XX əsrin əvvəllərində Azərbaycanda Sovet Sosialist Respublikasının yaradılması və təxminən 70 il ərzində öz fəaliyyətini davam etdirməsi respublikada müstəqil dövlətçilik ideyalarını bir növ söndürmüşdü. 1969-cu ildə ulu öndər Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlməsi Sovet rejiminə baxmayaraq ümummilli ideyaların təkrar baş qaldırmasına təkan verdi.
Siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçilik istiqamətində böyük uğurlara imza atmışdır. Bu illərdə Heydər Əliyev ölkənin siyasi-iqtisadi durumunu köklü surətdə dəyişmiş, respublikanı keçmiş ittifaq respublikaları arasında sonuncu yerlərdən ən qabaqcıl səviyyəyə çıxarmağa nail olmuşdur.
XX əsrin yetmişinci illəri respublikamız üçün yüksək siyasi-iqtisadi göstəriciləri ilə yanaşı, respublikada sosializm cəmiyyətinin ideallarına toxunmadan düşünülmüş şəkildə azərbaycançılıq, milliləşmə siyasəti həyata keçirilməyə başlanmış, milli şüurun oyanışına nail olunmuşdur. Bir sözlə, bu illər Azərbaycan tarixinə Heydər Əliyev epoxasının əvvəli və milli istiqlalçılıq ideyalarının hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur.
Azərbaycan Respublikasının həyatında ikinci dəfə yeni dövr xalqımızın 1991-ci ildə müstəqillik qazanması ilə bağlı olmuşdur. Ölkədə dövlət müstəqilliyinin bərpa olunması XX əsrin 70-80-ci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin başçılığı ilə möhkəm əsasları qoyulmuş azərbaycançılıq və milli istiqlalçılıq ideallarının qələbə çalması demək idi.
Lakin Azərbaycanda 18 oktyabr 1991-ci ildə İstiqlaliyyət haqqında Bəyannamə qəbul edilsə də, ölkəyə rəhbərlik edən şəxslərin təcrübəsizliyi və səriştəsizliyi, habelə antimilli siyasəti nəticəsində nəinki əldə olunmuş müstəqillik, hətta respublikanın torpaqlarının böyük bir hissəsinin itirilmək təhlükəsi yaranmışdır.
Belə bir məsuliyyətli dövrdə taleyin hökmü ilə görkəmli dövlət xadimi, fenomenal şəxsiyyət Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycan xalqı və gənc Azərbaycan dövləti üçün böyük şans idi. 1993-cü ilin may ayının əvvəllərində xalqın geniş təbəqələrinin təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə dəvət olunması yeni müstəqillik qazanmış gənc dövlətin taleyini həll etmişdir. Qısa müddət ərzində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılmış, respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, separatçılıq halları aradan qaldırılmış və Ermənistan Respublikası ilə atəşkəs elan olunaraq ilkin sabitliyin bərqərar olmasına nail olunmuşdur.
3 oktyabr 1993-cü ildə ölkədə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin görkəmli dövlət xadimi Heydər Əliyevə yekdilliklə səs verməsi Ulu Öndərin böyük dövlətçilik təcrübəsi və səriştəsi, müdriklik və uzaqgörənliyi sayəsində gənc müstəqil dövlətimizi özünün yeni tarixi dövrünə qədəm qoymağa və müstəqilliyin əbədilik təminatına imza atmış oldu.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri