Azərbaycan xalqının milli qürur, ləyaqət günü

Zəfər günü Azərbaycan xalqının ümummilli qürur günüdür. Ali Baş Komandanımız, Ordumuz 30 ildir ki, tapdalanan, təhqir olunan ləyaqətimizi, öləziməkdə olan inamımızı, ümidimizi bərpa etdilər, bizə qaytardılar. Biz xalq olaraq çox küskün, pessimist görünürdü. Bütün məsələlərə münasibətdə bu pessimiz ovqat özünü göstərirdi. Hər bir uğursuzluğa görə özümüzü qınayırdıq, bir-birimizi ittiham edirdik. Bütün bunlar torpağını itirən, müharibədə bu və ya digər səbəbdən məğlub duruma düşən toplum üçün xarakterik psixoloji durumdur. Çoxları elə düşünürdü ki, Ermənistan 30 il ərzində Qarabağda çox ciddi möhkəmləniblər, keçilməz mühəndis-istehkam işləri aparıblar, silahlanıblar. Ən əsası erməni diasporu və Qərb dövlətləri Ermənistanı, Qarabağdakı separatçı rejimi ciddi və açıq şəkildə müdafiə edirdilər. Azərbaycana təzyiq göstərirdilər ki, biz gedib separatçılarla bir masa arxasında əyləşib Qarabağın statusunu müzakirə edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın və Qərbin birlikdə həyata keçirdikləri bu çirkin siyasi oyunları pozdu, ərazi bütövlüyü məsələsində ortaya prinsipial, qətiyyətli mövqe qoydu.

Ali Baş Komandan haqlı olaraq həm siyasi, diplomatik, həm də hərbi müstəvidə Qarabağın azadlığı üçün fəaliyyətləri gücləndirdi. Ordu quruculuğu sürətləndirildi. Peşəkar hərbi birləşmələr yaradıldı. Vətənpərvərlik ruhunda böyüyən gənclər böyük həvəslə hərbi sahəyə üz tutdular. Silahlı Qüvvələr üçün ən müasir silahlar yaradıldı, hərbi hissələrin maddi-texniki bazası gücləndirildi. Hərbçilərimiz Türkiyədə, Pakistanda, MDB çərçivəsində bir sıra ölkələrdə təlimlər keçdilər. Qarabağ işğal olunarkən körpə olan övladlarımız böyüyüb Vətənə qəhrəman əsgər oldular. 2020-ci il sentyabrın 27-də cənab Prezidentin əmri ilə Ordumuz hücuma keçdi və 44 gün ərzində Azərbaycan torpaqlarını erməni işğalçılarından təmizlədi. Noyabrın 8-də Azərbaycan mədəniyyətinin paytaxtı olan, gözəl Şuşa azad edildi, üçrəngli bayrağımız qədim şəhərimizdə dalğalandı. Mərd oğullarımız alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə, kanatlarla qalxdılar. Təbii istehkam olan Şuşanın sıldırım qayaları ilə şəhərə daxil olan igidlərimiz orada əlbəyaxa dava ilə düşməni məhv etdilər. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusunun qarşısına qoyulan ilkin missiya tamamlandı. Tarixən Şuşaya kim nəzarət edibsə, Qarabağ da onun olub. Bunu başa düşən Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyan özü müsahibələrində bildirirdi ki, məğlubiyyət aktına – 10 noyabrda imzalanan üçtərəfli bəyanata imza atmasaydı Qarabağdakı bütün erməni silahlıları mühasirəyə düşüb məhv ediləcəkdilər.

Zəfər günü bizim yeni qələbələrimizin də yolunu açdı. Çoxları düşünürdü ki, 10 noyabr razılaşmasından sonra Azərbaycan Ordusu Qarabağda daha heç zaman hərbi əməliyyatlar həyata keçirməyəcək. Ermənistanın 10 noyabr bəyanatının şərlətini açıq-aşkar pozması Ordumuzu hərəkətə gətirdi. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana təhvil veriləndən sonra Ordumuz digər yüksəkliklərə nəzarəti həyata keçirdi. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə - Laçında keçid məntəqəsi qoyduq. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını aldıq. Amma erməni separatçıları yenə da sakit dayanmırdılar. Qondarma rejim referendum, seçkilər keçirirdi, əraziləri minalayırdılar, terror aktları həyata keçirirdilər. Azərbaycan dövləti revanşist qüvvələrin özbaşınalığına sonsusa qədər dözə bilməzdi. Nəhayət sentyabrın 20-də Ordumuz antiterror tədbirləri həyata keçirərək bütün Qarabağı separatçılardan təmizlədi. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda dalğalandı.

Cənab Prezident İlham Əliyev Xankəndidəki çıxışında bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Amma etiraf etməliyik ki, Zəfər gününün memarı Azərbaycan xalqını vahid yumruğa çevirən müzəffər Ali Baş Komandanımızdır. Vətən müharibəsi 44 gün çəksə də, Zəfər gününə gedən yol daha uzun və daha çətin olub. İstər hərbi müstəvisində, istər hərbi-siyasi və diplomatik müstəvidə bu zəfərin əldə olunması üçün böyük zəhmətlər çəkilib, cəsarət nümayiş etdirilib. Biz təkcə Ermənistanı deyil, onun arxasında duran böyük gücləri məğlub etdik.

Doğrudan da, tarixi günlər yaşayırıq. 8 noyabr dövlətçilik tariximizin mühüm və şanlı bir səhifəsidir. Zəfər günü böyük qayıdışa yol açan hadisəsidir. Zəfər günü Azərbaycan xalqının milli qürur, ləyaqət günüdür.

 

Hacı Zaur Tarverdiyev

Sahibkar