Azərbaycanı gələcəyə aparan işıqlı yol

Müasir Azərbaycanın dövlətçilik tarixi xalqımızın böyük oğlu, bütün həyatını dövlətinin inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir, onun ictimai-siyasi həyatdakı bənzərsiz siyasi manevrləri, müdrikliyi, filosofluğu və təşkilatçılığı sistemli bir məktəb yaratmışdır. 

 

Ulu Öndəri sonsuz minnətdarlıq hissi ilə xatırlayırıq

 

Zaman ötdükcə, xalqımız Ulu Öndər Heydər Əliyevi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət budur ki, dövlətçiliyimizin ən ağır günlərində  qətiyyət və iradə göstərərək əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb. Heydər Əliyevin fəlsəfəsində siyasətə kompleks yanaşma, milli dövlətçilik və milli ideologiya konsepsiyasının həyata keçirilməsi əsas yer tutur. Siyasət və iqtisadiyyatın vəhdəti, mədəni irs və milli-mənəvi dəyərlər, demokratik dəyərlər, bir sözlə, Azərbaycanın dirçəlişinin nəzəriyyə və praktikasına bu dahi şəxsiyyətin verdiyi töhfələrin öyrənilməsi olduqca zəruri, vacib siyasi-fəlsəfi və mənəvi əhəmiyyət kəsb edir.

Heydər Əliyev tarixi hadisələrə elmi-nəzəri konsepsiya kimi baxmaqla onu siyasi reallıqlar kontekstində ümumiləşdirməyə və tətbiq etməyə üstünlük verirdi. Məhz bunun nəticəsi idi ki, milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmağı bacardı. Heydər Əliyevin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edir. Ulu Öndər müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına,  xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünərilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı. 

 

Heydər Əliyev Azərbaycanı təhlükələrdən xilas etdi

 

Dahi rəhbərin hakimiyyətdə olmadığı qısa bir zamana nəzər salsaq görərik ki, xalqımız bu müddətdə nə qədər ziyan çəkib, inkişafdan qalıb. Azərbaycanın müstəqillik tarixinin ilk illərinə diqqət yetirsək, müstəqil dövlətin qarşısında duran vəzifələrin heç də ardıcıllıqla və qətiyyətlə həyata keçirilmədiyinin şahidi olarıq. 1991-ci ildə və 1992-ci ilin birinci yarısında respublikaya rəhbərlik edən şəxslər dünyada və SSRİ-də gedən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyillərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa çalışanlarla bir mövqedə dayanır və nəyin bahasına olursa-olsun, Azərbaycanın bu dövlətin tərkibindən çıxmasına yol verməməyə cəhdlər göstərirdilər.

Müstəqillik yoluna qədəm qoymuş hər bir ölkə kimi, Azərbaycan üçün də öz daxili və xarici siyasət konsepsiyasını təxirə salmadan hazırlayıb onun həyata keçirilməsinə başlamaq aktual və taleyüklü vəzifə idi. Təəssüf ki, 1991-1992-ci illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Ermənistanın təcavüzü ilə yanaşı, Azərbaycanda daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmışdı. Respublikamızın daxilində qızğın hakimiyyət çəkişməsi gedirdi. Təbiidir ki, müxtəlif qüvvələrin özlərinə məxsus silahlı dəstələrdən istifadə edərək apardığı hakimiyyət mübarizəsi Azərbaycana böyük zərbələr vurdu.

Siyasi proseslərin bu cür qorxulu və ziddiyyətli gedişi respublika rəhbərliyinin Azərbaycanın müstəqilliyi haqqında 18 oktyabr 1991-ci il Konstitusiya aktı qəbul ediləndən sonra da müstəqil xətt yeritmədiyindən, ikiüzlü, qeyri-ardıcıl siyasət apardığından xəbər verirdi. Məhz o zamankı rəhbərliyin respublikanın real müstəqilliyi üçün əməli addımlar atmaması ağır problemlər yaratmışdı. 

Ülu Öndər Heydər Əliyev vaxtilə bu barədə demişdi: "...1992-ci ilin martından may ayına qədərki dövrdə də Azərbaycanın müstəqil dövlətçilik maraqlarından irəli gələn ardıcıl, düşünülmüş siyasət həyata keçirilmədi. Bu dövrdə Azərbaycanda başlanan hakimiyyət uğrunda silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə və onun sonrakı taleyinə çox ağır zərbələr vurdu. Azərbaycanın bu gün də həllinə nail ola bilmədiyi qlobal problemlər məhz həmin çoxhakimiyyətlilik və ondan sonrakı hakimiyyət çəkişmələri dövründə yaradılmışdır. Həmin dövrü bütövlükdə Azərbaycanın müstəqillik tarixinin ən ziddiyyətli, ziyanlı və təhlükəli dövrü hesab etmək olar. Cəmi bir neçə ayda müstəqil Azərbaycan dövlətinə elə zərbələr vuruldu ki, bunun təsirini həm indiki nəsil hiss edir, həm də gələcək nəsillər onlardan uzun müddət xilas ola bilməyəcəklər. 1991-1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət günü-gündən gərginləşirdi. Xocalı faciəsi baş verdi. 1992-ci il martın 6-da Mütəllibov istefaya getməyə məcbur oldu. Əsl hərc-mərclik dövrü başlandı. Həmin vaxt xəyanət nəticəsində Şuşanın təslim edilməsi, 1992-ci il may ayının 15-də o zamankı müdafiə naziri Rəhim Qazıyevin Silahlı Qüvvələrin kvotası ilə bağlı Daşkənddə imzaladığı xəyanətkar saziş bütün Azərbaycan xalqının və onun silahlı qüvvələrinin bu gününə və gələcəyinə ömürlük zərbə vurmuşdur. O dövrdə yüzlərlə belə hallar baş vermişdir."

Sonradan hakimiyyəti qəsb etmiş "AXC-Müsavat" cütlüyünün xəyanətkar əməlləri Azərbaycanın bir dövlət kimi varlığına təhdidlər yaratmışdı.  Bu cütlüyün antimilli mövqeyi və səriştəsiz fəaliyyəti ölkəmizi uçurumun bir addımlığına gətirmişdi. Məhz Heydər Əliyevin qüdrəti, gücü Azərbaycan dövlətini bu təhlükəli vəziyyətlərdən xilas etdi. Onun yorulmaz fəaliyyəti xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, müstəqillik uğrunda mübarizə əzmini və qətiyyətini  möhkəmləndirdi. Eyni zamanda Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi. Milli dövlətçiliyə əsaslanan, onun siyasi fəlsəfəsinin mayasını təşkil edən müstəqillik konsepsiyası  hazırladı. 

Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını dövlət müstəqilliyi, demokratiya, siyasi plüralizm, şəffaflıq, hüququn aliliyi və sosial ədalət təşkil edirdi. Bütün bunlara nail olmaq üçün ən vacib amil olan xalqın birliyi idi ki, o da pozulmuşdu. Dahi şəxsiyyət  bütün xalqı həmrəyliyə çağıraraq deyirdi: "Bunun üçün respublikada ümumxalq birliyinə nail olmaq lazımdır. Təəssüf ki, belə bir ağır dövrdə bəzi dairələr xalqı birləşdirmək əvəzinə, onu parçalamağa, ayrı-ayrı regionları, rayonları, kəndləri, hətta ayrı-ayrı şəxsləri belə bir-birinə qarşı qoymağa cəhd edirlər... Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır." 
Bu fikirlərin həyata keçməsi üçün ardıcıl və məqsədyönlü siyasət aparılaraq Azərbaycanda əsl vətəndaş cəmiyyəti quruldu, çoxsaylı ictimai təşkilatlar, partiyalar, müxtəlif fondlar və cəmiyyətlər yarandı, demokratiyanın inkişafı sözün həqiqi mənasında təmin edildi.

 

Prezident İlham Əliyev Ulu Öndərin yolunu layiqincə davam etdirir 

 

Azərbaycan inamla irəliləyərək demokratik inkişaf üçün zəruri olan təsisatlar və hüquqi baza yarada bildi. Respublikada müxtəlifyönlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyət göstərməsi, yüzlərlə mətbuat orqanının senzurasız, sərbəst nəşr edilməsi, özəl televiziya və radio kanallarının öz verilişlərini maneəsiz efirə çıxarması və sairə kimi hallar Azərbaycanda siyasi plüralizm, fikir azadlığı, demokratik mühit gələcək inkişafın təməli oldu. 
Ulu Öndər Heydər Əliyevin Yeni Əsr və Üçüncü Minillik münasibətilə Azərbaycan xalqına müraciəti zamanı dediyi sözləri xalq sevgi və məhəbbət hissi ilə gələcək inkişafının tezisləri kimi qəbul etdi. Ulu Öndər deyirdi: "Biz fəxr edirik ki, itirilmiş dövlətçilik ənənələrini XX əsrin sonlarında bərpa etmək fürsəti bizim nəslə nəsib olmuşdur. Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədi edilməsi hər birimizdən var-qüvvəsini sərf etməyi tələb edir. İnanıram ki, tarixin bir çox sınaqlarından ləyaqətlə çıxmış xalqım bu ali məqsəd uğrunda bütün imkanlarından lazımınca istifadə edəcək, müstəqil Azərbaycan dövlətinin bu günü və sabahının tam təminatçısı olacaqdır. İftixarla demək olar ki, Azərbaycanın XX əsrdə yaratdığı qüdrətli iqtisadi potensial, böyük mütəxəssislər ordusu xalqımızın ən ümdə amallarının həyata keçirilməsi üçün möhkəm baza, əlverişli zəmin rolunu oynayır." 
Bəli xalqımız böyük sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə var-qüvvəsini sərf edərək 200 ildən artıq cəkdiyimiz əziyyətlərə, məhrumiyyətlərə, mənəvi işgəncələrə son qoymağı bacardı. Təsadüfi deyil ki, bütün xalq cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamaqdan qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etmişdir. Prezident İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı Ulu Öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir. 
Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bu gün İlham Əliyev hakimiyyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyevin dövləti idarə etməsinin əsasını təşkil edir.
Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır. Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur. Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilmişdir. Təbii ki, bütün bu uğurlarda Prezident İlham Əliyev şəxsiyyətinin, liderlik qabiliyyətinin, qətiyyət və prinsipiallığının təkzibedilməz rolu var. Apardığı ədalətli və beynəlxalq hüquqa söykənən siyasətlə onu həm Avropada, həm də Şərqdə təcrübəli siyasət adamı kimi qəbul edir, hörmətini saxlayırlar.

 

Tarixi Zəfərimiz

 

Azərbaycan məhz özünün güclü ordusu və dövlət-xalq birliyi ilə beynəlxalq təşkilatların uzun illər ərzində həll edə bilmədiyi problemi özü həll etdi, düşməni cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndidə dövlət bayrağını ucaltmaqla Zəfər tariximizdə daha bir şanlı səhifə yazdı. Xankəndidə xalqa etdiyi müraciətində üçrəngli bayrağımızın ucaldılmasını tarixi hadisə adlandıran ölkə başçısı "Xalqımızın onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik" bəyanatını verdi.
Azərbaycan otuz illik erməni separatizminə son qoymaqla yanaşı, bu bəladan əziyyət çəkən xalqları və dövlətləri qəflət yuxusundan oyatdı. Bəli, Ali Baş Komandan İlham Əliyev 2003-cü il oktyabrın 15-də prezident seçildikdən sonra xalqımız qarşısında verdiyi vədlərin hamısına 20 il ərzində əməl etdi. Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərini həyata keçirməklə Azərbaycan xalqı nəhayət bütün ölkə ərazisində hüquqi hakimiyyətini bərpa etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, 30 il ərzində Qarabağ bölgəsində kök atan separatçı qondarma qurumu da əbədiyyən tarixin arxivinə göndərdi.
Bu proseslərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolunu da xüsusi qeyd etmək lazımdır.  Müharibə başlayandan bitənədək Ali Baş Komandan ilə birlikdə mübarizə aparan Mehriban xanım Əliyevanın  Vətən müharibəsinin ilk günlərində xalqa müraciətində ifadə etdiyi və hər birimizin ürəyini riqqətə gətirən sözlərini yada salmaq istəyirəm: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" 
Qəlbdən səsləndirilmiş bu müqəddəs dua və arzu 44 gün ərzində səngərdə döyüşən əsgərlərimizi daha da ruhlandıraraq onların döyüş ruhunu artırdı. Doğma Qarabağımız Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, müzəffər ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. Güclü iradəyə, qətiyyətə sahib olan, "Sözümüz imzamızdır" deyərək daim verdiyi vədlərə sadiq qalan Prezident İlham Əliyev 28 il işğal altında qalan torpaqlarımızın azad olunmasını təmin edib, regionda yeni reallıqlar yaratdı. Hətta Azərbaycanı sevməyən dünya ölkələri belə bu reallıqları qəbul etməyə məcbur oldular. 
İlham Əliyev bu gün təkcə müstəqil Azərbaycanın deyil, dünyada yaşayan 50 milyon azərbaycanlının Prezidenti, Lideri kimi qəbul edilir.

 

Zəfər seçkisi

 

Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni mərhələsinə hazırlaşır. Heç bir şübhə yoxdur ki, Azərbaycan dünyanı yeni inkişaf möcüzəsi ilə təəccübləndirə biləcək. 
Məlum olduğu kimi, Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezident İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.  
Gələn il fevralın 7-nə təyin olunan növbədənkənar Prezident seçkilərini Zəfər seçkisi də adlandırmaq mümkündür. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini tam bərpa etmiş halda seçki marafonuna başlayacaq. Müstəqillik tariximizdə bu, ilk dəfə olacaq. Prezident seçkiləri ölkəmizin bütün ərazisində, o cümlədən azad olunmuş ərazilərmizdə keçiriləcək. Biz bu uğura Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olmuşuq. 44 günlük Vətən müharibəsində düşməni tam kapitulyasiyaya uğradaraq ərazi bütövlüyümüzü bərpa etdik. Bu ilin sentyabr ayında bir sutkadan da az müddət ərzində keçirilən antiterror tədbirləri nəticəsində bütün ərazilərmizdə suverenliyimiz tam bərqərar oldu. Separatizm kitabı birdəfəlik bağlandı. Bununla da Azərbaycan həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıq fonunda növbədənkənar Prezident seçkilərinin təyin olunması tarixi Zəfər qazanan ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir.
Növbədənkənar seçkilərin keçirilməsində qeyri-adi heç nə yoxdur və  dünyanın siyasi praktikasında qəbul olunmuş siyasi təcrübədir. Bununla bağlı saysız-hesabsız faktlar sadalamaq mümkündür. Seçkilərin müəyyən səbəblərdən təxirə salınması və ya növbədənkənar keçirilməsi normal siyasi praktikadır. Məsələn, bu gün müharibənin davam etdiyi Ukraynada hərbi vəziyyətlə bağlı seçkilər təxirə salınıb. Bəzi hallarda isə seçki vaxtından əvvəl keçirilir və bu fakt vətəndaşların demokratik qaydada siyasi iradəsini göstərməsinə heç bir problem yaratmır. Azərbaycanda da seçkilər növbədənkənar keçiriləcək və vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. 
Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi Prezident İlham Əliyevin özünə inamının göstəricisidir. Qalib xalqın Qalib Prezidenti xalqın ona olan dəstəyindən əmindir. Xalqımıza tarixi Zəfər qazandıran, Şuşada, Xankəndidə, Ağdərədə, Xocalıda, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda üçrəngli bayrağımızı ucaltmaqla 30 illik torpaq həsrətinə son qoyan Müzəffər Ali Baş Komandana xalqımızın sevgisi, dəstəyi hədsizdir.  Bu gün öz doğma yurd-yuvalarına qayıdan insanların gözlərindəki sevinc Ali Baş Komandana xalq məhəbbətinin ən təbii göstəricisidir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azad olunmuş ərazilərdə də həyata keçirilən abadlıq-quruculuq işləri, artıq start verilən Böyük Qayıdış proqramı Prezident İlham Əliyevin strateji hədəflərə doğru inamla addımladığının təsdiqidir. Xalqımız ona tarixi Zəfər qazandıran Prezidentini bu seçkidə də təbii ki, fəal şəkildə dəstəkləyəcək, Ali Baş Komandanın gücünə güc qatacaq.
Hər seçkidə olduğu kimi bu dəfə də bütün siyasi qüvvələrə bərabər imkanlar yaradılacaq. Seçki Məcəlləsinə uyğun olaraq bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Ədalətli seçki şəraiti tam olaraq təmin edilir. 
Bir məqamı da vurğulayım ki, ölkəmizdə  siyasi partiyaların üzvlərinin reyestrləri, dövlət qeydiyyatına alınması prosesi yekunlaşıb. Növbədənkənar seçkilər bu prosesin yekunlaşmasından sonra reallaşdırılır. Bu fakt da təsdiq edir ki, bütün tərəflərə bərabər şərait yaradılır və ədalətli mübarizə aparmaq imkanı təmin edilir. Bu isə siyasi qüvvələr üçün çox unikal fürsətdir. Potensialı olan istənilən siyasi qüvvə ədalətli seçki mühitinin təmin edildiyi prosesdə iştirak etməkdə maraqlı olmalıdır. Bunun əksinə mövqe ortaya qoyanlar birmənalı şəkildə qərəzlidir və bununla minimum sayda elektorat potensialına malik olduqlarını təsdiqləyirlər. Əgər özlərinin iddia etdiyi kimi böyük potensialları və xalqdan dəstəkləri varsa, seçki prosesində iştirak etməkdə maraqlı olmalıdırlar. Bu, onlara iddialarını isbat etmək üçün əla imkandır.  Normal siyasi mübarizədən çəkinib qərəzçilik edənlər əslində bununla məğlub olacaqlarını etiraf etmiş olurlar. Cəmiyyətimiz həmin radikalların heç bir dəstəyinin olmadığını, xalqla onların arasında dərin uçurum olduğunu yaxşı bilir. Elə həmin qüvvələrin özləri də xalqın nəzərində etibarlarını çoxdan itirdiklərini və məğlubiyyətə məhkum olduqlarını yaxşı bilirlər.
Xalqımız ona tarixi Zəfər qazandıran Prezidentini bu seçkidə də fəal şəkildə dəstəkləyəcək! Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün müəyyən etdiyi yol uğur yoludur, Zəfər yoludur! Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizin bugünkü uğurlarını da dahi liderin siyasətinin ardıcıl surətdə həyata keçirilməsi ilə əlaqələndirir. Müzəffər Sərkərdənin yanaşmasında Heydər Əliyev ideyalarının universal xarakter daşıması onlara yaradıcı münasibəti mümkün və zəruri edir. Yeniləşən tarixi şəraitdə Azərbaycanın dinamik inkişafı, o cümlədən beynəlxalq aləmdə cərəyan edən proseslər və aktual çağırışlar ölkənin inkişaf konsepsiyasına yeni yanaşmaları qaçılmaz etmişdir. Dünyanın gedişatını dərindən təhlil edən Prezident İlham Əliyev hadisələrə və onların gələcək inkişaf perspektivlərinə münasibətdə yeni, orijinal yanaşmaların zəruriliyini ortaya qoymağı bacarır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, fəlsəfi dərinliyi və siyasi praqmatizmi ilə seçilən Heydər Əliyev ideyalarını yeni tarixi şəraitin tələblərinə uyğun şəkildə müasirləşdirmək və zənginləşdirmək vəzifəsini İlham Əliyev böyük bacarıqla həyata keçirməyə müyəssər olmuşdur. 
Ümummilli Lider Heydər Əliyevin başlatdığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycanı demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən, xalqını xoş gələcəyə aparan nurlu yoldur. 

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri