“Azərbaycan-Türkiyə qardaşlığı dünya ölkələrinə nümunədir”

Dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri əsasında qurulmuş və daima möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri bu gün tarixinin ən yüksək zirvəsini yaşamaqdadır. Hər zaman bir-birinin yanında olan Azərbaycan-Türkiyə dövlətləri çətin günlərində bir-birinə dəstək və arxa-dayaq olmuş, yardım etmişdir.

Fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə işgüzar səfəri Azərbaycanın qardaş Türkiyəyə olan dəstəyinin və çətin günündə öz qardaşının yanında olmasının göstəricisidir. Səfər zamanı Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşən ölkə başçımız cənab İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara şəfalar dilədi. Cənab Prezidentimiz baş vermiş faciədən kədərləndiyini və Azərbaycan xalqının dərindən sarsıldığını bildirərək, zəlzələnin baş verdiyi ilk gündən etibarən Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu qeyd etdi. Eyni zamanda ölkə başçımız bundan sonra da humanitar yardımların davam edəcəyini diqqətə çatdırdı. Bəli, cənab Prezidentimizin qeyd etdiyi kimi, Qardaş Türkiyə Respublikasında dəhşətli zəlzələnin baş verdiyi ilk gündən etibarən Azərbaycan dövləti öz dəstəyini göstərməyə başladı. Dövlət başçımız və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan xalqı əlindən gələn bütün köməkliyi və dəstəyi göstərərək bir daha "Bir millət iki dövlət" kəlamını sübuta yetirdi və dünyaya əsl qardaşlıq nümunəsi nümayiş etdirdi.

Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycan-Türkiyə qardaşlığının dünyaya növbəti sübutu oldu. Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir və bu qardaşlıq dünya ölkələrinə nümunədir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkşaf etməsi, müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi ölkə liderləri, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən və müdik siyasətinin nəticəsidir.

Sədaqət Vəliyeva 
MİLLİ MƏCLİSİN DEPUTATI