Azərbaycanda şəhid ailələrinin problemlərinə həssas yanaşma var

Azərbaycanda digər həssas sosial qruplarda olduğu kimi, şəhid ailələrinin də əsas problem mənzillə bağlıdır. Onların mənzilə olan ehtiyaclarının ödənilməsi üçün ölkə rəhbərliyinin qəti tapşırığı, siyasi iradəsi var. Eyni zamanda müxtəlif normativ hüquqi aktlarda da bu kateqoriyadan olan ailələrin mənzil problemlərinin həllinə həssas yanaşılır.

Şəhid adının müqəddəsliyi bizi məcbur edir ki, onların ailələrinin qayğısına qalaq, problemlərinə həssas yanaşaq.

Bu il iyunun 13-də şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı qanuna dəyişiklik edilib.

Bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.

Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir.

Mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Bu xüsusda, sözügedən qanun məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sadə dillə izah etsək, bundan sonra Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək.

Əvvəlki qanuna əsasən Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişirdisə onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı. Hazırda bu boşluq aradan qaldırılıb. Statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək. Eyni imtiyaz şəhid ailələri üçün də tanınıb. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək.

Bu günə qədər Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub. Proses demək olar ki, yekunlaşmaq üzrədir. Yəqin ki, 2025-ci ildə bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaq.

Dövlət başçısının 2021-ci ilin yanvarında imzaladığı sərəncama əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailəsi və müharibə əlilləri mənzil, fərdi evlə təmin edilməkdədir.

Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda hər il mənzillər verilir. Proses gələn il də davam etdiriləcək.

Ümumiyyətlə, hər bir şəhid ailəsinin probleminə biz həssas yanaşmalı, onların həlli istiqamətində addımlar atılmalıyıq. Şəhidin ailələrinə mənzil verilərkən onların rəyləri, təklifləri nəzərə alınmalıdır. Şəhid ailələri istəyirlər ki, onlara veriləcək mənzil şəhidin uyduğu məzarlığa yaxın olsun, tez-tez gedib onu ziyarət etsinlər. Mənzillər verilərkən bu kimi amillər nəzərə alınmalıdır. Eyni zamanda bütün şəhid ailələrinə eyni binadan mənzil verməyin özü də mübahisələndirilə bilər. Eyni həssas qrupdan olan, eyni dərdi bölüşən insanların bir binaya yerləşdirilməsinin sosial və psixoloji fəsadları öyrənilməlidir.

Təbii ki, bütün bunlar həlli asan məsələlərdir. Dövlətin, ölkə rəhbərliyinin şəhid ailələrilə bağlı başlıca məqsədi onların əsas problemini, mənzilə olan ehtiyaclarını həll etməkdir. Digər detallar işçi qrup səviyyəsində öz həllini tapa bilər.

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur