Ölkəmizin xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli münasibətlərin inkişafı yeni əməkdaşlıq formatlarının yaranması ilə yanaşı, qarşılıqlı əlaqələrin coğrafiyasının genişləndirilməsinə də töhfə verir. Bu əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən görüşlər zamanı müzakirə olunan məsələlər mühüm əhəmiyyət kəsb edir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə ikigünlük səfəri diplomatik baxımdan yüksək dövlət statusuna malikdir. Səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlərin müzakirə olunması, dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi və hökümətlərarası sənədlərin imzalanması Azərbaycan-Rusiya arasında əməkdaşlığın daha da möhkəmlənməsinə müstəsna töhfələr verəcək.
Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub və ölkəmiz bu əməkdaşlığa böyük önəm verir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” qarşılıqlı münasibətlərin yeni mərhələsini təşkil edib. 2002-ci ildə Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Məhz bu sənədlə Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Ölkələr arasında əlaqələr hazırda sürətlə inkişaf etdirilir. Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması qarşılıqlı münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Azərbaycanın tarixi qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında Rusiya xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.
Bu gün ölkəmiz Cənubi Qafqazda geopolitik söz sahibidir. Respublikamız bütün tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı öhdəliklərinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Rusiya da öz növbəsində rəsmi Bakının dövlətlərarası münasibətlərdə prinsipial anlaşmaların icrasına xüsusi həssaslıqla yanaşdığından xəbərdardır və bu baxımdan, Azərbaycan Rusiya üçün də etibarlı strateji tərəfdaşdır. Bu mənada, Rusiya Prezidenti Vladimir Putinin bu günlərdə Bakıya səfəri növbəti yaxınlaşma kimi qəbul edilir. Rusiya Azərbaycanla strateji münasibətlərin inkişafına yönəlik məqsədləri ön plana çıxarmağı üstün tutur və supergüc dövlətlə normal münasibətlər sisteminə malik olması Azərbaycanın növbəti geopolitik uğurudur. Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyət daşımaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən, münasibətlərin dostluq və müttəfiqlik xarakterindən xəbər verir. Bu həm də 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı mütəffiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir ki, bu da iki dövlət arasında siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.
Rusiya ilə Azərbaycan arasında dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir və bu sahələrdə əməkdaşlığın inkişafı hər iki tərəf üçün böyük potensial vəd edir. Ötən il və bu ilin ilk altı ayında əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artması, əməkdaşlığın səmərəliliyinin və uğurlu əlaqələrin göstəricisidir.
Humanitar sahədə əməkdaşlığa da həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəbdə 160 min şagird təhsil alır. Bundan əlavə, ölkədə 800 mindən çox şagird rus dilini ikinci xarici dil kimi öyrənir. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları Bakıda uğurla fəaliyyət göstərir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbə rus dilində təhsil alır ki, bu da təhsil sahəsindəki münasibətlərin güclənməsinə mühüm töhfə verir.
Regional təhlükəsizlik məsələləri də dövlətlərarası münasibətlərin vacib aspektlərindən biridir. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib və bu, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bu baxımdan, bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətdən asılıdır.
Dövlətlərarası münasibətlərimizin müstəsna əhəmiyyətə malik olan digər sahəsi isə nəqliyyat dəhlizləridir. Regional nəqliyyat dəhlizlərinin yaradılmasında “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.
Bu kimi əməkdaşlıq fəaliyyətləri Azərbaycan və Rusiya arasındakı mövcud və gələcək əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır. Dövlətlərarası əməkdaşlığın gücləndirilməsi yalnız iqtisadiyyata deyil, həm də humanitar və təhlükəsizlik sahələrində də regionda sabitlik və rifahın təmin edilməsinə xidmət edir.
Dövlətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycanın xarici siyasət prioritetlərindən biri, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasıdır. Azərbaycan və Rusiya arasındakı ticarət və investisiya sahəsindəki dinamik inkişaf, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olub. Azərbaycanın müxtəlif sahələrdə iqtisadiyyatı inkişaf etdirmək üçün Rusiya ilə enerji, nəqliyyat və kənd təsərrüfatı sektorlarında sıx əməkdaşlıq etməsi hər iki tərəfin iqtisadi sabitliyini təmin etməyə kömək edir. Bu, iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına və gələcəkdə yeni iqtisadi layihələrin reallaşdırılmasına təkan verir.
Azərbaycan-Rusiya münasibətlərində həm də siyasi əməkdaşlıq istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. İki ölkə arasında siyasi dialoq daim aktivdir və bu, regional və beynəlxalq səviyyədə mövqelərin müəyyənləşdirilməsinə imkan yaradır. Azərbaycan və Rusiya, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir və bu, beynəlxalq arenada qarşılıqlı maraqların qorunmasına xidmət edir. Xüsusilə, BMT, MDB və digər regional təşkilatlar çərçivəsində Azərbaycanın və Rusiyanın mövqelərinin uyğunlaşdırılması, regionda və beynəlxalq aləmdə sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir.
Azərbaycan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsində həlledici rol oynayır. Azərbaycan, öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni bir təhlükəsizlik arxitekturasının formalaşmasına nail oldu. Bu çərçivədə Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, Cənubi Qafqazda mövcud olan təhlükəsizlik risklərinin minimuma endirilməsi üçün yeni imkanlar yaradır. İki ölkə arasında bu sahədə imzalanmış sazişlər və həyata keçirilən birgə tədbirlər, regionda sabitliyin uzunmüddətli olmasına zəmanət verir.
Enerji sahəsində əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları və Rusiyanın enerji bazarındakı güclü mövqeyi, bu sahədə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər yaradır.
Dövlətlərarası münasibətlərdə mədəniyyət sahəsində əməkdaşlıq da böyük önəm kəsb edir. Azərbaycan və Rusiya arasında mədəniyyət mübadiləsi, iki xalq arasında tarixi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu sahədə keçirilən birgə festivallar, sərgilər və digər mədəni tədbirlər, xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın inkişafına töhfə verir.
Bu gün Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səyahət dinamikasında da artım müşahidə olunmaqdadır. Bu məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Rusiya və Azərbaycan şəhərləri arasında hər gün 20 reys təyyarə uçuşu həyata keçirilir.
Bu ilin noyabrında Bakıda COP-29 beynəlxalq səviyyəli İqlim konfransı keçiriləcək. Bir çox dünya ölkələrinin qatılacağı bu konfrans Rusiya tərəfindən də dəstəklənir. Hazırda ikitərəfli formatda bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq haqqında imzalanmış sazişlər hər iki dövlətin gələcəkdə iqtisadi-siyasi və elmi-mədəni münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Cavanşir Feyziyev,
Fəlsəfə doktoru