Milli Məclis “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.
Sabahinfo.az xəbər verir ki, layihə 6 fəsil, 27 maddədən ibarətdir.
Azərbaycanda ilk dəfə 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul edilib. Ancaq ötən müddət ərzində bu sahədə bəzi boşluqlar yaranıb və yeni bir qanuna ehtiyac duyulub.
Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxlərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.
Qanun layihəsində qiymətləndirmə fəaliyyətinin daşınar əmlakın, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, müəssisələrin, qeyri-maddi əmlak nemətlərinin, debitor və kreditor borcların, material ehtiyatlarının və digər aktivlərin və öhdəliklərin, təbii sərvətlərin, dəymiş zərərin, əldən çıxmış mənfəətin, risklərin, xidmətlərin və s. qiymətləndirilməsi kimi istiqamətləri nəzərdə tutulub.
Ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxsin qiymətləndirici ola bilməsi tələbi müəyyən edilib, ixtisas imtahanının təşkili və keçirilməsi, Qiymətləndiricilər Palatasına üzvlüyə qəbul məsələləri tənzimlənib.
Bundan əlavə, sifarişçi ilə qiymətləndirici və ya qiymətləndirici təşkilat arasında bağlanılan müqavilədə və qiymətləndirmənin nəticələri haqqında hesabatda göstərilməli olan məlumatlar, sifarişçinin hüquqları və vəzifələri ehtiva edilib.
Qiymətləndiricilər Palatasını təsis etmək hüququ yaranmış azı 15 nəfər qiymətləndirici tərəfindən təsis olunması yolu ilə qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxs kimi Qiymətləndiricilər Palatasının yaradılması, onun səlahiyyətləri, orqanlarının (ümumi yığıncaq, Rəyasət Heyəti, İntizam Komissiyası) təsis edilməsi və fəaliyyət qaydası müəyyən olunub
Qiymətləndiriciyə tətbiq edilən intizam tənbehi tədbirləri və onların tətbiq edilməsi qaydası, qiymətləndirmənin düzgün aparılmaması nəticəsində sifarişçiyə və (və ya) üçüncü şəxslərə dəyən zərərin ödənilməsi, qiymətləndiricinin peşə məsuliyyətinin sığortası tələbi, qiymətləndiricinin fəaliyyətinin dayandırılması ilə bağlı müddəalar nəzərdə tutulmuş və qiymətləndiricinin fəaliyyətinin xitam verilməsi əsasları yenidən işlənib.
Yeni qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul olunub.