Azərbaycanın paytaxtı başqa şəhərə köçürülür? 

Paytaxtın Bakı şəhərindən ölkəmizin digər şəhərinə köçürülməsi məsələsi mütəmadi olaraq ictimaiyyətdə müzakirə olunur, hətta bununla bağlı, daha doğrusu Bakı şəhərinin nəqliyyat yükünün və insan sıxlığının azaldılması ilə bağlı təkliflər Parlament tribunasından da bir neçə dəfə səsləndirilmişdir. Lakin düşünürəm ki, bu məsələyə çox peşəkar şəkildə yanaşmaq lazımdır. Bölgələrimizdən əhalinin Bakıya miqrasiya etməsinin səbəbinin kökündə daha çox təhsil və məşğulluq məsələləri dayanır. Son illər bu miqrasiyanın qarşısını almaq üçün dövlətimiz tərəfindən iri miqyaslı layihələr həyata keçirilir.

Möhtərəm cənab Prezident İlham Əliyevin Fərmanlarına əsasən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində ötən illərdə regionlarda yüzminlərlə yeni iş yerləri açılmış, əhalinin sosial-iqtisadi, maddi rifahı və məşğulluğun artması səbəbindən bölgələrimizdən Bakıya insan axınını müəyyən qədər azalmasına nail olunmuşdur. Hazırda Vətən Müharibəsindəki parlaq Qələbəmizdən sonra işğaldan azad olunmuş bölgələrimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı, hansı ki, ölkəmizin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetlər sırasındadır, bu Proqram çərçivəsində artıq 60000 yaxın insanın həmən bölgələrdə məskunlaşıb. Bunların sırasında, daimi yaşamaq üçün köç etmiş əhali ilə yanaşı, Qarabağ Universitetində təhsil alan tələbə-müəllim heyəti, azad olunmuş şəhər,rayon və kəndlərimizin bərpasında çalışan insanlar, sahibkarlar və digər xidmət sahələrində çalışan insanlar var. Gördüyümüz kimi, miqrasiya proseslərinə həm regionlarımızın inkişafı, həm azad olunmuş torpalarımızda bərpa-quruculuq işlərinin kifayət qədər böyük təsiri var. 

Eyni zamanda paytaxdakı sıxlığı azaltmaq üçün düşünürəm ki, ilk addımlardan biri də iri universitetlərimizin Bakıdan bölgələrə, yaxın şəhərlərə köçürülməsi məqsədə uyğun olardı. Ümumiyyətlə bu prosess həm vaxt həm də böyük vəsaitlər tələb edir. Çünki universitetin yaradılması elmi-texniki baza ilə yanaşı həm də vacib infrastrukturun yaradılmasını nəzərdə tutur. Lakin məsələnin vacibliyini, eyni zamanda ölkə təhsilində son zamanlar nəzərə çarpan uğurların və yeni çağırışlara və təhsildə qlobal tələblərlə ayaqlaşmaq istəyini nəzərə alsaq, bu prosesə nə qədər tez başlasaq bir o qədər yaxşıdır. 

Digər təklif paytaxtımızın yol infrastrukturu ilə bağlıdır. Son illər bir çox sahələrdə olduğu kimi, bu sahədə də kifayət qədər inkişaf var, yeniliklər tətbiq olunur, ictimai nəqliyyatın xidmət səviyyəsini artırılması ilə bağlı işlər aparılır. Burada isə yuxarıda qeyd olunan məsələnin, universitelərin Sumqayıt və digər şəhərlərə köçürülməsi ilə bağlı konseptual yanaşmanı bu sahəyə cavabdeh olan qurumların birgə işləyib hazırlamaları məqsədə uyğun olardı. Çünki nəqliyyat-kommunikasiya, logistika və yol infrastrukturunun beynəlxalq standartlara uyğun olması bir çox sahələrə, o cümlədən daimi miqrasiya proseslərinə böyük təsiri var.  

Hesab edirəm ki, paytaxtımızda olan sıxlıqdan azad olunmaq üçün paytaxtın başqa şəhərə köçürülməsi çıxış yolu deyil. Bölgələrdə, kəndlərdə insanlarımız kənd təsərrüfatı ilə məşğulluğa maraq göstərməlidir. Kənd təsərrüfatına aid olan bütün sahələr üzrə cənab Prezident bir çox Fərman və Sərəncamlar imzalayıb. Kənd təsərrüfatı nazirliyi yanında müxtəlif Agentliklərin, Mərkəzlərin - nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki digər qurumlar bu sahənin inkişaf etdirilməsinə yönəlib və eyni zamanda dövlətimizin, cənab Prezidentin bu sahəyə göstərdiyi diqqət və qayğısından xəbər verir. Bunun üçün insanlarımız daha çalışqan olmalı, həm daxili bazarda həm xarici bazar üçün rəqabətqabiliyyətli və ekoloji təmiz qida yetişdirilməsində məşğulluğu artırmalıdırlar. 

Bu sırada regionlarda sahibkarlığa dəstək üçün yaradılmış KOB evlərinin fəaliyyətini də qeyd etmək istərdim. KOB Evlərinin Bakı, Xaçmaz və Yevlaxda fəaliyyət göstərməsi, sahibkarların işinə xeyli dərəcədə dəstək verilməsi ilə yanaşı eyni zamanda KOB Evi imkanlarının paytaxtda göstərdiyi xidmətlərin regionlarda göstərilən xidmətlərlə identik olması, bəzi hallarda daha geniş olması, bir daha regiondan Bakıya miqrasiyanın müəyyən dərəcədə qarşısını alır. 

Ümumiləşdirərək bir daha qeyd etmək istərdim ki, nəinki paytaxtın başqa şəhərə köçürülməsi, hətta bir küçənin adının dəyişdirlməsi dövlətə, vətəndaşlara böyük maliyyə xərcləri hesabına başa gəlir. Bu səbəbdən düşünürəm ki, kəndlərdə, regionlarda yaşayan əhalimiz Bakıya köçmək qərarından öncə yaşadıqları ərazidə dövlətimizin yaratdığı imkanları bir daha dəyərləndirib daha sonra qərar versinlər.

Keçmiş millət vəkili, siyasi ekspert Emin Hacıyev