Azərbaycan və Türkiyə ortaq milli maraqlarını qətiyyətlə təmin edirlər

Vətən müharibəsinin başa çatmasından cəmi 11 ay ötsə də, bu müddətdə azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərin həcmi və miqyası onilliklərə bərabərdir.  Demək olar ki, bütün azad olunan ərazilərdə yeni yollar inşa olunur, enerji təchizatını təmin etmək üçün yarımstansiyalar, su elektrik stansiyaları yaradılır, digər zəruri infrastruktur layihələri icra olunur. Görünən odur ki, Ermənistanın 30 ilə yaxın bir dövrdə vandallığa məruz qoyduğu yurd yerlərimiz sürətlə bərpa edilir, yenidən qurulur.

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi azad olunmuş ərazilərin bərpası istiqamətində ən mühüm hadisələrdən biri oldu. Bu il yanvar ayının 14-də təməli qoyulan hava limanının qısa müddətdə inşa edilərək istifadəyə verilməsi göstərdi ki, işğal altındakı torpaqlarımızı cəmi 44 günə azad edən Prezident İlham Əliyev düşmənin viran qoyduğu torpaqlarımızın da qısa müddətdə bərpasına nail olacaq.

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı isə bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını dünyaya bəyan etdi. Qeyd etmək lazımdır ki, dünyada bir çox dövlətlər arasında ortaq milli dəyərlər mövcuddur. Lakin nə bir-birinə yaxın olan həmin dövlətlər arasında, nə də bütövlükdə beynəlxalq münasibətlər sistemində Azərbaycan-Türkiyə birliyinin analoqunu  görmək mümkün deyil. Bu baxımdan iki qardaş dövlət arasındakı sıx münasibətlər beynəlxalq aləmdə nadir rast gəlinən hadisədir.  Təsadüfi deyil ki, Türkiyənin siyasi-hərbi dairələri 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini ilk gündən qətiyyətlə müdafiə etdilər. Türkiyə ictimaiyyətinin nəbzi müharibə günlərində Azərbaycanla birgə döyündü. Ötən ilin Vətən müharibəsi zamanı özünün tarixi sınağından bir daha layiqincə çıxan Azərbaycan-Türkiyə münasibətləri bu ilin iyun ayında imzalanan Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənərək yeni strateji məzmun kəsb etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın bu il ərzində respublikamıza növbəti səfərini etməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı həm də ondan xəbər verdi ki, Türkiyə işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində də Azərbaycanın yanındadır və qardaş dövlət olaraq Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində əldə edilən uğurlara dərindən sevinir. Digər tərəfdən, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin iştirakı göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri böyük öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrikliklə dedikləri  və tarixi əhəmiyyət kəsb edən “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” tezislərinə uyğun inkişaf edir,  daha da möhkəmlənir və sarsılmaz olur.

Torpaqlarımızın işğaldan azad edilməsi və regionda yeni reallıqların yaranması Azərbaycana özünün tarixi milli maraqlarını təmin etməsi, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün əlverişli zəmin formalaşdırıb. Prezident İlham Əliyev hələ 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə bildirmişdi ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçalayıb. İki il əvvəl, 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türk Şurasının Zirvə görüşündə cənab İlham Əliyev bir daha bu mövzuya toxunaraq bildirmişdi ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı, ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk.

Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması Prezident İlham Əliyevin illər öncədən elan etdiyi milli prioritetdir. Ötən ilin Vətən müharibəsində Azərbaycanın qələbəsinin və Ermənistanın məğlubiyyətinin siyasi-hüquqi təsdiqi olan üçtərəfli bəyanatın 9-cu bəndində “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir” ifadəsinin yer alması da bunu təsdiq etdi.

Hazırda Azərbaycan-Türkiyə qardaşlığı regionda güclü mövqeyə sahib olduğu kimi, Zəngəzur dəhlizinin açılmasında da aparıcı rol oynayır. Oktyabrın 26-da prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması bir daha göstərdi ki, Azərbaycan və Türkiyə öz milli maraqlarını ehtiva edən reallıqları qətiyyətlə təmin edirlər və heç bir qüvvə buna maneçilik törədə bilməz. Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa kommunikasiyaların yaradılması ilə yanaşı, Azərbaycanla Türkiyə və bütövlükdə türk dünyası arasında nəqliyyat əlaqələrini daha da yaxınlaşdıracaqdır.

Bu gün Azərbaycan müstəqillik və dövlətçilik tarixinin yeni mərhələsini yaşayır. İşğal olunmuş ərazilərimizin azad olunması ilə yanaşı, hazırda bu torpaqlarda gedən bərpa prosesi də dövlətimizin gücünün və qüdrətinin ifadəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün azad olunmuş ərazilərimiz yüksək səviyyədə yenidən qurulacaq, onların hər biri tarixi şöhrətini bərpa edəcək. Azərbaycan-Türkiyə qardaşlığı isə bundan sonra da regionda sülhün və təhlükəsizliyin təmin olunmasında əsas söz sahibi kimi çıxış edəcək.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı