Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həllinə töhfəsi

Prezident İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir”

 Azərbaycan-Almaniya əlaqələri bütün sahələrdə yüksək səviyyədə genişlənib. İki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədə müntəzəm qarşılıqlı səfərlər vasitəsilə davam etdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Almaniyaya ilk rəsmi səfərinin nəticələri iki ölkə arasında əməkdaşlıq üçün daha böyük potensialın olduğunu bir daha təsdiqlədi. Səfər zamanı imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açıb. Ümumilikdə, bu vaxta kimi Azərbaycan və Almaniya arasında 80-dən artıq sənəd imzalanıb. Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, Prezident Frank-Valter Ştaynmayer, xarici işlər naziri Annalena Berbok və digər rəsmilərlə görüşləri zamanı ikitərəfli münasibətlərin perspektivlərini, o cümlədən Azərbaycan ilə Aİ arasında əlaqələri, Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirilməsini, Ermənistanla sülh danışıqlarını müzakirə ediblər. Almaniya rəsmiləri mühüm tərəfdaş kimi hər zaman Azərbaycana müxtəlif sahələrdə kömək etməyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev isə bəyanatında Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyini bildirib: “Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik”. İki ölkə rəsmilərinin keçirdiyi görüşlərdə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, sülhün əldə edilməsinin önəmi də  müzakirə mövzusu olub. Son illər Almaniya və Azərbaycan müdafiə, siyasi təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində uğurla əməkdaşlıq edir.

Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında mədəni əməkdaşlıq haqqında 1995-ci il 22 dekabr tarixli saziş bu sahədə hüquqi əsas yaradır. Bu sazişə əsasən, Azərbaycan-Almaniya Birgə Komissiyası yaradılıb. 2008-ci ildə Azərbaycan mədəniyyət mübadiləsinin ilk ilini Almaniyada keçirdi. Bu məqsədlə Azərbaycanın mədəniyyət və turizm nazirinin rəhbərlik etdiyi 120 nəfərlik nümayəndə heyəti Almaniyada səfərdə olub.

Prezident İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində də iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxışında deyib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir: “Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”. Bu İqlim Konfransında Prezident İlham Əliyevin iştirak etməsi Azərbaycanın qlobal problemlərin həllində aparıcı rol oynamasının əsas göstəricisidir. Çünki bu tədbir iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələrin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Konfransda qeyd edildiyi kimi Bakıda keçiriləcək konfransda 2025-ci ildən sonra da iqlimin maliyyələşdirilməsi əsas danışıqlar predmeti olaraq qalacaq. Azərbaycan isə COP29-a ev sahibliyi etməklə iqlim dəyişikliyi, yaşıl enerjiyə keçidlə bağlı bütün ölkələrin səylərini birləşdirməsinə nöbvəti töhfəsini verəcək.

Almaniya Azərbaycanın Avropada, Azərbaycanın isə Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşlarından biridir. Almaniya Azərbaycanla iqtisadi və mədəni əlaqələri genişləndirmək marağındadır. Azərbaycan Almaniyaya xam neft tədarük edən ən mühüm on ölkədən biridir. Əsas ixraca maşınlar, nəqliyyat vasitələri və komponentlər, dəmir və polad məmulatları və istehsal müəssisələri daxildir. Cənab Prezident bildirib ki, Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir: “Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək”. Son illər Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya bir sıra işgüzar səfərlər edib. İki ölkə arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının və “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Almaniyada keçirilən biznes forumlar ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir və münasibətləri yeni səviyyəyə qaldırır.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi