"3 oktyabr tarixində Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik".
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın açıqlamalarına şərhində qeyd edilib.
Bildirilib ki, 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.
Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin 20%-ə yaxın hissəsini işğal altında saxlamasına, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycan tərəfindən həyata keçirilmiş anti-terror tədbirlərinə qədər ərazilərimizdən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə maneə və bölgədə əsl təhdid olduğuna diqqət çəkmək istərdik.
Fransanın hər zaman Ermənistanın dəstək verdiyinin, BMT Təhlükəsizlik Şurasının iclaslarının təşəbbüskarının Fransanın olduğunun bildirilməsi Fransanın son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddialarının tamamilə əsassız olduğunu növbəti dəfə sübut edib.
Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistan baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasət siyasətini iflasa apardığını nümayiş etdirir.