“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi bu günlərdə Milli Məclisdə geniş müzakirə olunmaqdadır. Maliyyə naziri və Hesablama Palatası sədrinin təqdimatları zamanı ortaya qoyduqları real və iqtisadi əsaslandırmalar ötən il dövlət büdcəsindən səmərəli istifadə olunduğunu, burada bir sıra yeniliklərin tətbiq edildiyini deməyə əsas verir. Bütövlükdə, 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisə təqdim olunmuş hesabat əvvəlki illərlə müqayisədə daha yaxşı və daha çevikdir.
Belə ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4,0 faiz çox, dövlət büdcəsinin xərcləri 36457,9 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olmuşdur.
Ümumiyyətlə, 2023-cü il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda qlobal iqtisadiyyatın zəif bərpası, beynəlxalq ticarətin zəif artım tempi ilə xarakterizə olunur. Bütün bunlara baxmayaraq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri neft-qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artmış və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123,0 milyard manat təşkil etmişdir. Ötən ilin sonunda isə valyuta ehtiyatlarımız öncəki illə müqayisədə 17,1 faiz artaraq 68,5 milyard ABŞ dollarını ötmüşdür. Bu göstərici ÜDM-in 94,7 faizinə bərabər olmaqla, xarici dövlət borcunu təqribən 10,6 dəfə üstələyir.
Eyni zamanda, dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əldə edilən müsbət nəticələr diqqətəlayiqdir. Burada gəlirlərin 63.8 faizi, yəni 22464.5 milyon manatı məhz vergi və gömrük orqanları xətti ilə daxilolmaların payına düşür.
Əlavə olaraq, son illərdə neft hasilatında azalmanın qeydə alınmasına baxmayaraq, 2023-cü il dövlət büdcəsinin göstəricilərinə əsasən Azərbaycanda makroiqtisadi mühitdə müsbət dinamika, iqtisadiyyatda artım müşahidə olunmuş və bu artım tamamilə qeyri-neft sektorunun hesabına təmin edilmişdir. Təsadüfi deyil ki, son illərdə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi ilə bağlı görülən işlər daha da geniş vüsət almış, bu gün dövlət büdcəsində neft daxilolmalarından gələn gəlirlərin əvəzlənməsi prosesi uğurla və çox böyük həssaslıqla həyata keçirilməkdədir.
Hesabatda yer alan yeniliklərdən biri də övlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu xətti ilə şəffaf köçürmələrin, eləcə də xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləğinin qeyd olunmasıdır.
Xüsusi vurğulanası bir digər və vacib hesab oluna biləcək məqam isə 2023-cü ilin dövlət büdcəsində universal sənəd hesab etdiyimiz “2030 Gündəliyi”nin icrasından irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsi sahəsində görülmüş işlərin əks olunmasıdır. Belə ki, ölkə üzrə qəbul olunan dövlət proqramları və strategiyaları DİM-lərə uyğunlaşdırılmış, habelə bu istiqamətdə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edilmişdir.
Nəticədə, 2023-cü il üzrə son dərc edilmiş Dayanıqlı İnkişaf Hesabatına əsasən Azərbaycanın dünya DİM reytinqində regional orta göstəricidən (71,8 bal) 1,7 bal yuxarı performans sərgiləyərək 73,5 balla 166 ölkə arasında 53-cü yerdə qərarlaşması sözün əsl mənasında həm ölkəmiz, həm də bütövlükdə region üçün tərəqqidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən büdcə siyasətinin DİMlərlə yanaşı iqlim dəyişikliyi ilə bağlı prioritet, məqsəd və hədəflərlə uzlaşdırılması işi də həyata keçirilmişdir. Bu il ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etməsi, habelə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması qlobal çağırışlara, o cümlədən iqlim dəyişikliyi məsələsinə dövlət büdcəsinin icrasında xüsusi diqqət yetirilməsini labüd edir.
2023-cü ilin dövlət büdcəsinin icrasında hər bir azərbaycanlını qürurlandıran ən əsas bənd isə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı xərclərin, dirçəlməkdə olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qısa müddətdə ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı maliyyə təminatı prosesində həyata keçirilən nəzərəçarpacaq fəaliyyətin dəqiqliklə göstərilməsi oldu.
Ümumiyyətlə, dövlət büdcəsinin formalaşmasında monetar və fiskal siyasətlərin həssaslıqla icrası, makroiqtisadi sabitliyin təmin olunması ilə bağlı məsələlərin hesabatda yer alması Maliyyə Nazirliyi üçün qarşıya qoyulmuş prioritet istiqamətlərdən biridir. Bu, ölkə iqtisadiyyatının dayanıqlılığını təmin etmək məqasədilə mövcud reallıqda mühüm şərtlərdən hesab olunur.
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı