Azərbaycan qlobal məsələlərin müzakirəsi üçün mühüm platforma kimi mövqeyini möhkəmləndirir. Bunu aprelin 9-da Bakıda ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumunun nüfuz dairəsi də təsdiq edir.
Əlamətdar haldır ki, 80-dən çox nüfuzlu beynəlxalq ekspertin və dünyanın 40-dan çox ölkəsindən analitik mərkəzlərin nümayəndələrinin iştirak etdiyi tədbirin ilk günü aprelin 8-də Xankəndidəki Qarabağ Universitetində keçirildi. Bakıda işini davam etdirən forumda Prezident İlham Əliyev çıxış edərək ölkə və regional gündəliyə dair mühüm fikirlər səsləndirdi, beynəlxalq siyasətin ən aktual problemlərinə də münasibətini açıqladı.
Əvvəlcə onu qeyd edək ki, ADA Siyasət Forumu artıq yeddinci ildir ki, keçirilir. Forumda təhlükəsizlik, Azərbaycanın regionda sülhün bərqərar olmasında səyləri, dünyada gedən proseslər və təbii ki, Qarabağ ətrafında vəziyyət, 44 günlük müharibədə tarixi Qələbədən sonra – işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işləri ilə bağlı geniş müzakirələr aparılır. İştirakçılar, həmçinin enerji, nəqliyyat dəhlizləri, Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələri, dünya miqyasında, həmçinin beynəlxalq təşkilatlardakı yeri məsələlərinə xüsusi maraq göstərirlər. Budəfəki forum yeni dünya nizamı, hazırda dünyada baş verən transformasiyalar mövzusuna həsr olundu. Forumda Prezident İlham Əliyev əhəmiyyətli mövzulara toxundu və mühüm mesajlar verdi.
Dövlət başçısı çıxışında postmüharibə dövrünün reallıqları və bəzi qeyri-regional ölkələrin sülhə maneə yaradan addımlarından danışdı. Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, 2020-ci ildən demək olar ki, beş ilə yaxın vaxt keçsə də, Azərbaycan hələ də tamamilə əsassız spekulyasiya və ittihamlarla üzləşir. Dövlət başçısının sözlərinə görə, belə bir təbliğatın aparılmasında daha çox Fransa “fərqlənir”. Bundan başqa, Avropa Birliyindəki ermənipərəst qüvvələr də bu spekulyasiyaları davam etdirirlər. Prezident Azərbaycanın belə bir niyyəti olmadığını bir daha vurğulayaraq bildirdi ki, Bakı regionda davamlı sülhün bərqərar olmasında maraqlıdır. Dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycan İrəvanın hərəkətlərini yaxından izləyir və müharibədən sonrakı vəziyyətin inkişafı əsasən Ermənistandan asılıdır.
Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri də COP-29 zamanı Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasında əldə etdiyi nailiyyətlə bağlı oldu. Dövlət başçısı bildirdi ki, COP zamanı karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət məhz Azərbaycanda əldə olundu və bu, ölkəmizə olan etimad sayəsində baş verdi. Dövlət başçısının sözlərinə görə, Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail oldu, eyni zamanda, bizim səylərimizə Afrika dövlətlərindən də müsbət reaksiya verildi. Təsadüfi deyil ki, Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyev çıxışında ABŞ ilə münasibətlərə də toxundu. Hazırda ABŞ-la çox güclü münasibətlərin Cənubi Qafqaz regionu üçün vacib olduğunu vurğulayan dövlət başçısı əlavə etdi ki, Ağ evin indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan Azərbaycan lideri qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilər.
Əlbəttə, dövlət başçımız Türkiyə ilə strateji münasibətlərimizdən və Yaxın Şərq regionu kontekstində Suriya ilə əlaqələr barədə də danışdı. Hazırda Suriyada sabit və dayanıqlı idarəçilik yönündə işlər aparılır və bu proses regional geosiyasi rəqabəti də gücləndirir. Regional gərginliyin müharibə hədələri ilə müşayiət olunması Yaxın Şərq üçün uzunmüddətli problemlərin qalacağını vəd edir. Bunların fonunda Türkiyə və İsrail arasında da münasibətlərin sonrakı inkişafı Azərbaycanı da maraqlandırır. Çünki hər iki ölkə ilə güclü strateji əlaqələrimiz var. Qardaş Türkiyə hərbi-strateji müttəfiqimizdir, İsrail ilə də güclü tətəfdaşlıq əlaqələri qurulmuşdur. Bu baxımdan hər iki ölkənin münasibətlərinin yaxşılaşması Bakının da maraqlarına uyğundur. Prezident İlham Əliyev çıxışında Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında birbaşa iştirak etdiyini açıqlayaraq diqqətə çatdırdı ki, Azərbaycan Ankara-Təl-Əviv arasında cari vəziyyətin razılaşma həddinə çatması üçün formullar arayır.
Bir sözlə, geosiyasi mövqeyinə, enerji resurslarına və fəal xarici siyasətinə görə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayan Azərbaycan əsas oyunçuya çevrilir. Bakının fəal siyasəti Azərbaycanın dünya nizamının gələcəyinə təsir göstərə bilən qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısının forumda səsləndirdiyi fikirlər, beynəlxalq gündəliyin bir sıra məsələlərlə bağlı fikirlərinə göstərilən böyük maraq Azərbaycanın və onun liderinin dünya miqyasında nüfuza malik olduğunu təsdiqləyir. Bu, həm də ölkəmizin regional siyasi və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən strateji aktor kimi rolunu daha da gücləndirir.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı