Qlobal ekoloji problemlərin miqyası getdikcə daha da genişlənir. Bu isə baş vermə səbəbindən və coğrafiyasından asılı olmayaraq, son nəticədə bütün dünyaya təsir göstərir. İqtisadiyyatın və bütövlükdə bəşəriyyətin gələcəyinin ekoloji cəhətdən təmiz metodların tətbiqindən asılı olduğunu dərk edən ölkələr layihələr həyata keçirərkən onların təkcə iqtisadi səmərəliliyinə deyil, həm də ekoloji təmizliyə getdikcə daha çox diqqət yetirməyə başlamışlar. Azərbaycan üçün də bu yanaşma əsas prioritetlərdən biridir. Və prosesin unikallığı ondan ibarətdir ki, Azərbaycan neft-qaz ölkəsi olmaqla “yaşıl keçid” prosesində lider mövqe tutmağa çalışır. Bu təşəbbüslər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. BMT-nin növbəti iqlim sammitinin keçirilmə yeri kimi Bakının seçilməsi təsadüfi deyil. COP29 həm də Azərbaycan dövlətinin “yaşıl iqtisadiyyata” keçidlə bağlı səylərinin tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində son dərəcə mühüm aktor olan Azərbaycan ölkədə “yaşıl texnologiyalar”ı geniş şəkildə tətbiq edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “təmiz enerji” zonaları elan edilib, Abşeron yarımadası isə “yaşıl enerji” mənbəyinə çevrilir. Azərbaycanın “yaşıl iqtisadiyyat” quruculuğu istiqamətində növbəti addımı suvarma sistemlərinin yenidən qurulmasıdır. Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının yenidən qurulması işlərinə start verib.
66 il bundan əvvəl istifadəyə verilmiş Yuxarı Şirvan suvarma kanalı və ölkənin ikinci ən böyük kanalıdır. Kanal Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının Şirvan düzündə yerləşən yaşayış məntəqələrini 112 min hektar əkin sahəsini suvarma və təsərrüfat suyu ilə təmin edir. Ötən müddət ərzində fasiləsiz istismarı nəticəsində illik su itkiləri kəskin artıb, həmçinin qurğular yararsız hala düşüb, deqradasiyaya uğramışdır. Bütün bunlar vegetasiya dövründə əkin sahələrinə suvarma suyunun verilməsində fasilələr yaradaraq, rayonun suya daim artan tələbatının ödənilməsində gərginliyi daha da artıraraq, ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.
Yuxarı Şirvan Suvarma Kanalının infrastrukturunun bərpası, o cümlədən mövcud təsərrüfatların su ilə təminatı, su ehtiyatlarından daha səmərəli istifadə edilməsi və magistral kanalın sukeçirmə qabiliyyətinin artırılması məsələlərinin vaxtında və səmərəli həllinə dəstək məqsədilə aprel ayında Prezident İlham Əliyev 8-də Şirvan Suvarma Kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan Suvarma Kanalı Şirvan Suvarma Kanalı adlandırılıb.
Prezident İlham Əliyev bu layihəni çox əlamətdar hadisə kimi qiymətləndirir. “Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihə ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Yuxarı Şirvan Suvarma Kanalı uzun illərdir fəaliyyət göstərir. Kanalın torpaq yatağı var və illər keçdikcə kanalın böyük hissəsi yararsız vəziyyətə düşüb. Təbii ki, bu da itkilərə səbəb olub. Su itkiləri kifayət qədər böyükdür. Su itkisi və sızma nəticəsində ona bitişik torpaq sahələri şoranlaşaraq səpin üçün yararsız hala düşüb.
Yuxarı Şirvan kanalı 1958-ci ildə tikilib və bu gün bu kanalın fəaliyyətində yeni mərhələ başlayır ki, bu da artıq Şirvan kanalı adlanır. Əslində, kanal yenidən tikiləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu iki dəfə artırılaraq 200 kilometri keçəcək. Əkin sahələrinə gəlincə, onlar iki dəfədən çox artırılacaq. Həyata keçirilməsi nəzərdə tutulan yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Onların əksəriyyəti yeni suvarılan əkin sahələri olacaq. Əgər əvvəllər bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və onun son nöqtəsi mənim arxamda qalan Hacıqabul gölü olacaq. Hacıqabul gölü 10 ildən artıqdır ki, tamamilə quruyub. Kanal istifadəyə verildikdən sonra göl də dolacaq ki, bu da təbiətə çox müsbət təsir göstərəcək”.
Ölkə başçısı qeyd edib ki, bu layihə bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yüksəltmək, xüsusən də regionlarda yaşayan insanların məşğulluğuna şərait yaratmaqdır: “Son illər ərzində böyük infrastruktur layihələri həyata keçirilib. Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəmizi tamamilə yeni səviyyəyə qaldırıb. Elektrik, avtomobil, dəmir yolu, su kəmərləri, içməli su layihələri, suvarma layihələri artıq öz səmərəliliyini göstərir.Əvvəlki illərdə bu sahədə çoxlu böyük layihələr həyata keçirilib. Onların arasında ilk növbədə Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etmək lazımdır. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyət kəsb edən layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm də qərb rayonlarında əkin üçün yararlı torpaqların həcmi və sahəsi xeyli artmışdır.Şirvan kanalının əhəmiyyəti də göz qabağında olacaq. Bu, bizim ən böyük layihəmiz olacaq - suyun həcmi və əkin sahəsinin əhatə dairəsi baxımından ən böyüyü. Əminəm ki, yaxın gələcəkdə 10 rayonun ərazisində yerləşən məntəqələrdə bu yeni kanalın hər kəs əhəmiyyətini görəcək”.
Gələn ildən Qarabağ kanalının tikintisinə başlanacaq. Qarabağ kanalı Azərbaycanın ən böyük magistral suvarma kanalıdır. Qarabağ zonasında və ona bitişik ərazilərdə yerləşən 9 rayonun yaşayış məntəqələrini 115 min hektara qədər əkin sahəsini suvarma suyu və məişət suyu ilə təmin edir. Kanal həmçinin Araz çayı üzərindəki Bəhramtəpə su elektrik kompleksinə əlavə su verməklə müvafiq əkin sahələrinin su təchizatını təmin edir. Ölkəmizin su təchizatının mühüm həlqələrindən biri olan bu kanalın yenidən qurulmasının məqsədəuyğunluğu burada böyük su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatındakı nöqsanların aradan qaldırılması, eləcə də kəndlərin meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması zərurətindən irəli gəlir.Çənab İlham Əliyevin dediyi kimi, “Bunlar ölkəmizin davamlı inkişafının əsas istiqamətləridir, çünki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifahının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli istifadə - bütün bunlar amillər gördüyümüz işlərdə öz əksini tapır”.
Dövlət başçısı su ehtiyatlarından səmərəli istifadəni əsas vəzifə hesab edir: “Dünyada, o cümlədən Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var: “İndi görürük ki, bu il əslində əvvəlki illərdən fərqli olub. Bu il qar və yağış çox olub, su hövzələrimizdə, su anbarlarımızda kifayət qədər su var. Halbuki əvvəlki illərdə biz hər il quraqlıq yaşayırdıq. Dağlarımızda qar az olub. Əvvəlki illərdə çaylarımızda suyun səviyyəsi aşağı düşüb, bəzən əsas çaylarımız quruyub. Xəzərin dayazlaşması göz qabağındadır. Bunu hər kəs görə bilər”.
Azərbaycanda yaxın illərdə hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri içməli su və suvarma ilə bağlı layihələrin həyata keçirilməsidir. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir.
Vaxtilə Ermənistan təkcə torpaqlarımızı deyil, su ehtiyatlarımızı da işğal etmişdi. Qarabağın və Şərqi Zəngəzurun su ehtiyatları ümumi su ehtiyatlarımızın 25 faizini təşkil edir. Bu su ehtiyatlarının əsas xüsusiyyəti, müsbət tərəfi onların daxili mənbələrdən formalaşmasıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız - Kür çayı, Araz çayı, Samur çayı xaricdən qaynaqlanır. Əsas çaylarımızın öz mənbələri xaricdə olduğundan Qarabağın və Şərqi Zəngəzurun su ehtiyatları daxili mənbələr olduğundan bunun xüsusi əhəmiyyəti var. Qısa müddətdə böyük infrastruktur layihələrini tamamladıq və bu işlər davam edir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra su qaynaqlarımızdan özümüz, öz vətəndaşlarımız, öz iqtisadiyyatımız üçün istifadə edirik. Bu kontekstdə ötən ilin dekabrında Ağdam rayonundakı Xaçınçay su anbarının təmir-bərpa işlərindən sonra açılışını qeyd etmək yerinə düşərdi. Bu su anbarı 1964-cü ildə istifadəyə verilmişdir. Onun ümumi tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, güzgü su səthinin sahəsi isə 176 hektardır. Su anbarının yerləşdiyi ərazi 28 ildir işğal altında olduğundan bu mənbədən suvarılan 7 min hektar torpaq sahələrinin su ilə təminatında ciddi çətinliklər yaranmışdı.
Dövlət başçısı vurğuladı ki,:Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var”.
Bu gün Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş gedir, bu layihə həyata keçirildikdən sonra Xəzər suyundan həm suvarma, həm də içməli su kimi istifadə olunacaq. Prezident İlham Əliyevin dediyi kimi, “Dünyanın bir sıra ölkələrinin duzsuzlaşdırma sahəsində böyük təcrübəsi var və bizim Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz də bu fürsətdən istifadə edəcəyik. Beləliklə, bu gün təməlini qoyduğum kanalın yaxın gələcəkdə çox böyük müsbət nəticələri olacaq”.
Güclü suvarma sistemi ərazilərin ekoloji dayanıqlığının əhəmiyyətli dərəcədə artması ilə yanaşı, məhsuldarlığın artmasına müsbət təsir göstərir. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev qeyd edir: “Mən bir həftə bundan əvvəl Hacıqabul rayonunda yerləşən aqroparkın fəaliyyəti ilə tanış olmuşam. Mənə məlumat verildi ki, burada 4 mindən çox hektarda taxıl əkini aparılmışdır və məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olmuşdur. İndi müqayisə üçün deyim ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Burada - Hacıqabulda heç vaxt o sahələrdə əkin aparılmamışdır – nə sovet vaxtında, nə müstəqillik dövründə. Çünki su yox idi və torpaq da o qədər münbit deyil. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə, bax, biz bu nəticəni görürük – Hacıqabulda hər hektardan 7 ton. Amma torpağı daim münbit olan yerlərdə bu rəqəm daha da arta bilər. Ancaq mən sizə deyim ki, hər hektardan taxıl üzrə 7 ton məhsuldarlıq - bu, inkişaf etmiş ölkələrin səviyyəsidir. Özü də bu, ərzaqlıq buğdadır ki, bizə ən çox lazım olan ərzaqlıq buğdadır. Biz hələ ki, idxaldan asılıyıq. Əgər bu texnologiyalar təkcə Şirvan kanalı boyunca, bax, orada göstərilən, yerləşən ərazilərdə tətbiq olunsa, onda biz idxaldan asılılığı böyük dərəcədə azaldacağıq. Sadaladığım digər layihələr icra edildikdə biz bəlkə də nə vaxtsa idxaldan, ümumiyyətlə, imtina edəcəyik”.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı da geniş miqyasda inkişaf edir. Öz doğma yurdlarına qayıdan vətəndaşlarımız həm də kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərirlər. Burada müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaqdır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən zəngin əraziləridir və kənd təsərrüfatına yararlı torpaqların, su ehtiyatlarının - çayların, bulaqların, eləcə də otlaqların olması həm heyvandarlıq, həm də bitkiçilik üçün çox böyük imkanlar yaradır. Azərbaycanda uzun illərdir ki, su ehtiyatlarından səmərəli istifadə sahəsində ardıcıl tədbirlər həyata keçirilir - ölkədə iri su anbarları, su elektrik kompleksləri, suvarma və kollektor-drenaj sistemləri, digər infrastruktur obyektləri tikilib istifadəyə verilib. Bu tədbirlər həm su təchizatı kanallarının suvarma qabiliyyətinin artırılmasına, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılmasına, torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsinə, həm də qənaətcil və mütərəqqi suvarma üsullarından istifadəyə yönəlib. Qlobal iqlim dəyişikliyinin artan təsirini nəzərə alaraq, məhdud su ehtiyatlarına malik ölkə kimi Azərbaycan üçün yeni irimiqyaslı su layihələri böyük əhəmiyyət kəsb edir. Bu layihələr ölkədə torpaqların ekoloji vəziyyətinin, su təchizatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, eləcə də iqtisadiyyatın aqrar sektorunun davamlı inkişafına mühüm töhfə verəcəkdir.
Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova