Azərbaycan xalqının zəfər yolu: tarixi mübarizə və milli birlik

Azərbaycan xalqının tarixində elə günlər vardır ki, əzəməti, özəlliyi, əhəmiyyəti, qəlblərimizə gətirdiyi sevinc və qürur hissləri ilə hər zaman xatırlanacaqdır. Belə unudulmaz günlərdən biri də  Prezident İlham Əliyevin ədalətin bərpasının simvolu olaraq Xankəndində Azərbaycan bayrağını səmaya  qaldırması və dövlətimizin gücünün, qüdrətinin dünyaya bir daha nümayiş etdirilməsi ilə yaddaşlarda əbədi olaraq yaşayacaq, milli təqvimimizə qızıl hərflərlə yazılacaq 15 oktyabr 2023-cü il tarixidir. Bu mərasim zamanı cənab Prezidentin etdiyi çıxış Azərbaycanın milli birliyinin və müstəqillik uğrunda apardığı mübarizənin ən parlaq nümunələrindən biridir. Azərbaycan Respublikasının Dövlət Bayrağının Xankəndində dalğalandırılması, xalqın uzun illər boyu gözlədiyi bir arzunun gerçəkləşməsi idi. Azərbaycanın dövlətçiliyinin sarsılmazlığını və xalqın öz torpaqlarına olan müqəddəs sevgisini təcəssüm etdirən həmin gün yalnız bir coğrafi ərazinin deyil, həm də ölkəmizin  müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu.

Cənab Prezident İlham Əliyev çıxışına, Azərbaycan xalqının və dövlətinin  keçdiyi çətin dövrləri xatırladaraq başlamışdır. Qarabağ müharibəsi və Ermənistanın uzun illər davam edən təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş yüz minlərlə insan 30 ildən artıq idi ki, torpaqlarının işğaldan azad edilməsini gözləyirdi. Lakin belə çətin bir dövrdən keçməyimiz, nəinki ümidsizliyə yol açmadı, əksinə, xalqın qəlbində mübarizə ruhunu gücləndirdi. 2020-ci ildə Vətən müharibəsi ilə başlayan proses, xalqın ən böyük arzusunun gerçəkləşməsinə gətirib çıxardı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızı azad edərək böyük bir Zəfər qazandı.

Dövlət başçısı çıxışında bildirmişdir ki, 20 il öncə, ilk dəfə Prezident kimi vəzifə borcunu yerinə yetirməyə başlayarkən Azərbaycan bayrağını işğal altında olan bütün torpaqlarda qaldırmağı qarşısına vəzifə olaraq qoymuşdu.İlham Əliyev 2003-cü ildə prezident olduğu ilk gündən etibarən dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın suverenliyinin təmin edilməsi istiqamətində böyük addımlar atmışdır. O   öz idarəçiliyi dövründə  verdiyi vədlərə əməl edərək, xalqın ona olan etimadını doğrultmuşdur. İlham Əliyevin yeritdiyi xarici siyasətdə də bu proses prioritet yer tutmuşdur. Beynəlxalq arenada Azərbaycanı gücləndirən və ölkənin maraqlarını qoruyan siyasət yürüdərək, dövlətin siyasi və iqtisadi mövqeyini dünya miqyasında möhkəmləndirmişdir

Cənab Prezident çıxışında  müstəqilliyin əsaslı şərtlərindən birinin də ölkənin güclü iqtisadiyyata malik olması olduğundan bəhs etmişdir. 

Azərbaycanda aparılan iqtisadi islahatlar və ölkədə yaradılan sabit iqtisadi mühit, müstəqilliyin davamlı olaraq qorunmasına imkan yaratmışdı. İlham Əliyevin rəhbərliyi ilə ölkədə neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, yeni iş yerlərinin açılması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, müstəqilliyin iqtisadi dayaqlarını möhkəmləndirməklə yanaşı, xalqın rifahını artırmağa xidmət edir. Bu gün Azərbaycan nəinki regional, həm də qlobal iqtisadi layihələrdə iştirak edərək öz gücünü nümayiş etdirir. 

Cənab Prezidentin çıxışında vurğuladığı əsas məsələlərdən biri də, Azərbaycan Silahlı Qüvvələrinin  ölkəmiz üçün böyük əhəmiyyəti olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və modernləşdirilməsi ölkənin təhlükəsizliyinin əsas təminatıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən hərbi islahatlar, Azərbaycan ordusunu dünya miqyasında ən güclü ordulardan birinə çevirmişdir. Hərbi texnologiyaların modernləşdirilməsi, peşəkar hərbçilərin hazırlanması və beynəlxalq hərbi əməkdaşlıq ölkənin hərbi potensialını gücləndirmişdir. Bu proses təkcə ordu quruculuğu ilə bitmir, eyni zamanda ordunun xalqla inteqrasiyası və vətənpərvərliyin gücləndirilməsi üçün mühüm rol oynayır. Azərbaycan ordusu yalnız torpaqlarını müdafiə edən bir güc deyil, həm də xalqın qürur mənbəyidir.

Xalqımız öz ordusu ilə fəxr edir, Vətən müharibəsində qazandığımız qələbə, xalqla ordunun birliyinin göstəricisidir. Elə məhz bu birliyin, inamın  nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bilmişdir. Silahlı Qüvvələrin gücləndirilməsi və onların cəmiyyətin həyatında oynadığı rol, vətənpərvərliyin yüksəlməsi ilə müşayiət olundu. Milyonlarla vətəndaşımız, eləcə də xaricdə yaşayan soydaşlarımız, öz ordularını dəstəkləyərək qələbənin əldə olunmasına böyük töhvə vermişlər.    Dövlət başçısı İlham Əliyev çıxışında antiterror əməliyyatı keçirməyimizin zərurətindən də bəhs etmişdir. Azərbaycan bölgədə sabitliyi təmin etmək məqsədilə münaqişənin sülh yoluyla həllinə çalışsa da, qarşı tərəfin törətdiyi təxribatlar regionda sülhün və sabitliyin pozulmasına səbəb olmuşdur. Nəticədə, Şanlı Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi cəmi 23 saat çəkən  antiterror tədbirləri nəticəsində dövlətimizin  suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunmuş, bölgədə təhlükəsizlik bərqərar edilmişdir.

Vətən müharibəsi yalnız 44 gün çəksə də, bu qısa müddət ərzində Azərbaycanın illərlə gözlədiyi torpaqlar azad edildi. Bu müddət ərzində Azərbaycan ordusu Şuşanı, xalqın mənəvi və tarixi ocağını işğaldan azad etməklə böyük bir tarixi hadisəni gerçəkləşdirdi. Şuşanın azad edilməsi, düşmənin öz məğlubiyyətini qəbul etməyə məcbur olması demək idi. Bu tarixi məqam yalnız hərbi zəfər deyil, həm də milli birliyin və qətiyyətin simvoludur. 

Hələ 1923 – cü ildə heç bir tarixi, çoğrafi və siyasi əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması  ölkəmizi təzyiq altında saxlamaq üçün sovet imperiyasının yeritdiyi siyasətin nəticəsi idi.Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olmasına və bu torpaqların hüquqi baxımdan ölkəmizə mənsub olmasına baxmayaraq, Ermənistan təcavüzkar siyasəti ilə bu reallığı pozmağa çalışmışdır. Azərbaycan bu tarixi haqqını bərpa etməklə, beynəlxalq hüququn və tarixi ədalətin yanında olduğunu sübut etmişdir. 

Ermənistanın işğalı nəticəsində Azərbaycan xalqı böyük faciələr yaşamış,  1 milyondan artıq azərbaycanlı öz evlərindən qaçqın və məcburi köçkün düşmüş, onların torpaqları işğal altında qalmışdır. Bu işğalın nəticəsində həmçinin Xocalı soyqırımı kimi  ağır faciələr baş vermişdir. Azərbaycan xalqı bu faciələrə baxmayaraq, heç vaxt öz haqqını bərpa etməkdən imtina etməmiş,  mübarizəsini qətiyyətlə davam etdirmişdir.

Prezident İlham Əliyev çıxışı çərçivəsində Ümumilli Lider Heydər Əliyevin xalqımız üçün etdiyi böyük fədakarlıqlardan, torpaqlarımızın azad olunmasının onun ruhunu da şad etməyindən bəhs etmişdir.  Ulu Öndər Heydər Əliyev uzun illər ərzində Azərbaycan xalqının öz torpaqlarını geri qaytaracağına inanmış və bu istiqamətdə böyük işlər görmüşdür.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında   Dağlıq Qarabağ Muxtar Vilayətində sovet illərində partiya komitəsinin üzvlərinin əksəriyyətinin ermənilərdən ibarət olmasını xatırlatmışdır.O bildirmişdi ki, 1987-ci ildə Heydər Əliyev Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra, ermənilərin Qarabağı Azərbaycandan qoparmaq planları daha da sürətləndirilmişdir. Ulu Öndərsiz qalan Azərbaycan dərin böhranlı dövrlərdən keçmişdir. Torpaqların işğal altında qalması, daxili çəkişmələr və siyasi qeyri-sabitlik, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün böyük bir əngəl olmuşdur.

Ümumilli Lider Heydər Əliyevin  yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün təzyiqlərə baxmayaraq yeritdiyi müdrik siyasət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində böyük rol oynamışdır.  

Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirərək, daxili təhlükəsizliyini ən yüksək səviyyədə qoruyacaq, təksə regionda deyil, o cümlədən qlobal arenada da ən möhkəm və əzəmətli dövlətlərdən birinə çevriləcək.

Azərbaycan xalqı qazanılan bu qələbəni tarixdə əbədi yaşadacaq. Qələbə yalnız bu günün uğuru deyil, həm də gələcək nəsillərin yaddaşında qürürla xatırlanacaq bir hadisədir. Azərbaycanın bu mübarizədəki iradəsi və əzmkarlığı tarix kitablarında önəmli yer tutacaq, gələcək nəsillər bu uğuru fəxrlə yad edəcəkdir.

                                                                                   

Ziyafət Əsgərov                                                                                                                   
                               

 Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini.