Respublikamızın ali təhsil sisteminin yenidən qurulması universitetlərin bazasında innovasiya-təhsil fəaliyyəti mərkəzlərinin yaranması ehtiyacını aktuallaşdırır. Universitetlərin innovasiya fəaliyyətinin strateji məqsədinə yerli və xarici investisiyaların istifadəsi, elmtutumlu işlərin və texnologiyalar bazarının formalaşması, alimlərin, müəllim heyətinin, tələbələrin innovasiya prosesinə cəlb olunması və innovasiya fəaliyyətindən stabil gəlirin əldə edilməsi daxildir. Universitetlərin innovasiya sferasında səmərəli işinin əsas göstəriciləri aşağıdakılardır:
- innovasiya məhsullarının bazara çıxışı;
- aspirant, tələbələr, elmi yaradıcı gənclərin innovasiya layihələrində iştirakı;
- universitet bazasında innovasiya müəsisələrinin yaradılması;
- innovasiya və texnologiya menecmenti sahəsində ixtisaslı kadrların hazırlanması;
- innovasiya strategiyasının işlənib hazırlanmasında və həyata keçirilməsində universitetlərin iştirakı;
- innovasiya sferasında menecerlərin ixtisasının yüksəldilməsi üzrə seminarların təşkili;
- innovasiya müsabiqələri layihələrinin ekspertizasında universitetlərin baza ali məktəbi kimi iştirakı;
- innovasiya və texnoloji menecment üzrə tədris–metodik vəsaitlərin hazırlanması və nəşri.
Bu sahədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Yol Xəritəsinin 3-cü strateji hədəfi kimi insan kapitalının inkişaf etdirilməsi, görüləcək tədbirlər arasında isə ali təhsil müəsisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi də nəzərdən keçirilir.
Son onillikdə dinamik inkişaf edən dövlətlərə milli təhsil sistemi əsasında elmtutumlu texnologiyaların inkişafına əsaslanan ölkələr başçılıq edirlər. Bu ölkələrdə məhz insan kapitalı inkişafın əsas faktoru kimi çıxış edir və bununla istehsalın 75%-ni və milli gəlirin artımını təmin edir. Son 10-15 ildə Qərbin inkişaf etmiş ölkələri istehsalın intellektləşdirilməsi ilə bağlı texnoloji inqilabı başa çatdırmışlar. Məsələn, elmi-texnoloji inkişafın hal-hazırda lideri olan ABŞ-da təhsil sferasına xərclər ÜDM- in 6-7%-ni təşkil edir və təxminən müdafiə xərcləri qədərdir.
Elmtutumlu məhsulun miqdarının və keyfiyyətinin artırılması üçün elmi layihələrə maliyyələşmə həcmini artırmaqdan əlavə, innovasiya fəaliyyətinin inkişafına təsir edən struktur potensialının inkişafına təsir etmək vacibdir. Biliklərə əsaslanan iqtisadiyyatın fomalaşması şəraitində dövlətin ilkin vəzifəsi ali təhsil müəsisələri bazasında elm və təhsilin inteqrasiyasıdır. Belə inteqrasiya nəticəsi kimi ali məktəblərin innovasiya fəaliyyəti çıxış edir.
Əslində “ali məktəbin innovasiya fəaliyyəti” anlayışı bir qədər dəqiq anlayış deyildir”. İnnovasiya” anlayışı - yaradıcı əməyin yeni məhsul, texnologiya və xidmətlərə çevrilməsinin davamlı, ardıcıl prosesidir. “Ali təhsil müəssisəsi” anlayışını öyrənərkən ali təhsil müəsisəsinin fəaliyyətinin əsas növlərinin (təhsil, elm və təhsildən sonrakı elmi professional təhsil) nəzərdən keçirilir və belə bir nəticəyə gəlinir ki, ali təhsil müəsisəsinin innovasiya prosesi onun fəaliyyətinin bir çox istiqamətində əks edilməlidir:
- əmək bazarında tələbatın yüksək olduğu üçün innovasiya cəhətdən aktiv mütəxəssislərin ixtisasının artırılması;
- innovasiya ideyalarının yaranması;
- fundamental və tətbiqi elmi tədqiqatların yerinə yetirilməsi (obyektləri, patent, yeni metodlar, elmi nəşrlər, intellektual mülkiyyətdən olan nəticələr);
- professor-müəllim heyətinin, elmi işçilərin, doktorantların, aspirantların və ali təhsil müəsisəsi tələbələrinin elmi-tədqiqat fəaliyyəti təliminin həyata keçirilməsi;
- tələbələrin təhsil prosesi fəaliyyətində iqtisadiyyatın müxtəlif sahələrindəki müasir innovasiyalar haqqında biliklərin. Bununla ali təhsil müəssisəsi təhsil xidmətləri bazasında öz rəqabətqabiliyyətliliyini təmin edir.
- təhsil sferasının innovasiyasını öz işində tətbiq edir və istifadə edir. Müasir ali məktəbin innovasiya fəaliyyəti tədris prosesinin metodiki təminatında yenilikləri (metodiki ədəbiyyatın yaradılması, elektron dərsliklərin nəşri və s.) və təlimin texnoloji prosesinin yeniliklərini (distant təlim, internet siniflərdə təlim), innovasiya təhsil xidmətlərinin göstərilməsi və s. təqdim edir.
- ali məktəblərin elmi və pedaqoji kadrlarının attestasiyası keçirilir;
- innovasiya firmaları ilə birlikdə innovasiyaların yaradılması üzrə birgə iş aparılır (layihələrin ekspertizası, konsaltinq xidmətləri və s.)
Ali məktəblərin innovasiya fəaliyyətinin yuxarıda sadalanan coxlu sayda formalarını 3 əsas istiqamətdə birləşdirmək mümkündür:
- ali məktəbin innovasiya fəaliyyətinin inkişafı faktoru kimi innovasiyaların yaradılması üzrə fəaliyyət;
-innovasiya kadrlarının yetişdirilməsi faktoru kimi innovasiya fəaliyyətinin təlimi;
- innovasiyaların dəstəklənməsi və inkişafı faktoru kimi təhsil fəaliyyəti.
Bu istiqamətlər “ali məktəblərin innovasiya fəaliyyəti” anlayışının formalaşması zamanı əsas kimi çıxış edir.
“Tədqiqat universiteti “anlayışı Qərbdə geniş yayılmışdır və “elit universitet” anlayışına faktiki olaraq çox yaxındır. Tədqiqat universitetləri çoxlu sayda tədris fənnləri ilə xarakterizə edilir, öz tərkibində aspiranturaya malikdir, ildə 50 nəfərdən az olmayaraq doktor dərəcəsi (PhD) təltif edir və elmi tədqiqatların aparılmasına dövlət maliyyələşməsi alır. Universitetin tədqiqat xarakterli olmasını başa düşmək üçün bir çox əlamətlər mövcuddur:
- ixtisasların geniş spektri;
- elmi tədqiqatlara yüksək istiqamətlənmə;
- doktor dərəcəsi ilə mütəxəssis hazırlığı sisteminin mövcudluğu;
- professor-müəllim heyətinin yüksək peşəkarlığı;
- müxtəlif ölkələrin aparıcı mütəxəssislərinin dəvət edilməsi praktikasının inkişafı;
- tələbə seçiminə müsabiqə və selektiv yanaşma;
- universitet ətrafında xüsusi intellektual mühitin yaradılması;
- korporativ etikanın inkişafı.
Xaricdə tədqiqat universitetlərinin seçim göstəriciləri olduğu kimi bizim ölkəmizə tətbiq edilə bilməz, bu milli təhsil sistemindəki xüsusi fərqliliklərlə bağlıdır. İş ondadır ki, bizim qanunvericiliyə görə ali təhsil müəsisələrinin elmi fəaliyyəti 2-ci plandadır. Digər bir hal isəuniversitetlər ətrafında xüsusi intellektual mühitin olmasını, texnoparkların yaradılmasını tələb edir ki, bu da hər bir ali məktəbin qüvvəsi xaricindədir. Bu məsələlərin həlli tədqiqat universitetlərinin yaradılması zamanı detallı işləmlər tələb edir. Aparıcı ali məktəblər bu gün həm tədqiqat, həm də innovasiya fəaliyyəti ilə aktiv şəkildə məşğul olmağa cəhd edirlər. Onlarda yüksək ixtisaslı alim və pedaqoji kadrlar çalışmalıdırlar, həm ölkənin daxilində, həm də xaricində çalışan digər təşkilatlarla əalqələr yaradılmalıdır.
Bu gün əmək bazarına innovasiya cəhətdən aktiv mütəxəssislər tələb edilir ki, (“elit kadrlar”) onlar öz ölkəsini inkişafın innovativ yoluna istiqamətləndiriməyi bacarsınlar. Elə bunun üçün də belə kadrların hazırlanmasını həyata keçirəcək ali məktəblərin seçimi lazımdır. Odur ki, aparıcı ali məktəblərlə tədqiqat universitetlərini birləşdirmək vacibdir. Bunun üçün aşağıdakıları etmək lazımdır:
- milli iqtisadiyyatın inkişafının aparıcı istiqamətlərini seçmək;
- ali məktəblərin reytinq göstəricilərini dəqiqləşdirmək;
- aparıcı ali məktəbləri və onlar arasında lideri müəyyən etmək;
- müəyyən edilmiş ali məktəb qarşısında ölkənin iqtisadi inkişaf vəzifəsini qoymaq.
İnnovasiya fəaliyyətinin vəziyyətini qiymətləndirərək qeyd etmək lazımdır ki, ali məktəblər təhsil xidmətlərini azad bazar tələblərinə uğurla uyğunlaşdırmağa başlamışlar və artıq professional təhsilin kommersiyalaşdırılması prosesi gedir, lakin elmi biliklərin kommersiyalaşdırılması sferası zəif inkişaf edir.
Ali məktəblərin əməkdaşlarının əməyinin layiqincə təminatının olmaması elmi kadrların digər təşkilatlara axınına səbəb olur. Odur ki, ali məktəb sistemində struktur dəyişiklikləri vacibdir, burada əsas diqqət professor-müəllim heyətinin əməyinin ödənilməsinə yönəlməlidir. Bundan başqa bu sahədə uğurli təcrübəyə malik universitetlərin fəaliyyətləri öyrənilməli, müvafiq strukturlar formalaşdırılmalıdır. Göstərilən tədbirlər innovasiya fəaliyyətinin ali məktəblərdə inkişafını sürətləndirməyə imkan verəcək, ali məktəblərin tədqiqat, innovasiya və sahibkarlıq modellərini həyata keçirməsini təmin edəcəkdir.
Mənbələr:
1. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-ci il tarixli Fərmanı.
2. Esmira Kazımova. Müasir ali təhsil müəssisəsinin innovasiya fəaliyyəti: inkişaf tendensiyaları. İpək yolu. No.2, 2018, səh.68-73.
3. Əhmədov İ.N., (2010), İnnovasiya universiteti ölkənin innovativ inkişafının mühüm amilidir, AMEA Elmi innovasiyalar mərkəzi, Bakı, s.89-95.
Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi “Universitetlərdə innovativ təhsilin inkişafı üçün tədqiqat işinin aparılması” layihəsi çərçivəsində hazırlanmışdır.