Bakı növbəti beynəlxalq əhəmiyyətli tədbirə- Vl Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Oturuşmuş dünya nizamını ciddi şəkildə təhdid edən qlobal parçalanma ilə bağlı olan siyasi reallıq göstərir ki, bu gün bəşəriyyətin ən çox ehtiyac duyduğu məsələlərdən biri sülh və təhlükəsizliklə bağlıdır. Həqiqətlərdən biri ondan ibarətdir ki, müxtəlif coğrafiyalarda baş verən və ilbəil artmaqda olan kiçikli-böyüklü münaqişələrin gerçəkləşməsində etnik və dini ayrı-seçkilikdən, sivilizasiyalararası fərqlilik amilindən getdikcə daha çox istifadə olunur. Başqa bir səbəb isə bölücülüyü təşviq edən separatçılıq meyillərinə coğrafiyalardan asılı olaraq siyasi münasibətin və hüquqi dəyərləndirmənin dəyişməsi, bir-birindən kəskin şəkildə fərqlənməsidir. Dünyanın təhlükəsizliyinə görə məsuliyyət daşıyan böyük güclərdən bəziləri geosiyasi məqsədlərinə çatmaq üçün bu cür amilləri süni şəkildə şişirtməkdən, onlardan siyasi manipulyasiya elementi kimi istifadə etməkdən çəkinmirlər. Bakıda keçirilən Forumun “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” kimi həssas bir mövzuya həsr olunması həm də bu siyasi gerçəkliyin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.
Geosiyasi maraqlar uğrunda aparılan barışmaz mübarizənin təhlili göstərir ki, dil və din, etnik və mədəni mənşəyi fərqli olan cəmiyyətlər, bütövlükdə sivilizasiyalar arasında uzlaşmanı təmin etmək istəyən siyasi qüvvələrin səyləri hələ də ciddi müqavimətlə üzləşir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanan “Bakı Prosesi”nin əsas məqsədlərindən biri sivilizasiyalar arasında mövcud olan körpülərin ayırıcı məqsədlərə deyil, birləşdirici və uzlaşdırıcı hədəflərə töhfə verməsini təmin etməklə bağlıdır. “Bakı Prosesi”nin tərkib hissəsi kimi sayca altıncı olan builki Forumda 110 ölkəni təmsil edən 700-dən çox nüfuzlu nümayəndə, o cümlədən görkəmli dövlət xadimləri, parlament təmsilçiləri, dini liderlər, alim və jurnalistlər iştirak edirlər. Nüfuzlu təmsilçilik formatı ona xidmət edir ki, müzakirəyə çıxarılan mövzu ətrafında peşəkar səviyyəli fikir mübadiləsi aparılsın, qlobal təhlükəsizliyə mane olan amillərin aradan qaldırılması naminə ortaq mövqe formalaşdırılsın. Bu cür müzakirələr ona görə vacibdir ki, dini və etnik tolerantlıq, multikulturalizm kimi dəyər hətta bəzi inkişaf etmiş cəmiyyətlər tərəfindən indinin özündə də asanlıqla həzm olunmur, bəzən isə dini və etnik mənşəli fobiyaların məqsədli şəkildə təşviqi yeni münaqişələrin yaranmasına gətirib çıxarır. Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq, builki Forumun açılış mərasimində də çıxış etdi, Azərbaycan cəmiyyətinin bu mənada bənzərsiz özəlliyini həm Forum iştirakçılarının, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda-toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik”.
Mübaliğəsiz həqiqətlərdən biri də onunla bağlıdır ki, işğal dövründə şəhər və kəndlərimizin Ermənistan tərəfindən yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsimizin, o cümlədən Qarabağda 67 məsciddən 65-nin dağıdılaraq təhqir olunmasına, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətə məruz qalmağımıza baxmayaraq, müharibə dövründə mülki ermənilər Ordumuz tərəfindən hədəf seçilmədi. Ötən ilin sentyabrında keçirilən antiterror tədbiri zamanı da Qarabağda yaşayan nə dinc erməni sakinlər, nə də onlara məxsus olan mülki infrastruktur Azərbaycan əsgərinin hədəfində olmadı. Bu faktın BMT-nin səlahiyyətli missiyası ilə yanaşı, Ermənistan baş naziri N.Paşinyan tərəfindən də ictimai şəkildə etiraf olunmasına baxmayaraq, bədxahlarımız Avropa Parlamenti və AŞPA kimi beynəlxalq qurumların vasitəsi ilə Azərbaycanı qərəzli şəkildə hədəfə gətirmək siyasətini davam etdirirlər. Eyni dairələr həqiqətləri riyakarcasına təhrif edir, İkinci Qarabag müharibəsinin və antiterror tədbirinin hüquqi əsaslarını şübhə altına almağa çalışırlar. Beynəlxalq media resurslarının köməkliyi ilə dünyanı hələ də inandırmağa çalışırlar ki, guya Azərbaycan “məzlum və əzabkeş” Ermənistanı təhdid edir. Onların informasiya təbliğatı az qala o ictimai qənaəti yaratmağa çalışır ki, guya 30 il ərzində işğala məruz qalan, milyona yaxın qaçqın-köçkün problemi ilə üzləşən Azərbaycan deyil, Ermənistan olub. Ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar bu cür yalançı təbliğat fonunda ölkəmiz əleyhinə davamlı və bir-biri ilə əlaqəli şəkildə qərəzli qətnamələr qəbul edir, əsassız bəyanatlar verirlər.
ABŞ-nin Dini Azadlıq Komissiyasının illik hesabatında Azərbaycanın növbəti dəfə hədəf seçilməsi elə bu cür riyakar, ayrı-seçkiliyə söykənən ikili standartlar siyasətinin qərəzli davamıdır. Artıq o da təəccüb doğurmur ki, hesabatda əksini tapan əsassız iddiaların “mötəbər mənbəyi” qismində “Ümumerməni xeyriyyə ittifaqı”nın və ”Araqats fondu”nun maliyyələşdirdiyi L.Xaçaturyan, H.Qulyan və S.Bokçeriyan kimi üç radikal erməni millətçisi göstərilir. Hesabatın digər “etibarlı” istinad ünvanı isə Amerika erməni assambleyasının təmsilçisi Daniel Aşbahyandır. ABŞ Konqresinin təsis etdiyi Komissiya qatı erməni millətçilərinin iftiralarına söykənərək Azərbaycanı ədalətsiz şəkildə hədəf seçir, Ermənistandakı real vəziyyətlə bağlı isə heç bir hesabat dərc etmir. Bu cür qərəzli dəyərləndirmələr ölkəmizdə həm də ona görə ciddi etirazla qarşılanır ki, dini dözümsüzlüklə bağlı ən yumşaq irad belə, cəmiyyətimizin əsrlərə söykənən tolerant yaşam tərzinə həqarət deməkdir.
Riyakarlığın, qərəzli dəyərləndirmələrin miqyası artıq elə iyrənc həddə çatıb ki, dünyada neokolonializm siyasətini həyata keçirən Fransa kimi ölkələr və onların məcburi assimilyasiyaya siyasətinə göz yuman beynəlxalq təşkilatlar Azərbaycana qarşı qəbul etdikləri əsassız qətnamələrinə demokratiya və insan haqlarından don geyindirməkdən belə, utanmırlar. Eyni dairələr məhz bu cür ədalətsiz dəyərləndirmələrlə pərdələnərək, yalnız öz maraqlarını təmin etmək üçün ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə edirlər. Lakin onların bütün səylərinə baxmayaraq, Azərbaycan cəmiyyətini kim inandıra bilər ki, ölkəmizdə fəaliyyət göstərən bəzi diplomatik nümayəndəlik təmsilçilərinin Şuşaya səfərdən indiyədək imtina etməsinin arxasında guya tolerantlıq, beynəlxalq hüquqa hörmət və ya ədalət hissi dayanır? Bu, beynəlxalq qanun və Konvensiyalara yanaşı, cəmiyyətimizin haqlı gözləntilərinə və ədalətə olan inamına açıq-aşkar hörmətsizlik deməkdir. Prezident İlham Əliyev Forumdakı nitqində bənzər siyasi davranışların səbəblərinə də aydınlıq gətirdi: “Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik”.
Bu gün Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxmağa başlaması, ikitərəfli danışıqlar əsasında Ermənistanın dörd kəndimizi dinc yolla qaytarmağa razılaşması, iki ölkə arasında demarkasiya işlərinə başlanılması bir daha onu göstərir ki, regionumuzdakı problemlər kənar müdaxilələr olmadan, region ölkələrinin özləri arasında həllini tapa bilir. Azərbaycan və Ermənistan arasında son aylar əldə olunmuş razılaşmalar da sübut edir ki, yalnız ikitərəfli qarşılıqlı etimad mühiti sülhü tezləşdirə və onu gerçəkləşdirə bilər.
Ülvi Quliyev Milli Məclisin depuatı