Təcavüzkar erməni şovinistləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından didərgin salmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları qərinələr boyu mütəmadi surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi varvarcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən mənimsənilmişdir.
Müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş soyqırımı siyasəti, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.
1988-ci ildə erməni millətçiləri o vaxtkı SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra genişmiqyaslı hərbi əməliyyatlara keçdilər. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı, insanlıq tarixində qara ləkə kimi qalacaqdır. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir.
Azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
Son illərdə Azərbaycanın bəzi ərazilərində soyqırımın sübutu olan kütləvi məzarlıqlar aşkar edilir. Bunlardan biri də 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıqdır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yadda¬şının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində tayı-bərabəri olmayan erməni millətçiləri bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi aparır, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir.
2020-ci il bütün dünyada çətin il olsa da, Azərbaycan üçün istər siyasi, diplomatik, hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu. 2023-cü ilin sentyabr ayının 19-da keçirilən bir günlük anti-terror əməliyyatı nəticəsində isə erməni separatçılarının son sığınacağı olan Xankəndi də azad olundu, respublikamızın ərazi bütövlüyü tam olaraq təmin olundu.
Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır.
Bu da həqiqətdir ki, müharibə itkisiz olmur.Torpaqlarımız işğaldan azad edilərkən şəhidlərimiz, qazilərimiz oldu.
Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini daim yad edəcək və əbədiyyən qəlbində yaşadacaqdır. Heç təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Şuşanın azad olunmasını, Azərbaycan xalqı isə Zəfər gününü tarixi həqiqətləri daim yada salan, şəhidlik zirvəsinin nə olduğunu hər addımda xatırladan Şəhidlər xiyabanında qeyd etdi. Çünki müstəqil Azərbaycan uğrunda canlarından keçənlərin ən böyük hədiyyəsi azad Vətən torpağıdır.
Ümumiyyətlə, ötən əsrdə dörd dəfə —1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir.
Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir.
Elnarə Həziyeva
SABAHİNFO.AZ saytının şöbə müdiri