Son dövrlərdə bütün dünyada sivilizasiya və davamlı inkişaf üçün müəyyən çətinliklər yaradan iqlim dəyişikliyi problemi, eyni zamanda planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəklənməsi, atmosfer havasının temperaturunun yüksəlməsi, quraqlıqlar, yanğınlar, təbii fəlakətlər və iqlim dəyişikliyinin mənfi təsir etdiyi iqtisadi və sosial böhranlar qlobal iqlim dəyişmələrinin bariz əlamətləri hesab edilir. Xüsusilə, dördüncü sənaye inqilabının gətirdiyi dəyişikliklər nəticəsində böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdə atmosferə atılan karbon qazının həcmi iqlim dəyişikliyi ilə mübarizəyə ciddi şəkildə əngəl törədir.
Qeyd etməliyik ki, bu aktual problem hələ ötən əsrin sonlarında özünü büruzə verməyə başlamışdı. Bu tip qlobal siyasi problemlərin həllində eko-dialoqun aparılması iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm addımlardan biri hesab olunurdu. Bu baxımdan, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərək dünya dövlətləri, hökumətlər gələcəkdə onun daha fəal tədbirlərinin həyata keçirilməsini təsdiq etdilər. Daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr nəzərdə tutan bu Konvensiya siyasi idarə, eləcə də elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyə imkan yaratdı.
Azərbaycan da öz növbəsində bu çağırışlara hər zaman həssaslıq nümayiş etdirib. Son 20 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən ekologiya sahəsi məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasını özündə ehtiva edir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalayıb və həmin ilin oktyabr ayında sənəd Milli Məclisdə ratifikasiya olunub.
Bu gün ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Görülən işlər çərçivəsində 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olundu, 2013-cü ildə ölkəmiz MDB məkanında elan olunan ekoloji il çərçivəsində bir sıra regional və beynəlxalq tədbirlər həyata keçirdi, eləcə də 02 fevral 2021-ci il tarixində imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıya qoyulmuş hədəflərdən biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olaraq müəyyən edildi.
Təsadüfi deyil ki, keçdiyimiz günlərdə Azərbaycan növbəti böyük uğuruna imza atdı. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un növbəti il dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilməsinə dair qərar qəbul edildi.
Ümumiyyətlə, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan özünün xarici siyasətində geniş fəaliyyət istiqamətlərindən biri olaraq ölkəmizin dünyada tanıdılmasını müəyyən etdi, eləcə də Azərbaycanın təbii sərvət və əhali potensialının, geosiyasi mövqeyi, mədəniyyəti, incəsənət və musiqisinin hər bir sahədə təbliği ilə məşğul oldu.
Azərbaycan bu günədək yüzlərlə beynəlxalq konfransların, irimiqyaslı, mötəbər tədbirlərin həyata keçirilməsinə müvəffəq olmuş, beləliklə də beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilmişdir. Eyni zamanda, bu gün Bakı şəhəri yaradılmış bütün infrastruktur imkanları baxımından mötəbər beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi, eləcə də ölkəyə gələn bütün yüksək səviyyəli qonaqların qəbul olunması üçün ən yaxşı məkanlardan biri hesab olunur. 15 dekabr tarixində Prezident İlham Əliyevin COP29-un gələn il ölkəmizdə baş tutması ilə əlaqədar keçirilən müşavirə zamanı qeyd etdiyi kimi, “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.”
Ölkə başçısının sözləri öz təsdiqini artıq əməli işdə tapıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan dördüncü sənaye inqilabının baş verdiyi əsrdə özünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətinə transformasiya edir.
Xüsusilə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Azərbaycan “yaşıl” iqtisadiyyatın təşviqi və “yaşıl” enerjinin istehsalı sahəsində bir sıra vacib meqa layihələrə imza ataraq, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativ enerjinin xaricə nəql olunması istiqamətində dost dövlətlər mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər.
2024-cü ildə baş tutacaq COP29-da da əsas məqsədimiz yaşıl enerji növlərinin yaradılması və həmin yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirmək olacaqdır. Bu işin təşkilində dövlətlər, qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlarla yanaşı, inanıram ki, gənclərimiz, könüllülərimiz də hərəkatın aktiv üzvü olaraq öz töhfələrini əsirgəməyəcəklər, bu günə qədər Azərbaycanda keçirilən mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində göstərdikləri fədakarlığı, qəhrəmanlığı bu platformada da ortaya qoyacaqlar.
Prezident İlham Əliyevin dekabrın 13-də Bakıda keçirilən “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nun iştirakçılarına ünvanladığı müraciətində qeyd olunduğu kimi, “Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar.”
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı