Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb

Ermənistanın Azərbaycana, xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti 200 illik  bir müddəti əhatə edir. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.Zamanla yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edən ermənilər xalqımıza qarşı soyqırım aktları törətmiş, insanlara işgəncələr verilmiş,İrəvan, Zəngəzur, Göyçə kimi əzəli torpaqlarımızdan soydaşlarımızı qovmuş yüzlərlə yaşayış məntəqəsini dağıdaraq yerlə yeksan etmişlər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmiş, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmiş, yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Tarixən Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş və Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Azərbaycan işğala məruz qalmasına baxmayaraq münaqişənin sülh yolu ilə həllində maraqlı olmuşdur. Məhz onun üçün ATƏT Minsk Qrupunun münaqişənin həllində mühüm rol oynayacağına ümid edilmişdir. Lakin Minsk Qrupu  29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır.  Bu müddət ərzində isə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuş, işğal dövründə  mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. 30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.

Ermənistanın törətdiyi təxribatlar 2020-ci ilin yay aylarında xüsusilə daha geniş və davamlı xarakter almışdı. 27 sentyabr 2020-ci ildə növbəti belə genişmiqyaslı təxribat cəhdinə əl atan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Bir sözlə, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər zaman qeyd etdiyi kimi Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb. Xalqımız bu qələbəyə möhkəm əsaslı xalq-Ali Baş Komandan-güclü ordu birliyi sayəsində imza atdı. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi davamlı orduquruculuğu nəticəsində dünyanın güclü ordularından biri olduğunu cəmi 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirən Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası artıq dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

44 günlük hərbi əməliyyatlar dövründə Ermənistan ordusu isə cinayətkar ordu olduğunu müharibə cinayətləri törətməklə bir daha sübut etdi. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir kimi münaqişə zonasında olmayan şəhər və rayonları raket atəşinə tutaraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədirdi. Münaqişənin bitməsinə baxmayaraq, təəssüf ki, Ermənistanın müharibə cinayətləri bu ölkənin torpaqlarımızı işğalda saxladığı müddətdə basdırdğı minalarla hələ də davam edir. Lakin güclü dövlətimiz həmin ərazilərin minalardan təmizlənməsi işini təxirəsalmadan həyata keçirir və bərpa-quruculuq işlərinin sürətləndirilməsini təmin edir.

Güclü Azərbaycan dövləti bütün bu işlərlə yanaşı canı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından azad etmiş hərbçilərimizi, şəhid ailələrini, qazilərimizi daim diqqət mərkəzində saxlayır, onlar üçün lazım olan hər bir şəraiti yaradır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Hər bir qazi və şəhid ailəsi Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən hər zaman dövlətin diqqət mərkəzindədir. Bir sözlə, qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir. Bütün bunlardan əlavə, Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenlərinin və 15 medalın təsis olunması Qələbənin əbədiləşdirilməsi, eyni zamanda hər bir müharibə iştirakçısına ayrılan ali diqqətin təcəssümüdür.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq və onların əziz xatirələrini əbədiləşdirmək məqsədi ilə 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi, həmçinin paytaxtın ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Bütün bunlar şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkə başçısının ali ehtiramın göstəricisidir.

Daim xalqın iradəsini və ölkəmizin maraqlarını uca tutan  Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələr vermişdir. Bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Bütün təzyiqlərə, təhdidlərə mərdliklə sinə gərən Azərbaycan “Dəmir Yumruq” sayəsində Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Bir neçə gün öncə isə keçirilən anti-terror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bərpa edildi. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir və onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib.

 

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı