Üç il öncə müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi və əzmkarlığı sayəsində tarixi qələbə əldə etdik. 44 gün davam edən Vətən müharibəsi milli iradə və milli ləyaqət hissinin təntənəsi oldu. Müharibə günlərində Azərbaycan Ordusu bir addım belə geri addım atmadı. Sözün əsl mənasında oğullarımız canlarını Vətənə fəda etdilər. Öz qanları, canları bahasına bizə qələbə sevincini yaşatdılar. Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “bu tarixi qələbə təkcə torpaqların geri qaytarılması deyil, ilk növbədə milli ləyaqətimizin bərpa olunması deməkdir”.
Təbii ki, xalqımız 30 il idi ki, bu tarixi anı böyük səbirsizliklə gözləyirdi. Azərbaycan bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, güc yolu ilə torpaqlarındakı erməni terrorçularını məhv etdi, geri oturtdu və Ermənistanı kapitulyasiya aktına imza atdırmağa məcbur etdi. Bu, eyni zamanda dünyada separatizmə, etnik və milli zəmnində qızışdırılan düşmənçiliyə qarşı tarixi qələbə kimi də qiymətləndirilə bilər. Azərbaycan 44 gün ərzində təkcə Azərbaycan xalqının deyil, dinc ermənilərin iztirablarına, əzablarına son qoydu. Biz həm də Cənubi Qafqazda əbədi sülhə gedən yolun açılışını etdik. Dünyaya sübut etdik ki, bölgənin inkişafı, dincliyi, əminamanlığı separatizmin kökünü qazıyıb atmaqdan keçir.
Münaqişənin nizamlanması məqsədilə 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. Bu yanaşma illər ərzində sülh danışıqlarının nəticəsiz davam etməsinə səbəb oldu. Açıq şəkildə işğalçı ilə işğala məruz qalmış tərəf arasında bərabərlik işarəsi qoyuldu. Azərbaycan öz məsuliyyətini dərk edən ölkə kimi beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik göstərirdi. Təhlükəsizlik Şurasının Ermənistan silahli qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Kiçik Ermənistan dövləti BMT kimi nüfuzlu qurumun qərarlarını heçə sayır, bir növ dünyaya meydan oxuyurdu. Bu gün BMT-nin nüfuzsuz bir quruma düşməsinin səbəbkarlarından biri də məhz Ermənistandır. Vaxtında bu ölkəyə qarşı ciddi tədbirlər görülsəydi, BMT indiki acınacaqlı duruma düşməzdi.
Əlbəttə, Ermənistan anlayırdı ki, Azərbaycan təslimçi sülhlə barışmayacaq. 2016-cı il Aprel döyüşləri, 2020-ci il iyul ayında Tovuz döyüşləri də göstərdi ki, müharibə hər an başlaya bilər. Bu xəbərdarlıqlara baxmayaraq, Ermənistan yenə də öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra riyakar siyasəti və “Qarabağ Ermənistandır, nöqtə” deməklə, sülhə inamı sarsıtdı. Azərbaycan Prezidenti İlham Əliyev haqlı, məntiqli olaraq ordunu döyüş vəziyyətinə gətirdi.
44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ münaqişəsi artıq yoxdur, 3 il əvvəl məsələ öz həllini tapdı.
8 noyabr Zəfər günü bizim Xocalıya, Xankəndiyə gedən yolumuzu açdı. Bir çoxları Zəfər gününü yarımçıq qələbə kimi qələmə verməyə çalışırdı. Çünki Ordumuz ermənilərin nəzarətində olan bəzi ərazilərə girə bilmirdi, orada rus sülhməramlıları yerləşdirilmişdi. Ötən 3 il ərzində Ali Baş Komandanın uzaqgörənliyi nəticəsində Ordumuz yarımçıq qalan işləri tamamladı. Bu gün Azərbaycanın üçrəngli bayrağı Xocalıda, Xankəndidə dalğalanır. Bu mənada 8 noyabr Zəfər Günü Azərbaycan tarixində yalnız 28 May, 18 Oktyabr müstəqillik günlərilə müqayisə olunacaq qədər əzəmətli, parlaq gündür.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı