NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri aparıcı aktorların, nüfuzlu beyin mərkəzlərinin və beynəlxalq medianın diqqət mərkəzindədir. Bakıda aparılan müzakirələrin gündəliyindən asılı olmayaraq, səfər faktının özü belə, bəzi dairələrin aşırı marağına, bəzilərinin isə ciddi narahatlığına səbəb olub. Əslində, parçalanmış dünyanın aparıcı subyektlərindən birini təmsil edən hərbi-siyasi blok rəhbərinin Cənubi Qafqaz səfəri bu qədər maraq doğurmasaydı, bu daha təəccüblü olardı.
Real siyasi mənzərə bundan ibarətdir ki, Cənubi Qafqaz son dörd ildə, heç vaxt olmadığı qədər, diqqət mərkəzindədir. Əvvəla ona görə ki, Azərbaycan böyük güclərin, keçmiş vasitəçilər üçlüyünün tarixi ədalətin bərpasına imkan verməyən səmərəsiz və məntiqsiz 28 illik fəaliyyət planını alt-üst etdi, ədalətin bərpasına savaş meydanında özü nail oldu. Azərbaycan aparıcı aktorların bir çoxuna sübut etdi ki, geosiyasi proseslərin hərəkət trayektoriyası onların iradə və mövqeyindən nə qədər asılı olsa da, bəzən coğrafi baxımdan böyük olmayan dövlətlər də dünya düzəninə yenilik gətirə bilir. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə ilə yanaşı, həm də bu cür tarixi istisnalardan birinə imza atdı. Prezident İlham Əliyev artıq qlobal siyasətə təsir etmək gücündə olan Cənubi Qafqaz gerçəkliyinin mahiyyətini XI Qlobal Bakı Forumunda belə ifadə etdi: “Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var... Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək... Məhz buna görə son 3-4 il ərzində Azərbaycanda baş verənlərin təkcə lokal xarakter daşıyan bir məsələ olmadığını deyirəm. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir”.
Dövlətimizin başçısı Bakı Forumundakı çıxışı zamanı bir məqamı da xüsusi vurğulayaraq qeyd etdi ki, bütün münaqişələrin həlli beynəlxalq hüquq normalarına söykənməli və subyektiv maraqların deyil, ədalətin təntənəsinə xidmət etməlidir. Azərbaycanın tarixi Zəfər təcrübəsi həm də onu sübut etdi ki, aparıcı aktorlardan bəziləri dəyişən coğrafiyaların, fərqli etnik və dini mənsubiyyət amillərinin təsiri altında ayrı-seçkilik edib ədalətin təntənəsini yubada bilsələr də, bəzən uğurlu istisnalar da baş verir və hərbi yol uzunsürən münaqişənin yeganə həlli mexanizminə çevrilir. Prezident İlham Əliyev Azərbaycanın imza atdığı bu gerçəklikdən çıxış edərək, NATO Baş katibinin iştirakı ilə mətbuata belə bir açıqlama verdi: “Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik”. Baş katib Yens Stoltenberqin mövqeyi isə Azərbaycan Prezidentinin həmin açıqlaması ilə tam üst-üstə düşdü. O, öz yanaşması ilə faktiki etiraf etdi ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıq geosiyasi proseslərə təsir edən faktorlardan biri kimi Alyans üzvləri tərəfindən diqqətə alınır. Ona görə də Baş katib əldə olunacaq sülhün yalnız regionun deyil, kənar coğrafiyanın da təhlükəsizliyində əhəmiyyətli rol oynadığını xüsusi qeyd etdi: “Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir”.
Şübhəsiz ki, Bakıdan verilən bəyanatlar dünyanı daha çox parçalamaq istəyənlərin də, dünya nizamını və sabitliyi bərpa etmək arzusunda olanların da diqqət mərkəzindədir. Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunda səsləndirdiyi birmənalı bəyanatını NATO Baş katibi ilə görüşündə bir daha təsdiq etdi, bununla həm Ermənistana, həm də onun himayədarlarına növbəti dəfə bu mesajı verdi: “Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq... Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”.
Təəssüf ki, Ermənistanı militarizasiya yoluna sövq edənlər, onu intensiv qaydada silahlandıranlar, separatçı xunta rejiminin tör-töküntüləri ilə İrəvanda gizli görüşlər keçirərək onlara boş ümid verənlər, qərəzli bəyanat və qətnamələrlə Azərbaycanı hədəf seçənlər Cənubi Qafqazın sülh gündəliyini bu gün də təhdid edir, nəyin bahasına olursa-olsun Zəfər ovqatımızı pozmağa çalışırlar. Amma əminəm ki, onlar da Prezident İlham Əliyevin martın 18-də Xankəndidə etdiyi Novruz təbrikini, xüsusilə, Prezidentin bu mesajını eşitdilər: “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası-dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.
Həqiqətən də Novruz tonqalının hərarəti tarixən çox güclü olub, ona xor baxanları və bəd niyyətlə yaxınlaşanları həmişə yandırıb-yaxıb. Novruzun gəlişinə ürəkdən sevinənlərə isə yalnız sevinc və hüzur, rahatlıq və əmin-amanlıq gətirib. Ümid edək ki, Novruz bayramının sülhə və dinc yaşayışa çağırış edən humanist mahiyyətini Ermənistan da anlayacaq, Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarında tarixən haqsız olduğunu gec-tez başa düşəcək. Bunun belə olması üçün Novruz və Zəfər ovqatımızı pozmaq istəyənlərə fürsət verməməliyik, həm daxildə, həm də xaricdə, xüsusilə Türk dünyası çoğrafiyasında tarixi birliyimizi bəd niyyətlərdən hamılıqla qorumalıyıq. Məhz bu niyyətlə Qələbə ovqatında keçirdiyimiz Novruz bayramımız mübarək, tarixi Zəfərimiz əbədi olsun!
Ülvi Quliyev
Milli Məclisin deputatı