Azərbaycanın daha nurlu sabahları var!

Vətən müharibəsində Azərbaycan Ordusu mühüm qələbələr qazananda düşmən Gəncə­yə, Tərtərə, Bərdəyə raket zərbələri vururdu. Bu, Azərbaycan Ordusunun şəxsi heyətinin qələbə ruhunu azalda bilməzdi. Düşmənin dinc əhaliyə qarşı yönəldilən bu vəhşiliyi müharibəaparma şərtlərinə tamamilə zidd hərəkət adlandırılmışdı. Dünya mediasının bu şəhərlərə gələn nüma­yən­dələri erməniliyin mahiyyətini bu faktlara istinadən də şərh etmişdi.

Azərbaycan Respublikasının Prezidenti düşmənin niyyətinin azərbaycançılıqla müqayi­sə­də bir heçlik olduğunu vurğulamışdı. Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibənin əxlaq kodeksinə, nə də ümumiyyətlə heç bir mənəvi müstəviyə uyğun deyildi. Bu ifadənin dəqiq definisiyası “alçaqcasına hücum”dur. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdı.

Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində Gəncədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və digər ərazilərə hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

Azərbaycan Ordusu Zəfər qazandı. Ölkədə quruculuq işləri başladı. Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə, eləcə də Gəncəyə səfəri quruculuq işlərinin vüsət alacağının zəmanətidir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Gəncədə AZƏRTAC-ın müx­biri­nə müsahibə­sin­də Gəncə şəhərində əhalinin xidmətində dayanacaq müəssisələrin coğrafiyasının genişlən­di­yini qürurla bildirdi: “Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xid­mət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. Əlbəttə ki, “ASAN xidmət”in xüsusiy­yətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə biz xidmətin adını “ASAN” qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla növ­bə­də dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı. Ona görə mənim göstərişimlə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapılarını vətəndaşların üzünə açacaq”.

Gəncədə Dövlət Dram Teatrının yeni binasının açılışı, Idman Sarayının tikintisi şəhərin təkcə abadlaşdırılması istiqamətində görülən işlər haqda informasiya deyil, həm də Zəfərdən sonra görülən işlərin bilavasitə milli-mənəvi dəyərlərlə, gənc nəslin daha etibarlı səviyyədə sağlam formalaşması niyyəti ilə bağlılığının təzahürüdür.

Vətən mmüharibəsində erməniliyin dağıtdığı ərazidə Memorial Kompleksin təməli qo­yul­du. Ölkə başçısı bunun həm Vətən müharibəsinə, həm qazanılan Zəfərə, həm də şəhidlərin xatirəsinə böyük ehtiram olduğunu bildirdi. Müxbirin “... bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımı dayandırıldı, aradan qaldırıldı. Bu məsələni Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi dəyərləndirmək olarmı?” sualına Cənab Prezidentin cavabı istər Azər­bay­can mühitində, istərsə də dünya ictimaiyyətində diqqəti gerçəkliklərə yönəltdi: “Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiy­yə­tinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırıl­ma­sına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib…”. Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi hesabına inşa edilən Gəncə lokomotiv deposunun açılışında bildirildi ki, əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Yeni depo sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir. Gəncə lokomotiv deposu ABŞ, Almaniya, İngiltərə, Hollandiya, İtaliya, Türkiyə, Koreya Respublikası, Çin, Rusiya və bir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub. Həmçinin depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır.

Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Gəncə lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq.

Dövlət başçısının Gəncəyə səfəri xalqımızı bir qətiyyətin dönməzliyində də yaşatdı: “…biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”...

Hər birimiz bu dövlətin dövlətçilik əsgəriyik. Hansı vəzifədə işləməyimizdən, cəmiy­yət­də hansı mövqeyə malik olmağımızdan asılı olmayaraq. Azərbaycan Respublikasının Prezi­den­ti Cənab İlham Əliyevin Gəncəyə səfəri, bu səfərdə AZƏRTAC-ın müxbirinə müsahibəsi bizə də, Azərbaycanı sevənlərə də bir inam yaşatdı: Azərbaycanın daha nurlu sabahları var!

Səbinə XASAYEVA

Milli Məclisin deputatı

 

Milli Məclisin deputatı