"Azərbaycan vətəndaşları 2025-ci ildə daha yaxşı yaşamaq imkanlarına malik olacaqlar" - Vitse-spiker

"2025-ci ildə insanların rifahının daha da yaxşılaşdırılması üçün mümkün olan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi 2025-ci ilin dövlət büdcəsində öz əksini tapıb. Güman edirəm ki, Azərbaycan vətəndaşları 2025-ci ildə daha yaxşı yaşamaq imkanlarına malik olacaqlar".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hər bir hökumətin fəaliyyətini qiymətləndirən ən mühüm parametr təkcə ondan ibarət deyil ki, hökumət qarşısına çıxan problemləri həll edə bilir:

"Həm də ondan ibarətdir ki, hökumət hər növbəti ildə insanlara daha yaxşı, yüksək və keyfiyyətli həyat təqdim edə bilir. Düşünürəm ki, 2025-ci ilin dövlət büdcəsində bu cəhətlər özünün hərtərəfli əksini tapıb".