Azərbaycan xalqı yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur

Müdrik şəxsiyyət, dünya şöhrətli siyasi xadim, Vətən, xalq qarşısında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində, eləcə də dünya azərbaycanlılarının yüksək ehtiramı ilə respublikamızın hüdudlarından kənarda da geniş qeyd olunur. 

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edil­məsi haqqında Prezident İlham Əliye­vin 29 sentyabr 2022-ci ildə imzaladığı sərəncam həm xalqımız, həm də dünya azərbaycanlıları tərəfindən böyük razılıq­la qarşılanıb. Çünki bu gün hər bir soyda­şımız yaxşı dərk edir ki, hazırda xalqımı­zın firavan, azad yaşamasının, ölkəmizin beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınmasının, o cümlədən, müstəqil Azərbaycanın adının dünyanın inkişaf et­miş dövlətləri ilə bir sırada çəkilməsinin əsasını ulu öndər Heydər Əliyev qoyub. 

Heydər Əliyevin böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi Azərbaycanın müstəqilliyini əbədiyyətə çevirdi, xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdı və hüquqi, sivil, demokra­tik dövlət quruculuğu istiqamətində qətiy­yətlə irəliyə apardı. Sərəncamda da qeyd edildiyi kimi, “Heydər Əliyev öz xalqını müstəqilliyə qovuşdurmuş qüdrətli şəx­siyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəka­sının işığında qədəm qoymuşdur. Da­vamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin hə­yat amalının təntənəsidir.

SSRİ-nin süqutundan sonra Azərbay­canın dövlət müstəqilliyini bərpa etdiyi dövrü hər kəs yaxşı xatırlayır. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin dövlət idarə­çiliyindəki səriştəsizliyi, həm də sovet qayda-qanunlarından ayrıla bilməməsi müstəqilliyimizin qorunub saxlanılmasın­da və respublikamızın beynəlxalq aləmə inteqrasiyasında ciddi problemlər yara­dırdı. Digər tərəfdən, ölkədə hökm sürən özbaşınalıq, kortəbii idarəçilik, məh­kəmə-hüquq sistemində mükəmməl qa­nunların, milli dövlətçiliyimizin möhkəm­ləndirilməsində qanunvericilik aktlarının olmaması vəziyyəti getdikcə ağırlaşdı­rırdı. Belə bir vaxtda xalqın yeganə ümid yeri dünya şöhrətli siyasi xadim Heydər Əliyev idi. 

Xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər, ilk növbədə, hüquqi dövlət quruculuğu istiqamətində qarşıya mühüm vəzifələr qoydu. Heydər Əliyev həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş dövlətin inkişafında zəngin qanun­vericilik bazasının yaradılmasını, qanu­nun aliliyinin təminatını prioritet sayaraq demişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyər­lərdən səmərəli istifadə edərək demokra­tik dövlət quruculuğu yolu ilə getməlidir”.

Müstəqilliyimizin əbədiyyətə çevril­məsini qarşıya məqsəd qoyan ulu öndər hər bir müstəqil dövlətin konstitusiyasının mövcudluğunu mühüm amillərdən biri hesab edirdi. Ulu öndərin bu məqsədlə əsasını qoyduğu hüquqi islahatlar Azər­baycanda demokratik, sivil dövlət quru­culuğu istiqamətində görülmüş işlər döv­lət quruculuğunda əsaslı dönüş yaratdı. Artıq yeni Konstitusiyanın qəbul edilməsi zərurəti yaranmışdı. Dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ilin noyabrında ümumxalq səs­verməsi – referendum yolu ilə qəbul olundu. Ulu öndər bununla qürur duydu­ğunu açıq şəkildə bəyan edərək demiş­dir: “Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yarat­mışıq”. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ümummilli lider Heydər Əliyevin şаh əsə­ri hesab olunur.

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü isla­hatların həyata keçirilməsi, demokra­tik, hüquqi dövlət quruculuğu Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Bu tarixi sənədin qəbul еdilməsi Azərbaycanda hüquqi-de­mokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azad­lıqlarının müdafiəsinin təməlini qoydu. Həmin ildən – 1995-ci ildən əfv və am­nistiya institutlarının əsası qoyulmuş, in­diyədək qəbul olunmuş amnistiya aktları, əfv fərmanları on minlərlə şəxsə tətbiq edilmişdir. Bu gün də dövlətimiz həmin humanizm prinsiplərinə sadiqliyini nüma­yiş etdirir.

Müstəqil Azərbaycanın ilk Konstitu­siyasının qəbulundan sonra hər bir şəxs qarşısında mühüm bir vəzifə qoyuldu. Ümummilli liderin bu məsələdə mövqeyi qəti idi: “Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməlidir. On­dan irəli gələn dövlət və cəmiyyət qarşı­sında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".

Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu pro­sesində yeni mərhələnin əsası qoyuldu. Ulu öndər Konstitusiyamıza əsaslanaraq və demokratik prinsipləri rəhbər tutaraq, genişmiqyası islahatlara start verdi. Bu məqsədlə 1996-cı ildə özünün rəhbərlik etdiyi Hüquq İslahatları Komissiyasını yaratdı. Müdrik şəxsiyyət hüquqi dövlət quruculuğu istiqamətində məhkəmələrin, hüquq-mühafizə orqanlarının, ümumiy­yətlə, ədliyyə sisteminin müasir tələblər səviyyəsində formalaşdırılmasını vacib hesab edirdi. Bir-birinin ardınca qəbul edilən “Konstitusiya Məhkəməsi haqqın­da”, “Məhkəmələr və hakimlər haqqın­da”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar, o cümlə­dən, hüquq sisteminin mahiyyətini müəy­yən edən digər qanunvericilik aktlarının da qəbul edilməsində əsas məqsədi bu idi. Məhkəmə-Hüquq Şurasının təsis olunması da ulu öndərin bu istiqamətdə xüsusi önəm verdiyi məsələlərdən idi. 

Məhkəmə islahatının ilkin mərhələ­sində atılmış mühüm addımlar nəticə­sində müvafiq qanunvericilik bazası bey­nəlxalq standartlara uyğunlaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edil­mişdir. Qanunvericilikdə məhkəmə haki­miyyəti müstəqilliyinin və hakimlərin sta­tusunun əsasları, habelə hüquqi dövlətə xas olan ədalət mühakiməsinin prinsipləri müəyyən edilmiş, məhkəmələrin fəaliy­yəti üçün zəruri şərait yaradılmış, hakim­lərin maddi və sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə ədliyyə sisteminin inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Həmin dövr­də – 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə qəbul olunan qanunlar Əd­liyyə Nazirliyinin fəaliyyət dairəsini daha da genişləndirmiş, cəmiyyətdəki rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Ulu ön­dərin diqqət və qayğısı sayəsində ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələblə­ri səviyyəsində qurulması məqsədilə mü­vafiq struktur dəyişiklikləri də aparılmış­dır. Nəticədə yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. 

Bir əsrdən çox fəaliyyəti olan ədliy­yə sistemi bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın əsası ulu öndər tərəfindən qoyulub. Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərən­camla hər il 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

Yeri gəlmişkən, bir faktı da xüsusi qeyd etmək istərdik. Bu gün Azərbaycan ədliyyəsinin beynəlxalq əlaqələri xey­li dərəcədə genişləndirilib və daha da möhkəmləndirilib. Ulu öndərin siyasi kur­suna bütün sahələrdə sadiqlik göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilədək müddətdə Azərbaycan əd­liyyəsinin inkişafı üçün əsaslı islahatlar davam etdirilib. Xüsusilə qeyd edilməlidir ki, müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq artıb, vətəndaşlara mülki hüquq münasibətlə­rindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradılıb. Eyni zamanda, ədliyyə sisteminin fəaliyyəti beynəlxalq normalara uyğunlaşdırılıb, mükəmməl normativ-hüquqi bazası yaradılıb.

Azərbaycanın beynəlxalq aləmə in­terqrasiyasını daha da sürətləndirmək üçün insan hüquq və azadlıqlarının müdafiəsi xüsusi önəm daşıyırdı. Bu məsələ ulu öndərin siyasi hakimiyyətə qayıdışının ilk günlərindən qarşıya qoy­duğu prioritet vəzifələrdən idi. Ümummilli lider hələ 1993-cü ildə ölüm cəzasının icrasına veto qoymuşdu. 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq, Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi. Ulu öndərin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqla­rının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və kon­sepsiyası müəyyən edildi. Bundan sonra insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılırdı. Heydər Əliyev 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Bu, həm də Azərbaycan dövlətinin humanizm prin­siplərinə verdiyi dəyərin göstəricisidir. Məhz ulu öndərin respublikaya rəhbərli­yi dövründə ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu.

Heydər Əliyev ölkəyə rəhbərliyi döv­ründə hüquqi, sivil, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində bütün imkanlardan yetərincə istifadə edib. Zaman keçdikcə bu sahədə böyük uğurlar qazanıldı. Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlama­sının əsası həmin dövrdə qoyulub. 2020- ci il noyabrın 10-da Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Ermənistanın 30 il­lik işğalçılıq siyasətinə son qoymasının da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu uğurlu siyasi kursun nəticəsi­dir ki, bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Otuz il Ermənistanın iş­ğalı altında qalmış ərazilərimizdə bu gün Azərbaycan Bayrağının dalğalanması hər bir soydaşımızı qürurlandırır. Bu, həm də dünyaya “Qarabağ Azərbaycandır!” me­sajının verilməsidir. Yeri gəlmişkən, həmin ərazilərdə hazırda aparılan genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinə dünyanın əksər dövlətləri də qoşulub. Bu, dünya birliyinin bir daha Azərbaycanın ərazi bütövlüyünü tanımasından xəbər verir. 

Qürurla qeyd etmək istərdim ki, bir neçə gün əvvəl Milli Məclisdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbay­can Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda də­yişiklik edilməsi barədə qanun layihəsi qəbul olunub. Yubiley medalının təsis edilməsi Azərbaycan xalqının ümum­milli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinə verilmiş dəyərli bir töhfə və yüksək qiymətdir. 

 

Səadət İSMAYILOVA,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru