Azərbaycan şəhid ailələrinə və müharibə əlillərininə münasibətdə bir çox ölkələrə nümunədir

Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinə hər zaman həssas münasibət sərgiləyən ölkə Prezidenti cənab İlham Əliyev bu problemlərin həlli istiqamətində konkret addımlar atır.  Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş hərbçilərin ailələri, fiziki sağlamlıqlarını itirən qazilərimiz dövlət səviyyəsində onlara göstərilən qayğını hər zaman yüksək qiymətləndiriblər.  Ölkə başçımızın və onun xanımı Mehriban Əliyevanın tez-tez şəhid ailələrilə, müharibə əlillərilə görüşməsi, onların problemlərilə maraqlanması cəmiyyətimiz tərəfindən təqdir olunub. 
Prezident İlham Əliyevin  şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimlərindəki çıxışları sosial siyasətimizin ədalət prinsipləri üzərində qurulduğunu bir daha təsdiq etdi. 
Dünya ölkələrində hökm sürən iqtisadi-maliyyə çətinlikləri, siyasi gərginlik, hərbi münaqişələr fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti böhranın ölkəmizdən yan keçməsini şərtləndirdi. Bu düzgün siyasətin nəticəsində respublikamızda heç bir sosial layihə təxirə salınmadı. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, həmçinin əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr çərçivəsində şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha sübutudur. 
Prezident İlham Əliyev hər zaman şəhid ailələri, müharibə əlillərilə görüşdə onların problemlərilə maraqlanır və bütün məmurları qeyd olunan məsələyə həssas yanaşmağa çağırır. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin, maddi durumlarının yaxşılaşdırılması istiqamətində işlər ardıcıl şəkildə, sürətlə davam etdirilir. Onların sosial problemlərinin həlli prioritet məsələlərdən hesab olunur. Bu istiqamətdə atılan konkret addımlar Azərbaycan cəmiyyətində vətənpərvərliyin yüksəlməsinə səbəb olur. Belə işlər Azərbaycan vətəndaşına daha çox fayda verir. Şəhid ailələrinin və müharibə əlillərinin dövlətin onlara göstərdiyi qayğı və diqqətdən qürur hissi keçirirlər. 
Dövlətimizin başçısı çıxışlarında Azərbaycan Ordusunun müharibəyə hər an hazır olduğunu söyləyir. “Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim” deyən Prezident İlham Əliyev vurğulayıb ki, şəhid ailələrinə və müharibə əlillərinə münasibətdə Azərbaycan bir çox ölkələrə nümunədir. 
Prezident İlham Əliyev  ötən il oktyabın 14-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı – şəhid xanımının çıxışı qarşısında göz yaşlarına hakim ola bilmədi. 
“Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük” deyən İlham Əliyevin bu fikirləri onun şəhidlərə sayğısının, həssas münasibətinin göstəricisi idi. 
Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir.  Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği dəfələrlə artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.
Hər bir Azərbaycan vətəndaşı, xüsusilə də məmurlar şəhidlərimizə və onların ailələrinə, müharibə əlillərinə münasibətdə ölkə başçısı cənab İlham Əliyevdən, Birinci vitse-prezident İlham Əliyevdən örnək götürməlidir. Biz onların dərdini, problemini, qayğılarını öz ağrılarımız kimi qəbul etməliyik. Şəhid ailələrinin dərdinə şərik çıxmaq bizim vətəndaşlıq borcumuzdur! 

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur