Dünya sürətlə dəyişdiyi üçün yeni qeyri-sabitlik və qarşıdurma ocaqları yaranır, geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Artıq Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir sıradadır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görmək olur ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edirdi. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları vardı. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.
“Parçalanmış dünyanın bərpası” mövzusunda martın 14-də keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Forumun əhəmiyyətini diqqətə çatdırdı və bir çox mühüm mövzulara toxundu. Ölkə başçısı qeyd etdi ki, regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Ötən il keçirilmiş Forumdan sonra baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapması üçün fəaliyyət göstərdi.
Prezident İlham Əliyev xatırlatdı ki, uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub. Bir sözlə, keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı paytaxtlarından Azərbaycana mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində Azərbaycanın bütün cəhdləri uğursuz oldu. Nəticədə münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. XI Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev onu da qeyd etdi ki, indi Azərbaycan Ermənistanla heç vaxt olmadığı qədər sülhə yaxındır. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir.
Forumda ölkə başçısı həmçinin vurğuladı ki, son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər.
Beynəlxalq hüququn normaları ölkəmizin tərəfində idi, çünki Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Heç bir kömək olmadan Azərbaycan ədaləti və beynəlxalq hüququ özü bərpa etdi. Bütün amillərin vəhdəti ölkəmizin qələbəsini təmin etdi. Ölkəmizin iqtisadi inkişafı, maliyyə imkanları, müdafiə potensialı, hərbi qulluqçuların təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınılması qələbəmizi mümkün etdi.
Prezident İlham Əliyev bildirdi ki, 2018-ci ildə Ermənistan hökumətində dəyişiklik baş verəndə razılığa gəlmək imkanı var idi. Ermənistanın yeni hökuməti Azərbaycan tərəfini əmin etmişdi ki, onlar beynəlxalq hüquqa uyğun davranacaq və əraziləri geri qaytaracaqlar. Əgər o vaxt Ermənistanın yeni hökuməti indiki kimi davransaydı, onda ölkəmizin öz suverenliyini güc yolu ilə bərpa edilməsinə ehtiyac qalmazdı. Lakin 2019-cu ildə Ermənistanın yeni rəhbərliyi “Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq” kimi tamamilə qəbuledilməz təkliflər irəli sürdü. Bundan əlavə, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” şüarını səsləndirdi. Bütün bunlar müharibəni qaçılmaz etmiş amillər oldu. Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində oldu. 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində olduğu kapitulyasiya aktına əsasən onlar o zaman Azərbaycanın nəzarətində olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Ermənistan nəinki on beş minlik hərbi kontingentini ərazidən çıxarmadı, İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində Azərbaycanın nəzarətinin olmamasından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Kommunikasiya yolları üzərində nəzarət ölkəmizə keçdikdən sonra qaçaqmalçılıq dayandı. Buna baxmayaraq, sonuncu antiterror əməliyyatı zamanı ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. Ölkəmizə qarşı istifadə edilmiş silahlar Ermənistana təmənnasız verilmişdir. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın olmuşdur. Prezident İlham Əliyev Forumda diqqətə çatdırdı ki, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır.
“Parçalanmış dünyanın bərpası” mövzusunda martın 14-də keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin keçirdiyi antiterror əməliyyatı, eləcə də Azərbaycanın suverenliyini bərpa etdikdən sonra bəzi dairələrin, xüsusilə də Fransanın dərin narahatlıq keçirməsi haqqında da öz fikirlərini bildirdi. Ölkə başçısı Fransanın ölkəmizə qarşı həyata keçirdiyi səhv siyasəti kəskin tənqid etdi və bir sıra ifşaedici faktları səsləndirdi.
Cavid Osmanov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı