Azərbaycanda əməkhaqqı sistemi köklü dəyişir - Yeni qayda belə hesablanacaq - MƏBLƏĞ

Azərbaycanda minimum əməkhaqqının artırılması və saatlıq əməkhaqqı rejiminə keçilməsi mövzusu son dövrlərdə işçi hüquqlarının gücləndirilməsi və sosial rifahın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Hökumət bu addımları ataraq, işçilərin sosial müdafiəsini gücləndirmək və əmək bazarında daha ədalətli şərait yaratmaq məqsədini güdür. 

Minimum əməkhaqqının artırılması milyonlarla insanın həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, işçilərin əməyinin daha layiqli şəkildə qiymətləndirilməsini təmin edəcək. Eyni zamanda, saatlıq əməkhaqqı rejiminə keçid, iş vaxtının daha səmərəli təşkili və işçilərin hüquqlarının qorunması istiqamətində mühüm addım hesab edilir. Bu dəyişikliklər, əmək bazarında daha çevik və müasir yanaşmaların tətbiqinə şərait yaradacaq və işçilərin öz hüquqlarını daha asan şəkildə qorumaq imkanını artıracağı bildirilir. 

Sabahinfo.az xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, bu mexanizm Azərbaycanda tətbiq edilərsə, ciddi dəyişikliklər olmalıdır:

“Bununla bağlı mediada ictimai müzakirə yarandı, lakin bunun mexanizmi ilə bağlı hər hansı bir açıqlama olmadı. Maraqlıdır, bu mexanizm necə hesablanacaq? İndiki minimum əməkhaqqı 345 manatdır. Bunu 5 günlük iş sistemi ilə hesablasaq və saat hesabı 8 saatlıq iş rejiminə bölsək, deməli bir saata təxminən 1 manat 80 qəpik düşür. Əgər elə olacaqsa, bu, təbii ki sərfəli deyil. Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 700 mindən bir az çoxdur. Bunun yarıdan çoxu dövlətdə, digərləri isə özəl sektorda çalışır”.

Ekspert qeyd edib ki, dövlətdə çalışan sahələrdə saat hesabı iş rejiminə keçmək daha asandır, amma sərfəli olub-olmayacağı saat hesabının miqdarından asılıdır. Onun sözlərinə görə, bu il təqaüdlərlə bağlı qərar verildi, orta aylıq əməkhaqqı ilə bağlı qərar verilmədi:

“Ola bilər ki, minimum əməkhaqqı gələn ilin yanvarında artırılsın. Amma 10 faizdən çox bir artımın olacağını düşünmürəm. Yeni büdcə ilində, yəni 2025-ci ildə artımın olacağı daha realdır. Biz illərdir çağırış edirik ki, qanunda dəyişiklik edilsin. Bizdə minimum əməkhaqqı VÖEN-lə çalışanların sosial müdafiə fonduna ödənişlərinə bağlıdır.  Minimum əməkhaqqı qalxan kimi heç bir qanunda dəyişiklik edilmədən  avtomatik olaraq Sosial Müdafiə Fondunda VÖEN-lə çalışanların ödənişi də artır. Bu isə vətəndaşlarda ciddi narazılıq yaradır”.

Natiq Cəfərli əlavə edib ki, qanunvericilikdə minimum əməkhaqqının Sosial Müdafiə Fonduna ödənişlərə hesablama qaydası da parlamentin tərkibi müəyyənləşdikdən sonra qanunda bu aradan qaldırılsa çox yaxşı olar.