AZƏRBAYCAN TARİXİ ZƏFƏRİNİ KİMLƏRƏSƏ YEM ETMƏYƏCƏK

Avropa Parlamentinin “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı illik hesabatı və son iki qətnaməsi növbəti dəfə sübut etdi ki, qurumun ədalət anlayışı beynəlxalq hüquqdan daha çox geosiyasi amillər və konyuktur maraqlarla ölçülür, bir sıra hallarda kənar təsirlərin basqısı altında formalaşır. Dünyanın hazırkı siyasi mənzərəsi o qərəcədə çirklənib ki, beynəlxalq hüquqla hesablaşmayan bəzi böyük dövlətlərin təzyiq üslubu ayrı-ayrı beynəlxalq təşkilatların ənənəvi davranışına da təsirsiz ötüşməyib. 
Diqqətdən o da qaçmamalıdır ki, Avropa Parlamentinin illik hesabatı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlində sülh danışıqlarının başladığı gün-fevralın 28-də yayıldı. Bu, sülh gündəliyini Fransa kimi ermənipərəst ölkələrin diktə və mövqeyinə uyğunlaşdırmaq üçün göstərilən təzyiq cəhdi kimi də qiymətləndirilə bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev elə həmin gün qəbul etdiyi Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın və onun rəhbərlik etdiyi geniş nümayəndə heyətinin diqqətinə çatdırdı ki, bəzi Avropa dairələrinin ikili standartlar siyasəti sülhə mane olur və cəmiyyətimiz tərəfindən haqlı olaraq anlaşılmır. Prezident həmin siyasətə açıq etirazını bu cür ifadə etdi: “Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük”.  
Azərbaycana qarşı ayrı-seçkilik, bir çox hallarda isə qərəzli münasibət o dərəcədə üzdədir ki, bu, cəmiyyətimizin də diqqətindən yayınmır. Necə yayına bilər ki, Avropa Parlamentinin və AŞPA-nın hesabat və qətnamələrində Qarabağı könüllü şəkildə, öz istəyi ilə  tərk etmiş ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunur. Hətta o da nəzərə alınmır ki,  BMT missiyası mülki ermənilərə qarşı güc tətbiq edilmədiyini, antiterror tədbiri zamanı dinc əhalinin və mülki infrastrukturun hədəf seçilmədiyini dəfələrlə rəsmən bəyan edib. Avropa Parlamentinin ölkəmizlə bağlı hesabat və qətnamələrinin qərəzli olduğunu görmək üçün əlahiddə sübut axtarmağa ehtiyac da yoxdur, bunun üçün parlamentdə mütəmadi  şəkildə səslənən, bir-birini təkrar edən çıxışlara diqqət yetirmək kifayətdir: “erməni xristian qardaşlarımızı müdafiə etməliyik”, yaxud “xristian erməni qardaş və bacılarımızın yaşadığı “Dağlıq Qarabağın” Azərbaycan tərəfindən işğal olunmasına imkan verməməliyik”.  Prezident İlham Əliyevin yüksək səviyyəli nümayəndə heyətinin diqqətinə çatdırdığı növbəti fikri də  Azərbaycan cəmiyyətinin haqlı qənaətini ifadə edirdi: “Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikirimdir, insanların çoxu belə düşünür”. 
 Digər beynəlxalq təşkilatda-AŞPA-da iki qeyri-xristian ölkəsindən biri olan Azərbaycanın hədəf seçilməsi, nümayəndə heyətimizin səlahiyyətlərinin məhdudlaşdırılması həm də bu cür səbəblərə görə cəmiyyətimiz tərəfindən ayrı-seçkiliyin və açıq qərəzin nəticəsi kimi dəyərləndirilir. Son üç ildə Azərbaycana qarşı artan hücumların, qəbul olunan qərəzli hesabat və qətnamələrin gerçək səbəblərinə gəldikdə isə, Azərbaycan Prezidentinin  çıxışlarından iki iqtibas gətirmək istərdim, onlar anti-Azərbaycan mövqeyinin səbəblərinə kifayət qədər aydınlıq gətirir. Prezident İlham Əliyev 2022-ci il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında indiyədək üzləşdiyimiz, bundan sonra da üzləşəcəyimiz qərəzin, ədalətsizliyin, əslində, gözlənilməz olmadığını bu cür ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə  bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür“.  İkinci iqtibas isə Prezidentin andiçmə mərasimində söylədiyi bu fikirlərdir: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.
     Elə bütün bunlara görə, əldə etdiyimiz tarixi Zəfər, yerindən oynatdığımız daşlar istər ətrafımızda, istərsə də Avropada bəzilərini ciddi şəkildə narahat edir və belələri  Cənubi Qafqazdakı yeni siyasi reallıqla barışmaq istəmir. Baxmayaraq ki, Azərbaycan bu gerçəkliyi yaratmaq üçün atdığı bütün addımlarında yalnız tarixi ədalətə və beynəlxalq hüquqa söykənib.Tarixi Zəfərimiz Ermənistanın himayədarlarını o dərəcədə məyus edib və qıcıqlandırıb ki, onlar Azərbaycanın hüquqi cəhətdən legitim addımlarına kölgə salmaqdan, həqiqətləri təhrif etməkdən, guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması ilə bağlı açıq-aşkar yalan məlumatı yaymaqdan belə çəkinmirlər, bütün qərarlarında işğalçı Ermənistanın tərəfini tuturlar. Çünki həmin siyasi dairələrə güclü, sözün həqiqi mənasında siyasi və iqtisadi cəhətdən müstəqil, tam bərabərhüquqlu Azərbaycan deyil, Ermənistan kimi ələbaxan, satellit ölkələr gərəkdir. Prezident İlham Əliyev elə bu səbəbdən martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı yüksək səviyyəli qonaqların diqqətinə bir həqiqəti də çatdırdı: “Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir”. 

Bədxahlarımız çox arzu edərdi ki, Yaxın Şərqdə olduğu kimi, təbii sərvətlərimiz ya onların nəzarətində olsun, ya da Azərbaycan məlum müsəlman ölkələrinin acı aqibətini yaşasın. Avropa Parlamentinin və AŞPA-nın ölkəmizlə bağlı qərəzli qətnamələrinə insan haqları və demokratiya adı altında bəndlərin daxil edilməsi isə qərəzi gizlətmək, onu pərdələmək və təhrif etdikləri məlumatlara dünya ictimaiyyətini inandırmaq məqsədini güdür. Çünki bu cür bəndlərdən ya əvvəl, ya da sonra Laçında sərhəd-keçid məntəqəsinin və antiterror tədbirinin qanuniliyi şübhə altına alınır, ardınca ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunur, onların Qarabağa xüsusi statusla qaytarılması və beynəlxalq mexanizmlər vasitəsilə hüquqlarının qorunması Azərbaycandan tələb edilir. Milyona yaxın azərbaycanlı qaçqın və köçkünün hüquqları, viran qoyulmuş şəhər və kəndlərimiz, təhqir olunmuş məscid və qəbirlərimiz, bu günün özündə də mina partlayışlarının qurbanı olan vətəndaşlarımız, vəhşicəsinə qətlə yetirilən Xocalı soyqırımı qurbanları ədalətdən, demokratiyadan danışan qətnamə müəlliflərinin heç yadına da düşmür. Ona görə də, belələri fərqində deyillər ki, tarixi Zəfəri bizə heç kim hədiyyə etməyib. 30 il ərzində Azərbaycan xalqı məhz onların boş vədlərinə inanaraq səbr göstərdi, amma görünən odur ki, bunun da qədir-qiyməti bilinmir. Çünki Fransa başda olmaqla indi qərəzli qətnamə və hesabatlarla üzərimizə gələnlərin yeganə məqsədi vaxtilə işğalın ömrünü uzatmaqdan və nə zamansa onun nəticələrini Ermənistanın xeyrinə rəsmiləşdirməkdən ibarət olub. 
Azərbaycan tarixi Zəfəri ilə onların arzularını, məkrli planlarını puç etdi, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına ərazi bütövlüyünü və suverenliyini savaş meydanında özü bərpa etdi. Onlar nəzərə almırlar ki, Ermənistandan fərqli olaraq, Qarabağ Azərbaycan üçün sadəcə torpaq yox, Vətənin, Dövlətin bir parçasıdır. Kimlərinsə istəyindən, arzusundan, təzyiq və şantajından asılı olmayaraq, Vətəndən pay olmur! Bədxahlarımızı ciddi narahat edən yalnız bir gerçəklik var, o da Azərbaycanda şahidi olduqları xalq və Lider birliyidir.  Onlar iyrənc üsullarla həmrəyliyimizə nə qədər kölgə salmağa çalışsalar da, bilməlidirlər ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da şəksiz Liderinin bütün qərarlarının arxasında bir nəfər kimi dayanacaq və tarixi Zəfərini kimlərəsə yem etməyəcək! 


Ülvi Quliyev

Milli Məclisin deputatı