Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər Qoşulmama Hərəkatının beynəlxalq nüfuz qazanmasına təkan verib
Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanması və beynəlxalq münasibətlər sistemində rolunun artırılması istiqasmətində ciddi fəaliyyət göstərir. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi bu fəaliyyətin nəticəsidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə bu Hərəkatın inkişafı üçün ciddi səylər göstərib. Xüsusən bu dövrdə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu artıb. Qoşulmama Hərəkatı artıq mühüm beynəlxalq platformaya çevrilib. Bu platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb, həmrəylik və sıx birlik daha da möhkəmlənib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin böyük səyləri və təşəbbüsləri nəticəsində olub. Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqları naminə cənab Prezidentin praktiki fəaliyyəti sayəsində ciddi irəliləyişlər əldə olunub. Azərbaycan, xüsusən Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının inkişafı üçün qlobal təşəbbüslər irəli sürülüb. Cənab Prezidentin irəli sürdüyü təşəbbüslər Qoşulmama Hərəkatının inkişafına və beynəlxalq nüfüz qazanmasına təkan verib. Prezident İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında növbəti dəfə bir sıra təkliflərlə çıxş edib: “BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir”.
Qoşulmama Hərəkatının prinsiplərindən olan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüzkar hərəkətlərdən çəkinmək, digər ölkələrin daxili məsələlərinə müdaxilə etməmək, birgə sülh şəraitində yaşamaq bu gün də aktualdır. Cənab Prezident də çıxşında Qoşulmama Hərəkatı adından müstəmləkəçi və təcavüzkar ölkə olan Fransanı bu əməllərindən çəkinməyə çağırış edib: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq…Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
Fransa tarixə müstəmləkəçi ölkə olaraq düşüb. Özünü hegemon dövlət olaraq aparan Fransa tarixdən qalan təcavüzkarlığını davam etdirərək yenə də işğalçı siyasət yürdür. Bu azmış kimi Ermənistan kimi təcavükar və işğalçı ölkəni dəstəkləyir. Əslində, bu gün beynəlxalq birlik Fransaya qarşı ayağa qalxmalı, tarixi iyrənc əməllərindən əl çəkmək üçün bu ölkə ilə mübarizə aparmalıdır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı çəçrivəsində ilk dəfə bu haqda beynəlxalq aləmə çağırış edib. Yeri gəlmişkən, Azərbaycan tərəfindən irəli sürülən növbəti mühüm beynəlxalq təşəbbüs minaların təmizlənməsi ilə bağlıdır. “Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Qoşulmama Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir”,-deyə Prezident İlham Əliyev zirvə görüşündə bu təklifini səsləndirib.
Qoşulmama Hərəkatı ölkələri Azərbaycana tam etimad göstərir. Üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür. İnanırıq ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycan Prezidentinin zirvə görüşündə postpandemiya dövrü üçün qlobal təşəbbüslərini dəstəkləyəcəklər.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent