qardaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilə bilər.

Bu gün Azərbaycan-Qırğızıstan münasibətlərinin gündəliyi ənənəvi diplomatik çərçivədən xeyli kənara çıxır. Siyasi dialoq, qarşılıqlı investisiyalar, ticarət, turizm, humanitar əlaqələr və Türk dünyası daxilində əməkdaşlıq bir-birini tamamlayan istiqamətlərə çevrilib. İki ölkə arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi isə bu sahələrin hər birində daha böyük nəticələrin əldə edilməsi üçün siyasi baza yaradır.

Azərbaycan və Qırğızıstanı birləşdirən ortaq tarix və mənəvi dəyərlər münasibətlərin təməlini təşkil etsə də, bugünkü əməkdaşlığın əsas fərqi onun konkret layihələr və uzunmüddətli strateji hədəflərlə zənginləşməsidir. Bu baxımdan Çolpon-Ata səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açmaqla yanaşı, Türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edən mühüm siyasi hadisə kimi diqqət çəkir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı