Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüş keçirilib.
Nazirlikdən Sabahinfo.az-a bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Macarıstan arasında səhiyyə və sosial sahədə məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu vurğulayıb:
“Ölkələrimiz arasında tibb elmi sahəsində də əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin alimləri və tibb mütəxəssisləri Azərbaycan və Macarıstanda tibb elmi sahəsində keçirilən konfrans və simpoziumlarda mütəmadi olaraq iştirak edirlər”.
Əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişaf etməsini vurğulayan nazir qeyd edib ki, Azərbaycanda səhiyyə müəssisələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla təchiz olunub:
“Həmçinin şəkərli diabetə qarşı mübarizə üzrə Dövlət Proqramı çərçivəsində xəstələrə paylanan qlükometr cihazlarının və reaktivlərin əksəriyyəti yüksək keyfiyyətli Macarıstan məhsuludur”.
Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Viktor Sederkenyi 2020-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumun imzalandığını xatırladıb. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradılmasını bildirib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, Macarıstan və Azərbaycan arasında COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq, imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Memorandumun həyata keçirilməsi, onkologiya sektorunda Macarıstan istehsalı olan müasir texnologiyalarına dair təkliflər və digər məsələlər müzakirə olunub.