Zaqatala rayonunda millət vəkili Asif Əsgərov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın məzarlarını ziyarət edib.Şəhidlərimizin qəbirləri üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib. Qeyd olunub ki, müqəddəs Vətən torpağı uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq və onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnəkdir.
Ziyarət çərçivəsində şəhid Rəvan Nurayevin də məzarı ziyarət olunub. Şəhidin ailə üzvləri ilə görüş keçirilib, onlarla səmimi söhbət aparılıb, qayğı və ehtiyacları ilə yaxından maraqlanılıb. Bildirilib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğının davamlı olması hər birimizin mənəvi borcudur.
Daha sonra millət vəkili Muxax kəndində növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı vətəndaşların əsas müraciətləri işsizlik, sosial problemlər, kommunal xidmətlər, eləcə də infrastruktur və məşğulluq məsələləri ilə bağlı olub. Səsləndirilən müraciətlərin bir qismi yerində araşdırılaraq həllini tapıb, millət vəkilinin səlahiyyəti çərçivəsində olmayan məsələlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb. Qəbulda Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri, məktəb direktorları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, vətəndaş müraciətlərinə həssas yanaşmaq və onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görmək daim diqqət mərkəzində saxlanılır. Olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.
Sonda həm şəhid ailələri, həm də qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ünvanına dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, şəhid ailələrinə və vətəndaşların sosial rifahına göstərilən davamlı dövlət qayğısı ölkədə aparılan sosial siyasətin əsas prioritetlərindən biridir. Vətəndaşlar bu diqqət və həssas münasibətin onların gündəlik həyatında mühüm rol oynadığını xüsusi vurğulayıblar.