Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarını azərbaycançılq ideyası əsasında vahid amal uğurunda mübarizəyə qaldırıb
Azərbaycançılıq idelogiyasının güclənməsi dünya azərbaycanlılarının birliyinə xidmət edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkürəsi millətin və dövlətin perspektiv inkişafının dəyişməz konsepsiyası kimi, Azərbaycanın sosial-siyasi və iqtisadi modernləşməsinin eyniləşdirilməsidir. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateci inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin sanbalında öz əksini tapır. Bütün bunlar həm regional, həm də qlobal xarakterli vəziyyətlərdə ölkənin dəyişməkdə olan rolunu başa düşməklə formalaşan milli ideoloci model kompleksini təcəssüm etdirir.
Azərbaycançılıq, eyni zamanda milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, eləcə də dilimizə və dinimzə, ən əsası isə Vətənimizə bağlılığı özündə ehtifa edir. “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir”,- deyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarını azərbaycançılq ideyası əsasında vahid amal uğurunda mübarizəyə qaldırıb.
Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği vacib amildir. Azərbaycançılıq ideologiyasının xalqımız üçün əhəmiyyəti birləşdirici faktor olmasından ibarətdir. Bu baxımdan Azərbaycançılıq ideologiyası əhalimizin milli inkişaf yolunun formalaşmasının mərkəzində əvəzolunmaz bir yer tutur.
Bu ideologiya Azərbaycanda yaşayan 10 milyon azərbaycanlını və o cümlədən xaricdəki soydaşlarımızı daima mənəvi cəhətdən vətənimizlə əlaqəli və sıx təmasda saxlayan amillərdəndir. Bütövlükdə xalqımız üçün əhəmiyyəti diqqətdən kənarda qala bilməz. Harada yaşamağımızdan asılı olmayaraq, bütün soydaşlarımız gücünü hər zaman millətimizin və ölkəmizin inkişafına sərf edilməlidir və azərbaycançılıq ideologiyasının əsas məqsədi budur. Ümummilli Lider Heydrə Əliyev deyirdi: “Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq”. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkisaf etdirə bilməz. Bu mənada azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevmək, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideyalara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponentidir. Necə ki, Ulu Öndər demişdir: “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”.
Azərbaycançılıq ideologiyasını gücləndirmək hər bir soydaşmızın mənəvi borcudur. Dünya azərbaycanlılarını bütöv və hər zaman bir arada edən azərbaycançılıq ideologiyasıdır. Bizi birləşdirən və əlaqəli saxlayan budur. Hər zaman bir-birimizin yanında olmaq arzusu bu ortaq ideologiyadan irəli gəlir. Ortaq ənənələr, fikirlər, istəklər hamısı bu bir ideologiyada toplanır. Etiraf edək ki, azərbaycançılıq ideologiyasının gücü sözlə izah edilə bilməz, bu, yalnız hiss olunur. Bu ideologiyanın güclənməsi üçün öncə xaricdəki soydaşlarımızın vətənlə bağlılığı daha da möhkəmlənməlidir. Onların vətənə bağlılığını artırmaq üçün müxtəlif ideloji layihələrin həyata keçilməsi vacib amildir. Vətənə bağlı olmaq, milli idelogiyaya bağlı olmaq deməkdir. Vətən sevgisi ilə böyüyən nəsil harada yaşamasından asılı olmayraq doğma torpağını unuda bilməz. Ən vacib məsələ yetişən nəslin milli düşüncəsinə diqqət etməkdir. Onlar yaşadıqları ölkələrdə assimliyasiya olmadan böyüməlidirlər. Azərbaycanlıların birliyi hər zaman xalqımızı və dövlətimizi ucaldar. Sevindirici haldır ki, xaricdəki soydaşlarımız Ulu Öndərin tapşırıq və tövsiyələrinə uyğun olaraq öncə dilimizi və adət-ənənələrimizi qoruyur və orada böyuyən bütün Azərbaycan gənclərinə azərbaycançılığı çatdırmağa çalışır və Azərbaycanla sıx əlaqədə olmağı təbliğ edirlər. Milli mətbəximizi yaşadır və bacardıqları qədər fərqli millətlərə nümayiş etdirirlər. Bütün bunlar Prezident İlham Əliyevin və onun timsalında Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin həyata keçirilməsinin bariz nümunəsidir.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent