Beynəlxalq səviyyəli tədbirlər dünya birliyi ilə danışmaq, açıq diskussiya aparmaq üçün yeni fürsətlər deməkdir. Pandemiya dövründə, xüsusilə canlı formatda keçirilən belə tədbirlər şərait yaradır ki, dünya gündəliyində yer alan ən aktual məsələləri müzakirə etməklə yanaşı, ölkələri narahat edən daxili problemlər də təhrif olunmadan beynəlxalq birliyin diqqətinə çatdırılsın. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Vlll Qlobal Bakı Forumu həm də bu mənada xüsusi əhəmiyyətə malikdir. Tarixi Zəfər Gününün birinci ildönümü ərəfəsində təşkil olunan bu Forum imkan verir ki, Ermənistanın istər işğal dövründə, istərsə də Vətən müharibəsi zamanı törətdiyi vandallıq aktlarının və müharibə cinayətlərinin miqyası dünya birliyinə olduğu kimi çatdırılsın. Nəzərə alsaq ki, ağır məğlubiyyətə baxmayaraq, Ermənistanda hələ də revanş hissi ilə yaşayan bir kəsim var və onu kənardan təşviq edən ciddi dairələr mövcuddur, həqiqətlərin məhz Bakıda, dünyanın nüfuzlu dövlət adamlarının, siyasətçilərinin və ziyalıların iştirak etdiyi tədbirdə səsləndirilməsinin əhəmiyyəti danılmazdır.
Prezident İlham Əliyev məhz bu səbəbdən mötəbər beynəlxalq tədbirin açılış mərasimindəki çıxışı zamanı Forumun əhəmiyyətinə xüsusi diqqət yetirdi: “Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib”. Dövlətimizin başçısı Forumun gündəliyinə çıxarılan “Covid-19-dan sonrakı dünya” mövzusuna münasibət bildirərkən tədbir iştirakçılarının nəzərinə bir daha çatdırdı ki, məhz ölkəmizin təşəbbüsü ilə ötən ilin dekabrında BMT Baş Assambleyasının Covid-ə həsr olunmuş xüsusi sessiyası keçirilib. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərakatının hazırkı sədri qismində hər iki beynəlxalq təşkilatın Covid-lə bağlı xüsusu Zirvə görüşünə ev sahibliyi edib. Prezident İlham Əliyev həmin tədbirlərdə olduğu kimi, Vlll Qlobal Bakı Forumunda da “peyvənd millətçiliyinə” bir daha açıq şəkildə etirazını bildirdi: “Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik... Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik”.
Prezident ali qonaqların diqqətinə onu da çatdırdı ki, vaksinlərin ədalətsiz bölgüsü ilə mübarizəyə Azərbaycan töhfə verərək 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib, onlardan bir neçəsini təmənnasız şəkildə peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi də verib. Dövlətimizin başçısının çıxışından o da məlum oldu ki, edilən təşəbbüslərə və görülən tədbirlərə baxmayaraq, vaksinlərin əlçatanlığında mövcud olan problemlər hələ də aradan qaldırılmayıb. Bəlkə də, elə ayrı-seçkiliyin və bəzi ölkələrin etinasızlığının nəticəsidir ki, postpandemiya dövründən danışmağa başlayan böyük dövlətlərlə kəskin pandemiya şəraitində yaşayan azgəlirli, kiçik dövlətlər arasında daha dərin uçurum yaranmaqdadır. Belə ölkələrin nəinki pandemiya ilə mübarizə aparmağa, əhaliyə sosial-iqtisadi yardım göstərməyə də imkanları çatmır. Bakı Forumunda səsləndirilən fakt və rəqəmlər bir daha nümayiş etdirdi ki, Azərbaycan pandemiya ilə mübarizəni və onun doğurduğu ağır tibbi, sosial, iqtisadi və humanitar fəsadları nəzarətdə saxlamağa nail olan azsaylı ölkələr sırasındadır. Yaşı 18-dən yuxarı olan əhalimizin 60 faizindən çoxu artıq hər iki vaksin dozasını qəbul edib, son iki ildə vətəndaşlara 2,9 milyard ABŞ dolları həcmində sosial-iqtisadi yardım paketi təqdim olunub. Bununla yanaşı, Bakı Forumu onu da göstərdi ki, beynəlxalq səylər artırılmasa, böyük dövlətlər yardımlaşma tədbirlərində daha fəal iştirak etməsələr, ölkələrin Covid-lə ayrı-ayrılıqda mübarizəsi arzulanan nəticəni verməyəcək.
Qlobal Bakı Forumu növbəti dəfə imkan yaratdı ki, müharibə və postmüharibə dövrünün həqiqətləri barədə dünya birliyinin müfəssəl məlumat almaq imkanı olsun. Prezident İlham Əliyev bu mötəbər tədbirdə beynəlxalq auditoriyaya ölkəmizin üzləşdiyi acı həqiqətləri bir daha çatdırdı : "“Təəssüflər olsun ki, həmin qətnamələr 27 il il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı”. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, bir zamanlar “dənizdən-dənizə”, “yeni ərazilər uğrunda yeni müharibə” iddiası ilə yaşayan, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatlar verən, Şuşada “inaqurasiya” mərasimini təqlid edən Ermənistan hətta ağır məğlubiyyətdən sonra da məsuliyyətsiz ölkə siyasətindən əl çəkmir. 10 noyabr və 11 yanvar tarixli üçtərəfli Birgə Bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışan Ermənistan hakimiyyəti yenidən təsdiq edir ki, o, Azərbaycan Prezidentinin xoşniyyətli və sülhməramlı mesajlarına adekvat cavab vermək iqtidarında deyil. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cür davranışının iki səbəbi ola bilər: hakimiyyət ya revanşçı qüvvələrdən ehtiyatlanır, ya da kənardan buna imkan verilmir. Yürütdüyü siyasətlə regionda həyata keçirilən transmilli layihələrdən özünü təcrid edən Ermənistan hakimiyyəti hələ də anlamır ki, davam etdirdiyi bu siyasət, əl çəkmədiyi oyunbazlıq erməni cəmiyyətini daha böyük faciələrə sürükləyir.
Vlll Qlobal Bakı Forumu imkan verdi ki, dünya birliyi Prezident İlham Əliyevin Cənubi Qafqazın gələcəyi ilə bağlı fikirlərini məhz onun özündən, təhrif olunmadan eşidə bilsin: “Bu gün bir daha deyirəm ki, biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq. Görəcəksiniz ki, Ermənistandan cavab gəlməyəcək...”.
Hələ də Ermənistana dilmanclıq edənlər, orada revanş hisslərinin öləziməsinə imkan verməyənlər yaxşı olardı ki, Azərbaycan Prezidentinin hələ ki, qüvvədə olan sülhə çağırışının reallaşmasına dəstək versinlər. Bunu etmirlərsə, heç olmazsa, mane olmasınlar. Həyat sübut etdi ki, bir gün səbri tükənən Azərbaycan xalqı ədalətsizliyə cavab verməyin başqa yollarını da yaxşı bilir və həmin dəmir yumruq yerindədir.
Ülvi Quliyev
Milli Məclisin deputatı