TDT daxilində inteqrasiya keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Aprelin 2-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı çərçivəsində Prezident İlham Əliyev tədbir iştirakçılarını qəbul etmişdir. Qəbulun gedişində çıxış edən dövlət başçımızın səsləndirdiyi fikirlər əslində Azərbaycanın türk dünyasında artan rolunun və təşəbbüskar mövqeyinin növbəti təsdiqi kimi dəyərləndirilməlidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi fonunda bu çıxış həm regional, həm də qlobal kontekstdə mühüm siyasi mesajlarla zəngin idi.
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.  Onun sözlərinə görə, Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Türk dünyasının vahid strateji məkan kimi formalaşmasının artıq konseptual mərhələdən praktik mərhələyə keçidi ilə bağlı vurğulanan fikirlər oldu: "Bu yanaşma göstərir ki, Azərbaycan üçün türk dövlətləri ilə münasibətlər sadəcə mədəni və tarixi bağlılıqlarla məhdudlaşmır, eyni zamanda konkret iqtisadi, nəqliyyat və enerji layihələri üzərində qurulan real əməkdaşlıq platformasına çevrilib. Bu isə təşkilat daxilində inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.”

Millət vəkili onu da qeyd edib ki, Bakının belə mühüm tədbirlərə ev sahibliyi etməsi də təsadüfi hal deyil: “Bu, Azərbaycanın həm coğrafi, həm də siyasi baxımdan Türk dünyasının mərkəzlərindən birinə çevrildiyini göstərir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərdən aydın olur ki, ölkəmiz yalnız təşəbbüslərlə çıxış edən tərəf deyil, eyni zamanda bu təşəbbüslərin reallaşdırılması üçün konkret resurs və imkanlar təqdim edən etibarlı tərəfdaşdır. Çıxışda xüsusi yer tutan məqamlardan biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı idi. Orta Dəhliz layihəsinin aktuallaşdığı bir dövrdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin koordinasiyalı fəaliyyəti qlobal ticarət marşrutlarının yenidən formalaşmasında mühüm rol oynaya bilər. Bu baxımdan Azərbaycanın təşəbbüsləri yalnız regional deyil, daha geiş coğrafiyada iqtisadi proseslərə təsir göstərmək potensialına malikdir. Bununla yanaşı, biz çıxışda siyasi həmrəyliyin əhəmiyyəti və türk dövlətlərinin beynəlxalq platformalarda birgə mövqedən çıxış etməsinin vacibliyi barədə mesajları da eşitdik. Bu, təşkilatın gələcək inkişaf perspektivləri baxımından mühüm strateji xətt kimi qiymətləndirilə bilər. Çünki müasir beynəlxalq münasibətlər sistemində regional birliklərin gücü, ilk növbədə, üzv dövlətlərin siyasi iradəsinin uzlaşdırılması ilə müəyyən olunur. Ümumilikdə, Bakıda keçirilən bu görüş və dövlət başçısının çıxışı göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız ideoloji birlik deyil, real güc mərkəzinə çevrilməkdədir. Azərbaycanın bu prosesdə aparıcı rol oynaması isə ölkəmizin artan beynəlxalq nüfuzunun və çoxşaxəli xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Bu kontekstdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas konsepsiyalardan biri kimi xüsusi əhəmiyyət kəsb edir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.