3 il əvvəl 44 gün davam edən Vətən müharibəsi, cari ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suveren hüquqlarımız tam bərpa olunmuşdur. Artıq Azərbaycanın hər bir kəndinə, qəsəbəsində, şəhərində bayrağımız dalğalanır. Prezidentimizin çox uzaqgörən və müdrik siyasəti, o cümlədən, ordu quruculuğu, iqtisadi, sosial, mədəni və səhiyyə sahələrində apardığı islahatlar bu zəfəri yaxınlaşdırmış və hər bir vətəndaşımıza haqlı olaraq qürur hissi yaşatmışdır. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan daha da güclənmiş, regionda, eləcə də beynəlxalq aləmdə nüfuzu artmışdır. İndi erməni işğalından azad olunan ərazilərdə böyük sürətlə quruculuq işləri, tikinti- bərpa, infrastruktur layihələri həyata keçirilir, kəndlər, şəhərlər salınır. Vaxtı ilə öz dədə-baba yurdundan zorla qovulan vətəndaşlarımız, bu torpaqların əsl sahibləri öz evlərinə qayıdır. Onlar burada əbədi yaşamaq, qurub-yaratmaq üçün dönürlər.
İlk dəfə azərbaycanlılar Zəngilanın Ağalı kəndi qayıtdılar. Oktyabrın 17-də “Füzuli şəhəri günüdə” isə Qarabağ və Şərqi Zəngəzurda birinci şəhərsalma layihəsi olan Füzuli şəhərinə qayıtdılar. Yerlə-yeksan olan bu şəhərdə artıq yeni həyat başlanmışdır. Şəhər tamamilə yenidən qurulur, onun yeni siması göz oxşayır. Hazırkı reallıqlar fonunda Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmiş, Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilmişdir. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər. Bu həm təbliğat xarakterli tədbirdir, həm də ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi təcrübənin dünya ictimaiyyətinə çatdirilmasıdır. Bu, Azərbaycanın mühüm töhfəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Artıq suveren ərazilərimizdə separatçılar yoxdur, minlərlə soydaşımızı qətlə yetirən, soyqırımına məruz qoyan qanunsuz hərbi birləşmələr, terrorçular mövcud deyil. İndi Vətən torpağının hər qarışında qalib Azərbaycan ordusunun əsgərləri xidmət edirlər. Biz müstəqillik tariximizin ən ağrılı, acılı bir səhifəsini bağladıq. İndi yeni bir mərhələ - quruculuq dövrü, təhlükəsizliyimizin daha da güclənməsi başlayır. Lakin , xalqımıza qarşı edilən cinayətləri, etnik təmizləmə siyasətini, qadınlara, uşaqlar, ahıl insanlara qarşı törədilən zorakı davranışları unuda bilmərik. Ölkə başçısının da vurğuladığı kimi, “İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq, görünür, onların ürəyində olan o qara ləkələr idi. Biz onu bilməmişik o vaxt. Biz bir növ sadəlövh olmuşuq. Ona görə mən deyirəm, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. İnanıb ki, bu gün gələcək, biz burada durub sizinlə bu bayram gününü qeyd edəcəyik”.
Xalqımız öz doğma torpağına bağlıdır. sevgisi əbədidir. 30 ilə yaxın davam edən işğal dövründə belə hesab edirdilər ki, Azərbaycann xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Lakin elə bilə gənc yetişdi ki, onlar Qarabağı, Şərqi Zəngəzuru görməsələr də, onun üçün vuruşdular, ölümə belə getdilər. İndi isə gənc nəsil bu torpaqlara qayıdıb, burada yaşayıb-yaradırlar. Bu bir daha göstərir ki, biz öz doğma diyarımıza, tariximizə, mədəni irsimizə bağlı olan xalqıq.
Heç nəyi unutmadıq, bütün bu illər ərzində iqtisadiyyatımızı, ordumuzu gücləndirdik, beynəlxalq hüquqi bazanı yaratdıq. İqtisadi, siyasi cəhətdən müstəqil dövlət olduq. İndi bir sıra dövlətlər, güc sahibləri narahat olurlar Azərbaycan necə qazandı bu müstəqilliyi? Ölkə başçısının dediyi kimi, “ Heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik. Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər, o da icazə versin, verməsin. Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq”. Bu gün Azərbaycan qarşı bəzi dövlətlər, beynəlxalq təşkilatlar qərəzli qətnamələr qəbul edir, əsl işğalçını deyil, bizi 30 ilə yaxın işğala məruz qalan, bütün yeraltı və yerüstü sərvətləri istismar edilən, tarixi-mədəni-dini abidələri dağılan Azərbaycanı ittiham edirlər. Ancaq biz haqlı mübarizəmizi davam edəcəyik. Bu gün çox mürəkkəb və gərgin geosiyasi hadisələr fonunda müəyyən qüvvələr ölkəmizə qarşı planlar reallaşıdrmağa çalışır, lakin onlar bunu bacarmayacaqlar. Bu çətin mübarizə yoludur, lakin hər birimiz dərk edirik ki, bizim gücümüz birliyimizdədir. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bu mübarizəmizi davam etməliyik.
Həqiqətən də, bu günlərdə hər birimiz böyük qurur hissi yaşayırıq. Biz tarixi hadisələrin həm şahidi, həm də iştirakçısıyıq. Erməni işğaldan, terrorundan azad şəhərlərimizin, kəndlərimizin timsalında görürük. Əlbəttə ki, biz xalq olaraq bu tarixi günləri şəhidlərimizə, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən vətən övladlarına borcluyuq. Qalib ordunun Müzəffər Ali Baş Komandanı bu müqəddəs amal uğrunda canlarından keçən qəhrəmanlar haqqında dediyi kimi, “Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik”. Bizim qəhrəman şəhidlərimizlə fəxr edirik! Cəsur, igid qazilərimizlə qürur duyuruq! Məhz onların qanı və canı hesabına biz bu gün qalib ölkənin vətəndaşlarıyıq. Prezident İlham Əliyevin də Xankəndidə vurğuladığı kimi, “Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova