Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyərək, ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 faiz) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bir daha bəyan etdi: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".
Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərçiyinin belə, qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların sosial-iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və sairə daxil idi.
İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində Prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsini, siyasi islahatların keçirilməsini və ölkənin modernləşdirilməsini qarşıda duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.
Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır.
Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan ordusu torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə, noyabrın 10-da prezidentlər İlham Əliyevin, Vladimir Putinin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid vermədən işğaldan azad olundu.
Onu da xüsusi olaraq qeyd edək ki, ermənilər hərbi qarşıdurma reallığında öz ənənəvi xislətlərinə sadiq idilər: onlar döyüş meydanını qoyub-qaçır, cəbhə xəttindən xeyli kənarda yerləşən şəhər və kəndlərimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər. Cəsur Azərbaycan Ordusu isə düşmənin yalnız hərbi qüvvələrinə və obyektlərinə zərbə endirir, mülki əhalini və obyektləri hədəfə almırdı.
Azərbaycan dövləti müharibənin acı reallıqlarını nəzərə alaraq informasiya siyasətini də yenidən qurdu. Bu prosesdə hücum taktikasına üstünlük verdi. Uğurlu informasiya siyasətinin də müəllifi Prezident İlham Əliyev idi. Ali Baş Komandan müharibə zamanı müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına müsahibələr verdi və beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri büsbütün dağıtdı. Bu müsahibələrin hər biri, hər bir cümləsi altından qırmızı xətt çəkiləsi, xalqın ürəyindən xəbər verən sözlərdir. Türkiyənin "A Haber", ABŞ-ın "Fox News", İtaliyanın Rai-1, Almaniyanın ARD və digər televiziya kanallarına, Rusiyanın TASS və İnterfaks, İspaniyanın EFE informasiya agentliklərinə, Yaponiyanın "Nikkei", Fransanın "Figaro", İtaliyanın "La Repubblica" qəzetlərinə və başqalarına müsahibələr zamanı dövlətimizin başçısı erməni faşizminin əsl simasını açıb göstərmiş, erməni vandallığının ağlasığmaz cinayətlərini faktlarla sübut etmişdir. Müdrik Prezidentimiz bəzi xarici müxbirlərin bəzən ittiham xarakterli, böhtan səpkili, qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və dezinformasiya səciyyəli suallarını güclü məntiq, əsaslı fakt və dəlillərlə cavablandırmış, onları dəmir məntiqli arqumentləri əsasında susdurmuşdur.
8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və "dəmir yumruğ"a çevrilmiş xalq. Bu reallıqda Prezident-Ordu-Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyət nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik və bütövləşdik. Ən qatı əleyhdarlarımız belə, bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri "miatsum" ideologiyası - İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda "Ermənistan-diaspora-artsax" ideoloji triadası da yer almışdır.
Artıq müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.
Böyük fəxr və qürur hissi ilə onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci ilin 12 noyabr tarixində Türkdilli Ölkələrin Əməldaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatı) İstanbulda keçirilən VIII Zirvə Göruşündə "Türk Dünyasının Ali Ordeni" ilə təltif olundu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ali Orden"in təqdimat mərasimində səsləndirdiyi fikirlər olduqca böyük məna kəsb edir: "Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan xarıbülbül türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur."
Təəssüf hissi ilə onu da qeyd edək ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi strateji məğlubiyyətlərindən lazımi nəticə çıxara bilmədi.
Bu xüsusda məsələlərə qiymət verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən qeyd etdi ki, "Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma "Dağlıq Qarabağ respublikası"nın yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma "Dağlıq Qarabağ"ın qondarma hakimiyyət orqanları "seçki" keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi."
Formalaşmış şəraitdə sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazilərimiz üzərində tam nəzarət bərpa olundu. Qeyd olunan tədbirdə Prezident İlham Əliyevin vurğuladığı kimi, "Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi".
Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan "böyük Ermənistan" planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni "miatsum"u, "ikinci erməni dövləti" xəyalları birdəfəlik məhv edildi.
Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırımı törətmiş hərbi canilər artıq əliqandallı Bakıya gətirilmiş, onlara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. Ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.
Beləliklə, müharibədə qalib gələn Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur, isbata ehtiyacı yoxdur.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!
Elman NƏSİROV,
Milli Məclisin deputatı