Azərbaycanda gənclərin məşğulluq siyasəti

Gənclərin hərtərəfli inkişafı, onların üzləşdiyi problemlərin həlli, o cümlədən, gənclərin layiqli məşğulluğunun təmin edilməsi hər bir güclü dövlətin apardığı siyasətin əsas prioritet istiqamətlərindəndir. Ulu öndərin əsasını qoyduğu gənclər siyasətini bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Müstəqil və gənc ölkənin vətəndaşı olan Azərbaycan gənci ölkəmizin həm xaricdə və daxildə layiqli təmsilçisidir. Azərbaycan gənclərinin hərtərəfli inkişafı və onları narahat edən problemlərin həlli ölkə rəhbəri cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin həm ictimai-siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayırlar. Gənclərimiz dövlət və dövlətçiliyə sadiq olmaqla yanaşı vətənpərvərlik ruhunda tərbiyə alırlar.

Gəncləri narahat edən problemlərdən biri də məşğulluq problemidir. Bu problem təkcə bizim üçün yox, bütün postsovet ölkələri üçün ciddi problemdir. Ancaq Azərbaycanda bu problem ölkə rəhbərinin müvafiq tapşırıqları ilə öz həllini tapmaqdadır. Son illərdə ölkəmizdə yüz minlərlə yeni iş yerləri, yeni müəssisələr açılmaqla işsizliyin aradan qaldırılması istiqamətində böyük işlər aparılmışdır. Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin IV Forumunun yekun toplantısında nitqi zamanı 300 min yeni iş yerinin açılması bunun əyani sübutu olduğunu qey etmişdir. Qısa müddət ərzində 300 min yeni iş yerinin açılması dünyada analoqu olmayan bir hadisədir. Gənclər siyasəti haqqında Qanun və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin məşğulluğunun artırılmasının prioritet istiqamətlərindən biri, dövlət gənclər siyasətidir. Dövlət Proqramının məqsədi ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə gənclərin məşğulluğunu təmin etmək məqsədi ilə gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirilməsi məqsədilə gənclərin işə cəlb edilməsinə yönəlmiş layihələrdə gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsi Fondun daxili imkanları hesabına həyata keçirilmişdir.

Hər bir ölkə olduğu kimi Azərbaycanda da gənclərin səmərəli məşğulluğa cəlb olunması və iqtisadi inkişafa yönəldilən investisiyalar cəmiyyətin gələcək davamlı tərəqqisinə və gənclər siyasətinin güclənməsinə xidmət edir. Qlobal iqtisadi böhrandan sonrakı illərdə beynəlxalq əmək bazarında nisbi sabitliy müşahidə olunsa da, işsiz gənclərin sayı hər ilə artaraq 70 milyonu keçməsi, 15-24 yaşlı gənclər arasında işsizlik dünya üzrə orta işsizlik səviyyəsini 3 dəfə üstələyərək 13,1 faizə çatması gənclərin məşğulluğunun təmin olunmasını gündəmə gətirmişdir. Prezidenti İlham Əliyevin ölkədə dinamik inkişafı təmin edən uğurlu islahatları, iqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakının təşkil edilməsində dövlət siyasətinin həyata keçirilməsinə, gənclərin əmək bazarına çıxışının və məşğulluğunun artırılmasının hərtərəfli dəstəklənməsinə şərait yaradıb. Bu islahatların nəticəsidir ki, gənclər arasında işsizlik səviyyəsi kəskin şəkildə azalmaqla yanaşı, Azərbaycan gəncliyi, ictimai həyatın və iqtisadiyyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı hərtərəfli imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.

Gənclər dövlət orqanlarında, parlamentdə, biznes strukturlarında bələdiyyələrdə təmsil olunmaqla, bu gün cəmiyyətin inkişafında öz töhfələrini verirlər. Təsadüfi deyil ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən gənclərin məşğulluq problemlərinin həllinə görə dünyanın aparıcı ölkələri arasında 10-cu sıradadır. Bu BƏT-in rəsmi saytında öz əksini taparaq "Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində bir sıra ölkələrin, o cümlədən Azərbaycan gənclərinin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları təqdim olunmuşdur. Gənclərin məşğulluğunun təmin edilməsi sahəsində uğurlu təcrübələr üzrə BƏT tərəfindən 2016-cı ildə MDB ölkələri və Gürcüstan nümayəndələrinin iştirakı ilə keçirilmiş müsabiqədə Azərbaycan nümayəndə heyətinin təqdimatı ən çox səs toplayaraq gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB ölkələri arasında ən yaxşı təcrübə nümunəsi kimi birinci yerə layiq görülmüş və BƏT-in diplomu ilə təltif olunmuşdur. Dövlətin əmək ehtiyatlarının, o cümlədən gənc istehsal qüvvələrinin formalaşmasına və səmərəli yerləşməsinə təsir edən əsas amillərdən biri, ölkədə mövcud olan müsbət demoqrafik vəziyyət və inkişaf tendensiyalarıdır. Hazırda Azərbaycan Avropa və MDB ölkələri arasında demoqrafik baxımdan cavan yaş strukturuna malik ölkələrdən biridir. Ölkə əhalisinin 25,4 faizi 14-29 yaşda olan əhali (gənclər), 22,6 faizini isə uşaqlar (0-14 yaşda) təşkil edir. Hər il orta hesabla 100 min nəfərə qədər gəncin əmək bazarına daxil olması və bu sayda gənc işçi qüvvəsinin əmək bazarı tərəfindən qarşılanması tələbi makroiqtisadi, demoqrafik, məşğulluq və təhsil siyasətlərinin qarşılıqlı kosdinasiyalı işləməsini bariz nümunəsidir. 2021-ci ildə ölkə üzrə iqtisadi fəal əhalinin tərkibində 15-24 yaşda gənclərin payı 12, 15-29 yaş qruplarında isə 27 faiz təşkil edir.

Gələcək iqtisadi artımın təmin edilməsi üçün olduqca əhəmiyyətli amillərdən biri, iqtisadiyyatın dinamik inkişafında gənclərin potensial imkanlarından istifadə olunması, onların məşğulluğunun təminatı və müasir dövrün tələblərinə uyğun gənc kadr potensialının formalaşdırılmasıdır. Gələcək iqtisadi artımın və tərəqqinin əsas şərtlərindən biri müasir əmək bazarının tələblərinə uyğun gənc kadrların mövcudluğudur. Yuxarıda qeyd olunan amillər də nəzərə alınmaqla ölkədə aparılan gənclər siyasəti əsasında bir çox sosialyönümlü dövlət proqramlarına və strategiyalara, o cümlədən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına və "2019-2030-cu illərdə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na, həmçinin Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün "Layiqli Əmək üzrə Ölkə Proqramı”na uyğun olaraq, gənclərin peşə-ixtisas hazırlığının yüksəldilməsinə, məşğulluğunun artırılmasına yönələn əhəmiyyətli addımlar atılır.

Bundan əlavə gənclərin məşğulluq probleminin həlli ilə bağlı ölkəmiz BƏT-in müvafiq konvensiyalarına, qətnamələrinə qoşulub və "İşsizlikdən sığorta haqqında”, "Məşğulluq haqqında” qanunlar qəbul olunub. Bütün bunlar Prezident İlham Əliyev tapşırıqlarına uyğun olaraq işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsinə, əmək münasibətlərinin leqallaşmasına, əhalinin məşğulluğu sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsinə, inklüziv məşğulluğun təmin olunmasına, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, bir sözlə əmək bazarında yeni tənzimləmə mexanizmlərinin formalaşmasına şərait yaradıb. Bu istiqamətdə aparılan islahatlar gənclərlə bağlı aktiv məşğulluq tədbirlərinin ildən-ilə güclənməsi ilə tamamlanır. 2021-ci il ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 14698 nəfər gənc münasib işlə təmin olunub, 1275 nəfər gənc işəgötürənlərin real tələbləri əsasında peşə hazırlığına, 319 nəfər gənc isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. İşsizlikdən kiçik sahibkarlığa çıxış imkanı yaradan özünüməşğulluq proqramında gənclərin də fəal iştirakına geniş şərait yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 2021-ci il ərzində 20363 gənci münasib işlə təmin edib. Bundan əlavə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2021-ci ildə 4288 gənc özünüməşğulluq proqramına cəlb olunaraq, proqramın dəstəyi ilə öz kiçik biznes sahələrini yaradıb. Belə ki, həmin gənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər (mal və materiallar) hesabına kiçik ailə bizneslərini qurublar. Gənclərin əmək bazarına cəlb edilməsinə dəstək olan digər proqramlardan biri də Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə təşkil etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”dır. Proqram çərçivəsində gənclərin bilik və bacarıqlarının artırılması, potensiallarının, ideyalarının reallaşdırılması üçün “Peşəkar Gənclik”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini Yarat Marafonu” layihələri üzrə müvafiq işlər aparılır.

Bunda əlavə, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə cari ildə yeni layihəyə - “Gənclərin biznes emalatxanası” layihəsinə də başlanıb. Layihənin məqsədi peşə təhsili alan sonuncu kurs tələbələrinin biznes təlimlərinə cəlb olunması və özünüməşğulluq proqramı çərçivəsində mikrobizneslərini qurmasıdır. Gənclərin peşəkar inkişafla bağlı maarifləndirilməsi və onların gələcək iş həyatına hazırlığına dəstək verilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində “Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” (PROGRO) da hazırlanıb.

Ölkədə gənclərin məşğulluğ siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində bir çox beynəlxalq təşkilatlarla, xüsusilə Beynəlxlaq Əmək Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı, BMT İnkişaf Proqramı və digərləri ilə sıx əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nəticəsidir ki, son illər Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda və Göyçayda icra olunan "Ali təhsilli, ilk dəfə işaxtaran gənclərin işlə təmin olunmasına dəstək” və "Gənclərin məşğulluğu subsidiya proqramı” pilot layihələri mühüm əhəmiyyət kəsb edir. 2011-ci ildən başlayaraq BMT İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə, Masallı və Zaqatala şəhərlərində yaradılan Norveç SYSLAB Mərkəzləri gənclərin əmək bazarına inteqrasiyasında əhəmiyyətli rola malikdir. Eləcə də BMT İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyətləri çərçivəsində, onların kiçik biznes qurulmasına dəstək göstərəcək ki, bu sırada gənclər də var.

Gənclərin məşğulluğunun inkişafına xidmət edən digər lahiyələrdən biri də. Dünya Bankı ilə birgə həyata keçirilən "Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində isə Xəzər və Dövlət İqtisad universitetlərində "Virtual Müəssisələri”n (Təcrübə Firmalarının) yaradılmasıdır. 2019-cu ildə Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu orta-ixtisas təhsil və ali təhsil müəssisələrində 29 yaşına qədər olan məzunları üçün həyata keçirdiyi "Gənclərin Məşğulluğu Proqramı”da gənclərin uğurlu karyera planlaşdırmasına, xüsusilə də regionlarda əlavə iş yerlərinin yaradılmasına, gənclərin ilk iş təcrübəsi əldə etməsinə və əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək. Yeni təşəbbüslər və idealar əsasında ölkədə gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilir. Sosial tərəfdaşlıq prinsipləri əsasında bazar iqtisadiyyatının tələblərinə uyğun gənc işçi qüvvəsinin formalaşdırılması, onların əmək bazarında fəal iştirakı üçün yaranacaq maneələrin aradan qaldırılması həm ölkə miqyasında, həm də hər bir müəssisə səviyyəsində əməyin məhsuldarlığının artmasına imkan yaradacaq və ümumilikdə ölkənin gələcək iqtisadi inkişafında fəal rol oynayacaq.

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının

magistırı Bəhruz Xələfov