Prezident İlham Əliyev: “Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir”
Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi və mədəni köklərə əsaslanır. Bu iki qonşu xalq əsrlər boyu birgə yaşayaraq, ticarət, mədəniyyət və siyasət sahələrində sıx əməkdaşlıq etmişlər. Xüsusilə müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Gürcüstan arasında münasibətlər daha da dərinləşmiş və strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Azərbaycan və Gürcüstan, həmçinin beynəlxalq tərəfdaşlarla birlikdə mühüm enerji və nəqliyyat layihələri həyata keçirirlər. Mütəmadi olaraq hökumət başçılarının qarşılıqlı səfərləri təşkil edilir. Belə ki, 26 oktyabr 2023-cü ildə AR Baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfər etmişdir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 05 may 2021-ci ildə Azərbaycana rəsmi, 29 sentyabr 2022-ci, 07 aprel və 24 noyabr (SPECA-nın Zirvə Görüşü) 2023-cü illərdə isə işgüzar səfərlər etmişdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 11 noyabrın 2024-cü il tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur. Azərbaycan və Gürcüstanın hökumət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və dostluq münasibətlərinin göstəricisidir. Bu səfərlər zamanı tərəflər həm ikitərəfli münasibətlərin cari vəziyyətini qiymətləndirir, həm də gələcək əməkdaşlıq perspektivlərini müzakirə edirlər. Belə görüşlər çərçivəsində enerji təhlükəsizliyi və layihələr, ticarət və iqtisadi münasibətlər, nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi, sərhədyanı əməkdaşlıq və regional təhlükəsizlik, mədəni-humanitar sahədə əlaqələr və s. istiqamətlər üzrə əməkdaşlığın inkişafı xüsusi diqqət mərkəzində olur. Bundan əlavə, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, bu da onların strateji tərəfdaşlıq səviyyəsinin yüksək olduğunu göstərir. Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələrin inkişafında müxtəlif rəsmi platformaların rolu çox böyükdür. XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu bu əlaqələrin müxtəlif aspektlərdə dərinləşməsinə və genişlənməsinə xidmət edən mühüm mexanizmlərdir. Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri arasında mütəmadi olaraq keçirilən siyasi məsləhətləşmələr, ikitərəfli münasibətlərin müxtəlif sahələrini, xüsusilə siyasi, diplomatik və beynəlxalq məsələləri müzakirə etmək üçün mühüm platformadır. Bu görüşlər, qarşılıqlı maraqları qorumaq və beynəlxalq arenada mövqeləri birləşdirmək üçün vacibdir. Eyni zamanda, ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən etmək üçün də bu məsləhətləşmələr önəmlidir.
Azərbaycan və Gürcüstan regionda sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində sıx əməkdaşlıq edir, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. İki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsində əlaqələr mövcuddur və bu əməkdaşlıq müxtəlif sahələri – o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrini əhatə edir. Regional sabitlik və təhlükəsizlik məsələsində hər iki ölkə oxşar mövqe tutur və bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək verir. Bu, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində və Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri ilə bağlı məsələlərdə özünü göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da vacib istiqamətlərdəndir. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM və digər platformalarda bir-birinin maraqlarını nəzərə alaraq qarşılıqlı dəstəyi təmin edirlər. Eyni zamanda, hər iki ölkə Cənubi Qafqazda sabitliyin qorunması üçün regional əməkdaşlıq layihələrində birgə iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında deyib ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”. Azərbaycan Respublikası Gürcüstanla olan ikitərəfli əlaqələrinə strateji əhəmiyyət verir. Bu əməkdaşlıq təkcə siyasi deyil, eyni zamanda iqtisadi, energetika, nəqliyyat, humanitar və digər sahələri də əhatə edir.
Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq münasibətləri, qarşılıqlı hörmət və etimada əsaslanır. Xüsusilə, enerji layihələri və nəqliyyat layihələri iki ölkə arasında əməkdaşlığın bariz nümunələrindəndir. Bu layihələr regionun enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, mədəniyyət, təhsil, turizm və digər sahələrdə də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Gürcüstandakı azərbaycanlı icması və Azərbaycandakı gürcü icması iki ölkə arasında bir körpü rolunu oynayır.
Azərbaycan və Gürcüstanın parlamentlərində fəaliyyət göstərən dostluq qrupları, hər iki ölkə arasında parlamentlərarası əlaqələri gücləndirir və bu əlaqələri daha da dərinləşdirir. Bu platforma üzərindən müxtəlif sahələrdəki qanunvericilik təşəbbüsləri, ticarət və iqtisadi əlaqələrin təkmilləşdirilməsi, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı təşəbbüslər irəli sürülür. Eyni zamanda, bu qruplar, xalqlar arasındakı dostluğu möhkəmləndirir və qarşılıqlı etimadın qurulmasında mühüm rol oynayır. Bu mexanizmlər, Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında və daha da güclənməsində əvəzolunmaz rol oynayır. Həmçinin, bu platformalar vasitəsilə əlaqələr daha da şəffaf, dinamik və sistematik şəkildə inkişaf edir.
Azərbaycan və Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişaf edəcəyi tamamilə gözləniləndir və bu proses bir neçə əsas amillə dəstəklənir. İki ölkənin mövcud əməkdaşlıq potensialı və strateji maraqları, bu əlaqələrin daha da güclənməsini təmin edir. Azərbaycan və Gürcüstanın hər ikisi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan və Gürcüstan, həmçinin Türkiyə ilə birgə, regional əməkdaşlığı daha da gücləndirən "Cənubi Qafqaz Üçlüsü" çərçivəsində çalışırlar. Bu üç ölkə, regional təhlükəsizlik məsələləri, enerji təchizatı və nəqliyyat infrastrukturunun inkişafı sahəsində sıx əməkdaşlıq edir. Azərbaycan və Gürcüstan arasında mədəniyyət və təhsil sahəsində qarşılıqlı mübadilə intensivləşir. Bu sahələrdə artan əməkdaşlıq, xalqlar arasında qarşılıqlı anlayış və dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edir. Ümumiyyətlə, bu amillər göstərir ki, Azərbaycan və Gürcüstan arasındakı əlaqələr daha da güclənəcək və hər iki ölkə üçün müsbət nəticələr verəcək. Bu əlaqələr həm regional, həm də beynəlxalq səviyyədə mühüm təsirə malik olacaq.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent