Tarixin müxtəlif dövrlərində Azərbaycan və Türkiyə bir-birilərinə qarşı qardaşlıq nümunəsi ortaya qoyublar. Həm yaxşı gündə, həm də pis gündə bir yerdə olublar. XX əsrə, xüsusilə XXI əsrə aid buna xeyli misal çəkə bilərik. 44 günlük vətən müharibəsində, Azərbaycanın haqq işində qardaş Türkiyə bütün varlığı ilə bizə dəstək oldu. Mənəvi dəstəyini heç vaxt əsirgəmədi. Müharibə bitdikdən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında Türkiyə aktiv iştirak edir. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə cənab prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımıza səfər edib. Azərbaycan-Türkiyə qardaşlığı bütün sahələrə nüfuz edib və gün keçdikcə daha da güclənir.
Son günlərdə Türkiyənin bəzi ərazilərində güclü zəlzələlər böyük dağıtılar və tələfatla nəticələndi. Belə olan halda qardaş Türkiyənin harayına ilk reaksiya verən Azərbaycan oldu. Prezidentin tapşırıqlarına əsasən zəlzələ baş verən gün Azərbaycandan Türkiyəyə xüsusi xilasetmə qrupları göndərildi. Hal-hazırda həmvətənlərimizdən ibarət xilasetmə qrupları işini yüksək səviyyədə icra edir. Xalqımız 44 günlük vətən müharibəsində olduğu kimi qardaş Türkiyənin ağrılı-acılı günlərində də yumruq kimi birləşib. Ökləmizin bütün regionlarından yardımlar toplanaraq Türkiyəyə göndərilir. Türkiyə xalqı ilə Azərbaycan xalqının qəlbi bir döyünür. Dağıntılar altından çıxarılan yaralılar və həyatını itirmiş insanlar bizi dərindən kədərləndirir. Biz qardaşlığımıza əbədi sadiq qalacaq, yaxşı günlərdə qardaş ölkənin yanında olduğumuz kimi pis günlərdədə onun yanında olacağıq!
Anar Salehoğlu,
İctimai-siyasi fəal