“Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri uğurla inkişaf edir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək, geniş tərkibdə görüşləri, eyni zamanda, Berlin şəhərində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin keçirilən görüşlərdə, Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuata bəyanatlarında, həmçinin sözügedən tədbirdəki çıxışında diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi oldu. Ölkəmizin bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğu, COP29-un əməkdaşlığa geniş imkanlar açacağı xüsusi vuğulandı. Dövlətimizin başçısı “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bildirdi ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Azərbaycanın 4 il Qoşulmama Hərəkatına sədrliyi xüsusi önə çəkildi. Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bu beynəlxalq əlaqələr həmrəyliyi gücləndirməyə imkan verəcək: “Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır.” Dövlət başçısı, həmçinin bu məqama da diqqəti yönəltdi ki, Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Bu, həmçinin əlavə üstünlükdür. Çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts mətbuata birgə bəyanatlarında ölkələr arasında əlaqələrin inkişafında əsas faktorlardan olan demokratik inkişafa da xüsusi diqqət yönəltdilər: “Mətbuat konfransında jurnalistin ölkəmizdə mətbuat azadlığı və insan hüquqlarının qorunması ilə bağlı sualını cavablandıran cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar.”
Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı həm görüşlərdə, həm də sözügedən tədbirdəki çıxışında diqqəti Azərbaycanın tarixi Zəfərinə, ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, Ermənistana təklif etdiyi sülh müqaviləinin imzalanması istiqamətində atılan addımlara və hazırda sülhə nail olmaq üçün yaxşı fürsətlərin olmasına yönəltdi: “Ölkə Prezidenti jurnalistin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrlə bağlı bəzi detalların guya şəffaf olmaması ilə bağlı fikirlərinə cavabında “Əslində, sualınız təəccüb doğurur, çünki Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır” söyləyərək bildirdi ki, ayrılan vəsaitlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir. Müharibə başa çatandan bu ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, təqribən 7 milyard dollar yaxın vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Müharibədən cəmi üç il yarım vaxt keçib. Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq.”
Millət vəkili diqqəti bu günlərdə ölkəmizdə dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarovun işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarında olaraq görülən işlərlə yaxından tanışlığına da yönəldib: “Dostluğun, qardaşlağın nümunəsi olaraq Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində birgə iştirak etdilər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Dövlət başçısı İlham Əliyev bu hədəfi də diqqətə çatdırdı ki, biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik.”
“Göründüyü kimi, Azərbaycanın hər bir addımı beynəlxalq münasibətlər sistemində rolunun artmasını, sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir. Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, dostluq mesajlarını ünvanlayır. Dövlət başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bu çağırışı etdi: “Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı”,-deyə Əliabbas Salahzadə bildirib.