Azərbaycan regionun inkişafında sülh çağırışlarına prioritet istiqamət kimi yanaşır

Azərbaycan Vətən müharibəsində parlaq qələbə əldə etdikdən sonra Ermənistana sülh təkliflərini, sərhədlərin delimitasiyasına start verilməsini bildirib, sülh sazişinin bağlanmasının vacibliyini diqqətə çatdırıb. İşğalçı ölkə isə bunun qarşılığında ərazi bütövlüyümüzü şübhə altına alan bəyanatlar verməyi üstün tutub. Nəhayət, uzun müddətli sükutdan sonra buna razılıq ifadə olunub. Bəs Azərbaycanın sülh çağırışlarına İkinci Qarabağ savaşından ötən bir il ərzində Ermənistanın ölkəmizin bu istiqamətdəki səylərinə laqeydlik göstərməsi hansı səbəbdən irəli gəlib? Dövlətimizin başçısı bununla bağlı ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib: “Bunu anlamaq olar, çünki onların ideoloji təməlləri sarsılıb. Çünki onların bütün ideologiyası işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Azərbaycanın mədəni irsinin silinməsindən tutmuş Ağdam və Şuşa da daxil olmaqla bütün şəhərlərimizin adlarının dəyişdirilməsinə qədər – bütün səylər de-fakto işğalı de-yure ilhaqın qanuniləşdirilməsinə yönəldilmişdi…”.

Prezident cənab İlham Əliyev daha sonra qeyd edib ki, Ermənistan uzun illər ərzində torpaqlarımızın işğalını möhkəmləndirməyi qarşıya əsas məqsəd kimi qoyub. Bu, qəsbkarın ideoloji təməl prinsipinə çevrilib. Artıq bu siyasətə son qoyulub. Ancaq bununla belə məğlub ölkə tərəfindən müharibədən sonra yeni hədəf də müəyyənləşdirilməyib. Azərbaycan isə məsələyə fərqli mövqedən yanaşıb, müstəqil dövlət olaraq, müstəqil siyasət yürüdüb, ərazilərimizin işğalda saxlanıldığı dövr ərzində həm müstəqilliyin gücləndirilməsini, həm də Qarabağın geri qaytarılmasını prioritet istiqamət kimi diqqət mərkəzində saxlayıb. Beləliklə, Azərbaycan qarşıya qoyduğu hər iki vəzifəni uğula gerçəkləşdirib, müstəqilliyimizin möhkəmləndirilməsi dönməz xarakter alıb, respublikamız siyasi, iqtisadi və enerji cəhətdən heç kəsdən asılı olmayan nüfuzlu bir ölkə kimi tanınıb. 

Ermənistan artıq zərərin yarısından qayıtmağı anlamalı, qonşularla sülh, əməkdaşlıq şəraitində yaşamağın zəruriliyini dəyərləndirməli, üzləşdiyi siyasi, sosial-iqtisadi böhrandan xilas naminə Azərbaycan və Türkiyəyə qarşı ədalətsiz ərazi iddialarından imtina etməlidir. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı konfransda səsləndirdiyi fikirlər də diqqət çəkir: “Türkiyə kimi iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi iddiasının olması tamamilə qeyri-rasionaldır. Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik. Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir. Gələcəkləri necə olacaq və özlərini regionda necə görürlər. Bax, bu haqda yaxşı düşünməlidirlər. Fikrimcə, onların aydın anlayışı yoxdur. Onlar bütün illüziyaları bir kənara qoymalı, ordunu yenidən qurmaq, 5 milyon nəfər əhaliyə sahib olmaq və güc toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz keçməlidirlər. Əks halda, bu, onların dövlətçiliyinin rəsmi süqutu olacaqdır”.

Yeri gəlmişkən, Azərbaycanın sülh, əmin-amanlıq çağırışları ölkəmizin xarici siyasətinin müstəqil xarakterini nümayiş etdirir. Həmin siyasət hər zaman milli maraqlara əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəldilir. Respublikamız regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxır. Yalnız bu amil sayəsində əməkdaşlığı möhkəmləndirmək və iqtisadi fayda əldə etmək mümkündür. Dövlətimizin başçısının konfransda vurğuladığı kimi, Azərbaycanın hər hansı bir ölkə ilə əməkdaşlıq münasibətləri sülhə sadiqlik prinsipi ilə şərtlənir, iqtisadi fəaliyyəti də təbii ki, əsasən daxili resurslar hesabına həyata keçirilir, sabitlikdən, Xalq-Prezident birliyinin sarsılmazlığından qaynaqlanır. 

Azərbaycan Prezidentinin konfransda səsləndirdiyi diqqətçəkən bir məqama da toxunmağı zəruri bilirəm. Bu, Ermənistanın ölkəmizə qarşı uzun illər ərzində apardığı informasiya mübarizəsi ilə bağlıdır. 

Qeyd edim ki, istər işğal dövründə, istərsə də müharibənin gedişində və savaşdan sonrakı mərhələdə möhtərəm dövlət başçımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara aydınlıq gətirilməsi baxımından səmərəli fəaliyyət göstərib. Ölkə rəhbəri respublikamızla bağlı dünya ictimaiyyətinə olduqca mühüm mesajlar yönləndirməklə Azərbaycanın birmənalı mövqeyini nümayiş etdirib, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri diqqətə çatdırıb.  

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda da Prezident İlham Əliyev yeni informasiya strategiyası ilə İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycanın informasiya məkanında da Ermənistanın yalan üzərində qurulan siyasətinə son qoyduğunu təsdiqlədi. Ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti Azərbaycanı qalib etməklə respublikamızın dünyada və regiondakı mövqelərini tarixdə görünməmiş dərəcədə möhkəmləndirdi. Dövlətimizin başçısı toplantıda bununla bağlı dedi: “Münaqişəyə və illərdir davam edən işğala qeyri-müvafiq münasibətə təkcə məlumat çatışmazlığının səbəb olmaması, faktlarla bilərəkdən manipulyasiya edilməsi bizi çox məyus edir. Çünki bu ədalətsizliklə üzləşməyə başlayanda bizə belə gəldi ki, öz işimizi təqdim etmək, işğaldan əziyyət çəkənlərin Azərbaycan xalqının olduğunu, bizim torpaqların təcavüzün qurbanı olduğunu izah etmək üçün biz daha gərgin çalışmalı idik. Biz hesab edirdik ki, bunu söylədikdən sonra hər kəs bunu başa düşəcək və bizimlə ədalətli davranacaqdır. Sonra biz dərk etdik ki, dediklərimizin nədən ibarət olduğuna baxmayaraq, çox güclü erməniyönümlü qruplar və mövqelər, qavranış və inanclar var…”. 

Bəli, həqiqətən də, uzun bir dövrdə Azərbaycan  Ermənistanın işğal faktı ilə bağlı dünyanın nüfuzlu dövlətləri və beynəlxalq təşkilatlarını məlumatlandırsa da, problem həllini tapmırdı. İşğalçının əməlləri heç vaxt cəzalandırılmır  və ya qınaq obyektinə  çevrilmirdi. Ermənistana qarşı sanksiyalar tətbiq edilmirdi. Halbuki münaqişənin həlli üçün bu, yeganə yol idi. Amma bu həqiqət, necə deyərlər, qulaq ardına vurulurdu. Başqa münaqişələrdə sanksiyalar tətbiq olunduğu halda, Ermənistanın işğal faktına  ikili standartlarla yanaşılırdı. 

Prezident cənab İlham Əliyevin konfransda səsləndirdiyi fikirlərdə bütün bunlar geniş şəkildə vurğulandı, dövlətimizin başçısının qətiyyətli siyasəti ilə müharibənin Ermənistan və onun havadarlarının acı məğlubiyyəti ilə nəticələnməsi, Azərbaycanın uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxması, eyni zamanda, haqq savaşında döyüşçülərimizin vətənpərvərlik ruhunun yüksək olması barədə ətraflı bəhs edildi.

Beləliklə, ADA Universitetində keçirilən beynəlxalq konfrans bir daha göstərdi ki, müharibə dövründə olduğu kimi, postkonflikt mərhələdə də Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Bu, dövlətimizin başçısının ADA Universitetində keçirilən beynəlxalq konfransda ayrı-ayrı suallara dolğun cavablarından da aydın nəzərə çarpırdı.

 

Akif RƏFİYEV,
Əməkdar hüquqşünas, Qarabağ müharibəsi veteranı, Binəqədi Rayonu Ağsaqqallar Şurasının sədri