Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür

Bu gün Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür. 

Sabahinfo.az xatırladır ki, 1992-ci ilin bu günü Azərbaycanın dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət orqanlarından biri olan müstəqil gömrük sisteminin əsası qoyulub.

Uzun illərdir bu sistem hesabına ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ən mühüm strateji sərvətlərin ölkədən çıxarılmasının qarşısı alınır. 

Ümumilikdə isə Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir. Belə ki, gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkilinin ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş tutmasına baxmayaraq, tarixən mövcud olmuş bütün Azərbaycan dövlətlərində gömrük xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərib. 

Rəsmi şəkildə Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədi ilə ilk dəfə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmiryolu stansiyasında gömrük postları yaradılıb. 1918-ci il avqustun 10-da isə Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi qəbul edib.

Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədi ilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılıb və burada 992 gömrük işçisi keşik çəkib. Lakin aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sistemində də işlərin başa çatdırılmasına imkan verməyib.

71 illik SSRİ dövründə isə Azərbaycanda gömrük sistemi mövcud olmayıb. Bu iş ittifaq orqanları tərəfindən həyata keçirilib.